Hollivudun son hiti - FOTO
31 Yanvar 2013 17:31
Hit Lecer hələ çox işlər görəcəkdi. Onda olan istedad, əzm və xarizma hələ çox maraqlı rollar vəd edirdi. Baxmayaraq ki, Hitin xarici görünüşü onu ancaq "romantik gənc" ampluasına salırdı, lakin Lecer cəngavər olmağı arzulayan oğlandan qızların qəlbini fəth edən Kazanovaya qədər, öz vətənini canı bahasına qoruyan vətənpərvərdən eybəcər simalı Cokerə qədər - müxtəlif rollar ifa etdi. 10 illik qısa bir zaman çərçivəsində bu qədər rəngarəng rollar ifa etmək hər kəsə qismət olmur. Amma o, bu missiyanın öhdəsindən uğurla gəldi.
Hitkliff Endryu Lecer 4 aprel 1979-cu ildə Avstraliyanın qərbində yerləşən Pert şəhərində doğulub. Valideynləri oğullarına Emili Brontenin "İldırımlı aşırım" romandakı baş qəhrəmanın adını qoyur. Ailəsində aktyor olmayıb. Kempbell adlı Şotland qəbilələrindən olan anası Selli Lecer Bell fransız dili müəlliməsi, Pertin ən məşhur ailələsindən çıxan atası Kim Lecer isə dağ mühəndisidir. Hitin 10 yaşı olanda valideynləri ayrılır və o anası ilə qalır.
Anası onu Qolford məktəbinə yazdıranda oğlunun necə istedadlı olduğunu hələ bilmirdi. Hit idmanla bərabər məktəb teatrında göstərilən tamaşalarda aktyor kimi çıxış edir və rəqslə də məşğul olurdu. Amma o teatra daha çox diqqət edir və rollarına məsuliyyətlə yanaşırdı. Hitin yaratdığı ilk ciddi obraz Piter Pendir. 15 yaşında olarkən məktəb aktyor komandasının rəhbərliyini öz üzərinə götürərək, aktyorluq sənətinin arxasınca getməyə qəti qərar verir. Bu onun həyatında güvənlə atdığı ilk addım idi və yanılmadığına da əmin idi.
17 yaşında ikən Perti tərk edərək arzuların reallaşdığı Sidney şəhərinə gedir. Bu şəhərdə kino karyerasını qura biləcəyinə inanır. Burada ilk rolunu gənc idmançılardan bəhs edən "Tər" adlı serialda alır. "Klounada" filmindəki epizodik rolunu nəzərə almasaq ikinci önəmli rolu "Evdə və yolda" serialı idi ki, onu daha da irəliyə apararaq qarşısında yeni imkanlar açır. Yeniyetmələrin həyatından danışan "Qara qaya" filmindəki baş rolundan sonra isə ABŞ-a dəvət alır.
"Mən hələ də 6 yaşlı uşağam. Lakin insan özü istəsə böyüyə də bilər. Evdən çıxıb ABŞ-a yollandığım anda, uzun bir yolun başında olduğumu anladım. Artıq böyümək zamanı idi", Hit Lecer
Hit Lecer ABŞ-a gələrək, burada yeniyetmələr üçün bir neçə filmə çəkilir. Ən uğurlusu isə "Nərilti" serialı olur. Onun ardınca "Pəncələr" filmində rol alır. O illərdə Hit "Nərilti" serialının çəkimləri zamanı tanış olduğu aktrisa Liza Zeynlə (aktyor Billi Zeynin bacısı) eşq macərası yaşayır. Amma bu uzun sürmür. Onlar tez ayrılırlar. Lakin Hit bilirdi ki, belə tanışlıqlar onun həyatında hələ olacaq.
Lecer daim yeni pillələrə qalxmağa can atırdı. Hollivudda özünə ciddi bir imic yaratmaq istədiyindən, artıq dəvət aldığı filmlərə diqqət yetirir.
1999-cu ildə Hit "İki əl" qara komediyasında, sonra isə "Nifrətimə 10 səbəb" filmində çəkilir. İkinci film onu Hollivudda çox məşhurlaşdırır. Üstəlik Hit, 100 000 dollarlıq ilk ciddi qonararını alır, film isə MTV Movie Awards-ın "ən yaxşı musiqili epizod" kateqoriyasında namizəd olur. Hit anlayırdı ki, kino təkcə pul qazanmaq vasitəsi deyil, uşaqlıqdan arzuladığı kimi özünü aktyor kimi doğrultmalıdır. Ona görə də bu rollarından sonra Lecer "yaraşıqlı gənc"dən uzaqlaşaraq daha ciddi obrazlara meyllənir və Roland Emmerixin "Vətənpərvər" filmində Mel Gibsonla birlikdə rol alır. Bu filmə görə o "Blockbuster Entertainment Award" mükafatına layiq görülür və dünya şöhrəti qazanır.
