Acı həqiqət, yoxsa şirin yalan

13 Fevral 2013 17:14
Yalan danışmaq adi hal kimi qəbul olunsa da, hər zaman həqiqəti deyən insanlarla ünsiyyətdən qaçırlar. Psixoloqlar hesab edirlər ki, belə adamlarda psixoloji problemlər müşahidə olunur. Onlar özlərini saxlaya bilmir və ətrafdakılar barədə həqiqəti düz onların üzünə deyir.

Bu sindromdan əziyyət çəkən adamlar heç nədən çəkinmədən fikirlərini açıq bildirirlər. Misal üçün onlar adama "yaman köksüz", "siz necə də çirkinsiz", "sizə bu rəng heç yaraşmır", "siz mənim heç xoşuma gəlmirsiz", "necə də ağılsızsız", "həyat yoldaşınız sizi aldadır", "yaxşı ki, bunlar sizin başınıza gəldi" kimi sözlər deyə bilərlər. Əksəriyyət isə belə adamları sevmir. Ona görə ki, çoxu acı həqiqətdənsə şirin yalana daha tez inanır. Psixoloq Jalə Həmidovanın sözlərinə görə, öz pis və tənqidi fikirləri ilə bölüşməsinə baxmayaraq, belə adamların heç də hamısı pis insan deyillər:

"Onların da arasında pis və yaxşı insanlar var. Lakin belə insanlar hamıya yaxşılıq etsələr belə, onlarla ünsiyyətdən qaçırlar. Hər zaman düz danışan adamlarla ilk tanışlıq zamanı ünsiyyət belə dözülməz olur. Onlarla ünsiyyət insana psixoloji cəhətdən mənfi təsir göstərir. Nadir hallarda onlarla tanışlığı davam etmək istəyənlər tapılır. Adətən belə adamların əhatə dairəsi ailəsi və qohumlarından ibarətdir. Özgə adamlara onları başa düşmək, qəbul etmək çətindir".

Həqiqət qurbanları öz problemlərini anladıqda belə qarşısını ala bilmirlər. Onlar düşünür ki, həqiqəti bilmək istəməyən, onun daim yalan danışmağını istəyən tanışlar, dostlar və ya sevgili lazım deyil. İnsanlarla ədalətli olmaq, onlara yalnız həqiqəti demək lazımdır. Bundan yaxşı nə ola bilər ki? Hətta özlərini dəyişdirmək istədikləri təqdirdə belə onlar bunu bacarmırlar. Həqiqət barədə susmaq onlar üçün bağlı qəfəsdə qalmaq kimi bir şeydir. Lakin belə adamların üstün cəhətləri də var. Onlar qeybət etmir, hər şeyi insanın üzünə deyirlər. Onlara etibar etmək olar.

Psixoloq onu da qeyd edib ki, nədənsə belə insanlar müsbət məqamlar barədə söz açmaq əvəzinə insanın başına gələn xoşagəlməz hadisələri və onların xasiyyətlərinin mənfi xüsusiyyətlrini, görünüşlərindəki eybəcərlikləri deməyi xoşlayırlar. Əslində onlar pis niyyətli olmasalar da yalan danışmağı və ya susmağı bacarmırlar. Bu səbəbdən də onlar daim başqaları ilə mübahisə edir və əksəriyyət tərəfindən sevilmirlər.

Çoxlu dost, tanışa sahib olmaq, düzgün ünsiyyət qurmaq üçün isə əslində insanlar bir çox məsələlər barədə susurlar. Əgər insan ətrafdakılar barədə düşündüyü hər şeyi desə o, digərlərində xoşagəlməz təəssürat oyadacaq. İnsanlar daha çox müsbət emosiyalar yaradan insanlarla ünsiyyət qurmağa üstünlük verirlər. Söhbət zamanı bir-birinə xoş sözlər demək çox vacibdir. İnsan xoş sözlər eşitdikcə qarşısındakı adamla ünsiyyət qurmağa can atacaq. Ona görə ki, insanlarda psixoloji olaraq təriflənməyə, xoş sözlər eşitməyə meyl var.

Lakin xoş söz deyən zaman həddini bilmək, həqiqətə uyğun gəlməyən sözlər də demək lazım deyil. Ona görə ki, yalançı tərifi yalnız kiminsə yaltaqlanmağını xoşlayan adamlar qəbul edir.

Müsahibimiz nəzərə çatdırıb ki, həqiqəti deyənlərdən hamı qaçır. Ona görə ki, belə adamlar onların fikirlərini, həyata baxışlarını dəyişdirə bilərlər. Dəyişmək isə çətin olduğundan insanlar onların fikirlərini dəstəkləyən insanlarla ünsiyyət qurmağa can atırlar: "Həm də insanlar özləri barədə tənqidi informasiya eşidən zaman yaranan mənfi emosiyalarla bacara bilmirlər. Mənfi emosiyanı qəbul etmək çətin olduğu üçün insanlar onları yaralayan həqiqəti dərk etmək istəmirlər. Hər nə desələr də adamlar acı həqiqəti bilmək istəmirlər".

Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

Ekspress.az