Avstraliyalı senatoru Malayziyadan deportasiya etdilər
17 Fevral 2013 14:06
Kuala-Lumpur şəhərinin hava limanında Malayziyanın immiqrasiya xidmətinin əməkdaşları tərəfindən saxlanılan Avstraliya Senatının üzvü Nik Ksenofon vətəninə qayıdıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, avstraliyalı senator seçkilərə hazıqlıqla əlaqədar olaraq, Malayziyanın seçki komissiyasının üzvlərilə görüşmək üçün bu ölkəyə gəlib. O, həmçinin, nazirlərdən və ölkənin aparıcı müxalifət partiyalarından biri Ədalət Xalq Partiyasının lideri Ənvər İbrahimlə görüşməyi planlaşdırıb.
Lakin Kuala-Lumpur şəhərinin hava limanının immiqrasiya xidmətinin əməkdaşları avstraliyalı senatoru ölkəyə buraxmayıblar və nəticədə Nik Ksenofon iki gün aeroportda gözləyən təyyarədə qalıb. Bu gün isə vətəninə geri dönüb.
Bir müddət öncə avstraliyalı senator Malayziyada 27 iyunda keçiriləcək seçkilərlə bağlı tənqidi çıxışlar edib və bildirib ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdıracaq.
Melburna qayıdan senator jurnalistlərə bildirib ki, onun Malayziyadan deportasiyası haqqında qərar ən yüksək səviyyədə verilib.
"Bir sözlə, mənə dedilər ki, mən Malayziya xalqının düşməniyəm və ölkənin təhlükəsizliyinə təhdid yaradıram", - deyə senator vurğulayıb.
Milli.Az