Güzəştli ipotekaya güzəşt - ARAŞDIRMA
6 Fevral 2013 19:08
Xəbər verdiyimiz ki, ölkə prezidentinin fərmanı ilə güzəştli ipoteka bir ailə üçün 50 min manata qaldırıldı. Qeyd edək ki, bundan öncə güzəştli ipotekanın həcmi 35 min manat idi. Onu da deyək ki, ötən ilki dövlət büdcəsində vətəndaşlara güzəştli ipoteka kreditləri verilməsi üçün ümumilikdə 20 milyon manat nəzərdə tutulmuşdursa, bu il sözügedən vəsaitin məbləği 40 milyon manat olacaq. Prezidentin son fərmanı ilə həm də hərbçilərin əksəriyyəti güzəştli ipoteka kreditindən istifadə hüququna malik oldular. Yəni adi hərbçilər belə güzəştli ipoteka kreditinə müraciət etmək hüququ aldılar.
Qarabağ əlilləri və jurnalistlər də güzəştli kateqoriyaya salınsın
İqtisadçı-ekspert Vüqar Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, güzəştli ipotekanın, həcminin bir ailə üçün 50 min manata çatdırılması ailələrin istədikləri mənzili almaq imkanlarını daha da artırır: "İlk dəfə güzəştli ipoteka kreditinin verilməsindən 6 il keçir, yəni 6 il əvvəl 35 min manata mənzil almaq mümkün idisə, indi bu qiymətə mənzil tapmaq çətinləşib. Bu baxımdan məbləğin artırılması güzəştli kateqoriyaya daxil olan ailələrin mənzil almaq imkanlarını daha da artıracaq. Kiçik bir hesablama aparsaq, görərik ki, 2013-cü ildə güzəştli ipoteka kreditindən istifadə edərək mənzil problemini həll edəcək vətəndaşların sayı təxminən minə yaxın olacaq. Təbii ki, bu, mənzil probleminin həll edilməsi baxımından sosial təminata ehtiyacı olan vətəndaşların mənzil probleminin həll edilməsi baxımından əhəmiyyətlidir".
V.Bayramlının fikrincə, güzəştli ipoteka kreditinin artırılması mənzil bazarında qiymətlərin qalxmasına səbəb olmayacaq: "2013-cü ildə güzəştli ipoteka kreditləri üçün ayrılan 40 milyon manat mənzil bazarında tələbatın kəskin olaraq artmasına imkan vermir. Eyni zamanda, nəzərə alaq ki, 50 min manat məbləğ ev almaq üçün uyğun olsa da, bu, Bakının birinci, ikinci zonalarında deyil, üçüncü, dördüncü zonalarında mənzil alınmasına imkan verir. Buna görə də üçüncü, dördüncü zonalarda ciddi olmayan qiymət artımı müşahidə edilə bilər.
V.Bayramlı hesab edir ki, gələcəkdə güzəştli kateqoriyaya daxil olan əhali təbəqəsini artırmaq lazımdır: "Düşünürəm ki, güzəştli ipoteka kreditlərindən istifadə edənlərin kateqoriyasına yenidən baxılması və artırılmasına ehtiyac var. Məsələn, buraya Qarabağ əlillərini, uzun müddət jurnalistika sahəsində çalışan qələm adamlarını da aid etmək olar. Amma təbii ki, bunun üçün meyarların işlənib hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, güzəştli ipoteka krediti alan insanların təbəqəsini genişləndirmək mümkündür. Amma bu, kifayət qədər həssas məsələdir. Çünki bunun həyata keçirilməsi üçün birmənalı şəkildə vəsaitin artırılmasına ehtiyac var. İndiki halda vəsaitin artırılması arzuolunan deyil".
