Muarem Muarem: "Çoxlu qol şanslarımız olsa da, dəyərləndirə bilmədik"
11 Fevral 2013 15:09
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ" ilə oyunundan (1:1) sonra Azerisport.az saytının suallarını cavablandırıb.
- Qəbələdəki oyun haqda nə deyə bilərsiz?
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. "Qəbələ"nin bəzi oyunlarını izləmişdik. Hətta mən onların Türkiyədəki "Steaua" ilə görüşünü də izləmişdim. Rəqibimiz hazırda çox yaxşı formadadı. Amma buna baxmayaraq, onlara qarşı yaxşı matç keçirdik. Heç nədən qol buraxdıq. Çoxlu qol şanslarımız olsa da, dəyərləndirə bilmədik. Lakin penaltidən də olsa, hesabı bərabərləşdirə bildik.
- Sizcə, "Qarabağ" bu oyunda qələbəyə layiq idi?
- Bəli. Amma futbolda heç də həmişə yaxşı oyun sərgiləyən qazanmır. Heç-heçə də belə bir rəqiblə görüş üçün pis nəticə deyil.
- Sizə elə gəlmir ki, qarşısına çempionluq hədəfi qoyan komanda bu qədər xal itirməməlidi?
- Premyer Liqada qızıl medallara iddialıların sayının çox olduğunu nəzərə alsaq, bu, o qədər də pis hesab olunmamalıdı. Təbii ki, qələbə seriyasına başlamağımız daha yaxşı olardı. Amma Qəbələdə oynamaq həmişə çətin olub. Özü də rəqibimiz çox güclü legionerlər alıb. Bundan sonra "Qəbələ"yə qarşı oynamaq istənilən komanda üçün daha da çətin olacaq. Biz çoxlu xal itkilərinə rəğmən, hələ də üst pillələrdə qalmaqdayıq. Əgər çempion olmaq istəyiriksə, hər oyuna final matçı kimi yanaşmalıyıq.
- Cavab qolundan sonra sanki oyununuzda bir durğunluq yarandı. "Qarabağ" heç-heçəyə də razı idi?
- Ondan sonra daha iki qol epizodumuz oldu. Sadəcə, ola bilsin ki, komanda ehtiyatlı oynamağa başladı. Amma "Qarabağ" həmişə hücum futbolu sərgiləyib.
- Siz bu oyunla çempion olmaq istəyirsiz?
- Düzdü, "Qarabağ" hələ çempionluğa layiq oyun sərgiləmir. Amma unutmayın ki, bu, bizim qış fasiləsindən sonrakı ilk oyunumuz idi. Mövsümün sonuna kimi belə oynayası deyilik. Hələ bacardığımız futbolu göstərə bilməmişik. Növbəti turlarda daha yaxşı futbol sərgiləyəcəyik.
- Öz oyununuz haqda nə deyə bilərsiz?
- Fikrimcə, "Qəbələ"yə qarşı heç də pis oyun sərgiləmədim. Yaxşı hazırlaşmışam, özümü hazır hesab edirəm. Amma komandama daha çox fayda vermək istəyirəm.
- Üç turdan sonra altılıq oyunları başlayır. "Qarabağ" final mərhələsinə neçənci pillədə yollanmaq istəyir?
- Birinci pilləyə qalxmaq istəyirik. Amma minimum vəzifəmiz liderlərlə bərabər səviyyədə qalmaqdı. İstənilən halda əsas mübarizə altılıqda gedəcək. "İnter"lə oyunumuzdan çox şey asılı olacaq.
Milli.Az