Azərbaycan şagirdləri beynəlxalq müsabiqədə iştirak edəcəklər

15 Fevral 2013 16:36
Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Trend-ə bildirib ki, müsabiqə http://bebras.org/ saytı ilə onlayn keçiriləcək.

Müsabiqənin məqsədi şagirdlərin informatikaya marağını artırmaqdır. "Bebras" müsabiqəsi ötən il Avstriya, Kanada, Estoniya, Fransa, Macarıstan, Yaponiya, Litva, Polşa, Sloveniya, İsveçrə, Ukrayna, Bolqarıstan, Çexiya, Finlandiya, Almaniya, İtaliya, Latviya, Niderland, Slovakiya, İsveç, Tayvanda keçirilib. Bu il isə Azərbaycan, İsrail, Rusiya, Kipr Respublikası, ABŞ, Böyük Britaniya, İspaniya da bu müsabiqəyə qoşulub.

Sadıqov deyib ki, müsabiqə bütün ölkələrdə eyni vaxtda başlayacaq və şagirdlər elan edilmiş vaxtda onlara təqdim edilən tapşırıqları həll etməlidirlər. Müsabiqə internetə çıxışı olan məktəblərin kompüter siniflərinin bazasında və ya uşaqlarda internetə çıxışı olan şəxsi kompüter olduğu halda keçirilir.

Nazirlik rəsmisinin sözlərinə görə, şagirdlərin müsabiqədə iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Müsabiqədə orta məktəblərin 1-11-ci sinif şagirdləri, eyni zamanda, peşə təhsili müəssisələrinin şagirdləri iştirak edə bilərlər. Nəticələr hər yaş qrupu üzrə ayrıca aparılır. Sadıqov deyib ki, aktiv məktəblərin informatika müəllimləri bu müsabiqə barədə məlumatlandırılıblar.

Şöbə müdiri ötən il bu müsabiqənin noyabr ayı ərzində keçirildiyini xatırladıb.

Milli.Az