Qiymətlər qalxmayacaq
"Əmlak Bazarı İştirakçılar" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı hesab edir ki, sosial ipotekaların həcminin artırılması daşınmaz əmlak bazarında ciddi dəyişikliyə səbəb olmayacaq. Ekspert bizimlə söhbətində bu sahədə araşdırma apardıqlarını da qeyd etdi: "Biz hesablama aparmışıq ki, daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklərin olması üçün vətəndaşlara verilən ipoteka kreditlərinin həcmi bütövlükdə 200 milyon manatdan çox olmalıdır. Eyni zamanda, mənzillərlə yanaşı, digər daşınmaz əmlak, qeyri-yaşayış sahələri, yəni torpaq sahələri də sosial ipotekaya daxil olmalıdır. Nəzərə alaq ki, ilkin bazarla bağlı problemlər hələ də qalmaqdadır, yeni tikililərdə sənəd problemi olduğundan, bu mənzilləri girov qoyaraq almaq mümkün deyil. Düşünürəm ki, mənzil bazarındakı qiymət artımını ipoteka kreditlərinin verilməsi ilə bağlamaq düzgün deyil. Amma növbəti aylarda güzəştli ipoteka kreditlərinin verilməsi təkrar mənzil bazarında aktivlik yaradacaq, amma bu, nəzərəçarpacaq dərəcədə olmayacaq".
Köklü dəyişikliyə ehtiyac var
İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, güzəştli kateqoriya üçün verilən ipoteka kreditinin həcminin 35 min manatdan 50 min manata qaldırılmasının ipoteka şərtlərinin yüngülləşdirilməsi istiqamətində atılan addım kimi müsbət dəyərləndirilməlidir: "Bu insanların kreditə əlçatanlılığını daha bir addım artırır. Amma bu addım ümumilikdə ipoteka bazarının canlandırılmasında nəzərə çarpacaq dəyişikliyə səbəb olmayacaq. Çünki ipoteka kreditləşməsi sahəsində olan əsas, köklü problemi həll edə bilməyəcək. Köklü problem insanların kreditə əlçatanlılığıdır. Şərtlərin ağırlığı ucbatından bu gün gənclərimizin çoxu ipoteka kreditindən istifadə edə bilmir".
S.Əliyev bu ildən ümumilikdə veriləcək ipoteka kredirlərinin həcminin artırılmasının təqdirəlayiq olduğunu, amma gələcəkdə bunun daha da artırılmasına ehtiyac olduğunu dedi: "Azərbaycanda kreditləşmə üçün verilən resurs həddindən artıq az olduğundan insanlar krediti əldə etməkdə çox çətinlik çəkirlər. Sosial ipoteka kreditinin verilməsinə başlandığı 2006-cı ildən bəri 11 min ailə güzəştli və adi ipoteka krediti ilə mənzil ala bilib. Bu da o deməkdir ki, il ərzində 1500 ailə ipoteka kreditindən yararlanır. Müqayisə üçün deyim ki, hər il nikaha girən ailələrin sayı 70 min, bəzən hətta 90 min civarında olur. Ailə quranların da təxminən 20-30 mininin evə ehtiyacı var. Bunlardan da cəmi 1500 ailəyə sosial ipoteka krediti verildiyindən tələbat təklifi dəfələrlə üstələyir".
Güzəştli və adi ipotekanın şərtləri
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən gənc ailənin üzvü şəhid ailəsinin üzvləri, Milli Qəhrəmanlar özləri, yaxud ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olanlar istifadə edə bilərlər.
Adi ipoteka krediti alan zaman isə ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Borcalanın və onun ailəsinin saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır.
Onu da deyək ki, adi ipoteka krediti götürmək istəyənlər 8 faizlə maksimum 50 min manat, güzəştli kateqoriya isə 4 faizlə maksimum 50 min manat götürə bilərlər. İlkin ödəniş adi ipotekada 20, güzəştli ipotekada isə 15 faizdir. Kreditin götürülməsinin maksimal müddətinə gəlincə, adi ipotekada 25, güzəştli ipotekada 30 ildir.
Kaspi.az