Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə qarşı reyd keçirib

13 Fevral 2013 20:40
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları şəhərdə görməni məhdudlaşdıran vasitələrdən istifadə edən, sürət həddini aşan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçiriblər. Reydlər şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında həyata keçirilib.

Pərdə və plyonkalardan, görməni məhdudlaşdıran vasitələrdən istifadə etdiyinə görə reyd zamanı 30-a yaxın sürücü barəsində inzibati qaydada protokollar tərtib edilib.

Bundan başqa səsgücləndirici qurğulardan istifadə edərək, sürət həddini aşan, sənədləri qaydasında olmayan sürücülər də saxlanılıb. Avtomobillərin konstruksiyasında dəyişiklik edilən sükan sahibləri Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparılıblar. Onların barəsində protokol tərtib edilib.

Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Bakir İsmayılov: "Reyd əsasən, sürətlə bağlıdır və yol ayrıcını keçmə qaydasını pozan sürücülərlə bağlıdır. Belə sürücülərə qarşı da ciddi mübarizə aparılır. Pərdə və plyonkalı avtomaşınlar İnzibatı Xətalar Məcəlləsinə uyğun olaraq 155.2.4 maddəsi ilə 50 manat cərimə edilir". Barəsində protokol tərtib edilən sürücülərə tövsiyə edilib ki, sənədlərini qaydaya salsınlar və növbəti dəfə bu cür nöqsanlara yol verməsinlər. Onlardan bir çoxu kamera qarşısına keçməkdən imtina etsə də, bəziləri görülən tədbirləri müsbət qarşılayıblar.

Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları qaydaları pozan sürücülərə qarşı reydləri mütəmadi olaraq davam etdirəcək. Bu kimi hallara növbəti dəfə yol verən sürücülər isə ciddi qaydada cəzalandırılacaq.

Milli.Az