"Mənim xüsusi oyun texnikam yoxdur. Heç vaxt belə şeylərə inanmamışam. Aktyorluqda qanun-qayda olmur. Mən ancaq instinklərimə arxalanıb oynayıram", Hit Lecer
Bu illərdə onun şəxsi həyatında da dəyişiklik baş verir. Lizadan ayrılan Hit özündən 9 yaş böyük aktrisa Hizer Qremlə görüşməyə başlayır. Lakin iki ildən sonra Hizerlə də yolları ayrılır. Qarşıda Hiti daha böyük sevgilər və uğurlar gözləyir.
"Cəngavərin hekayəsi" filmi Hiti təkcə Hollivud ulduzları ilə bir sıraya qoymur, həm də ona 3 000 000 dollarlıq ciddi qonorar gətirir. Filmdəki öpüşünə görə isə MTV mükafat namizədlərinin arasına düşür. Rol aldığı "Bədheybətlərin bal gecəsi" filmi isə 2002-ci ildə "Oskar" mükafatına layiq görülür. Həmin ildə çəkilən "Hörümçək adam" filminin rejissoru Sem Reymi baş rolda Hiti görmək istədiyini israrla bildirsə də aktyor, komiksləri çox sevmədiyini bəhanə edərək bu filmdən imtina edir. Eyni zamanda digər dəvətləri dəyərləndirərək, "4 lələk", "Kelinin dəstəsi" və "Əmr" adlı filmlərdə qəliz və maraqlı obrazlar yaradır. 2002-2004-cü illərdə "Kelinin dəstəsi" filminin çəkilişləri zamanı tanış olduğu Naomi Uottsla uzun müddətli eşq yaşayır. Adları mətbuatın ilk səhifələrindən düşmür. Həmçinin paparazzi və Hollivud ulduzları haqqında şou xəbərlərin də sevimli cütlüyünə çevrilirlər. Lakin iki il ərzində dəfələrlə ayrılıb barışsalar da 2004-cü ildə tamamən ayrılmağa qərar verirlər.
Aktisa Naomi Uotts: "Gözəl münasibətlərimiz cəmi iki il davam etdi. Hit sevinc, əyləncə və sevgi dolu bir insan idi. Onun həqiqətən də zərif ürəyi vardı. O, mənim həyatımda böyük iz qoydu".
2005-ci ili Hit Lecer karyerasının pik nöqtəsi saymaq olar. Həmin il onun iştirakı ilə dörd film böyük ekranlara çıxır - "Qrimm qardaşları", "Doqtaun kralları", "Donqar dağ" və "Kazanova". Maraqlıdır ki, yaratdığı obrazların biri-birindən tam fərqli olmağına baxmayaq Hit onları özünəməxsus şəkildə, lakin təkrarsız ifa edib.
Prodüser, rejissor, ssenarist, aktyor Terri Gilliam: "Onun görkəmi çox yaraşıqlı idi. Yadımdadır, Monika Beluççi "Qrimm qardaşları" filminə çəkilməyə gələndə, Hitin şəkili asılan qrim otağına girdi və şəkil onun diqqətini cəlb etdi. Monika onunla tanış deyildi. İnanmıram ki, kim olduğunu da bilirdi, amma o fotoya yaxınlaşdı və diqqətlə Hitin şəklinə baxdı. Lecerin bax belə cazibəsi var idi".
Hitin bu illərdə çəkildiyi uğurlu filmlərindən biri kovboy-biseksual obrazını yaratdığı "Donqar dağ"dır. Filmdə onun tərəf müqabili isə sonradan yaxın dostuna çevriləcək Ceyk Cillenholdur. Film ən yaxşı öpüş nominasiyasında MTV, 3 "Oskar", 4 "Qızıl Qlobus"mükafatlarına layiq görülür. Həmçinin Venesiya film festivalından "Qızıl şir"lə qayıdır. Hit Lecer özü də bu filmdəki roluna görə "Oskar" başda olmaqla bir çox mükafatlara namizəd olur. Bu onun üçün artıq bir göstərici idi.
"Kazanova" filmi isə Hit Lecerə tamam başqa bir populyarlıq gətirir. Əslində, "cazibədar məşuq" görkəmi olmayan aktyorun Kazanova obrazını canlandırmağı əks təsir də yarada bilərdi. Lakin Hitin xarizması, şarmı, baxışları, xüsusilə də, gülüşü və aktyorluq qabiliyyəti rejissor Lasse Hallströmu peşman etmədi. Film uğur qazana bildi.
"Donqar dağ" filminin Kanadadakı çəkilişləri zamanı Lecer aktrisa Mişel Uilyamsla tanış olur. Bu onun şəxsi həyatında dönüş nöqtəsi idi. Sonralar Hitin dünyasında Mişelin rolu çox böyük olacaq. Cütlüyün 2005-ci il 28 oktyabr tarixində qızları Matilda Rouz Lecer dünyaya gələcək. Matildanın xaç atası Hitin yaxın dostu aktyor Ceyk Cillenhol, xaç anası isə aktrisa və ssenarist Byüzi Filippsdir.
"Övlad insanın həyatını bütünlüklə dəyişir. Əlbəttə ki, çox qurbanlar verirsən, amma müqabilində daha çoxunu alırsan. Bəzən ölümə hazır olduğumu hiss edirəm, həyatımı isə qızım davam etdirəcək", Hit Lecer
2006-cı ildə "Kendi" adlı Avstraliya filmində və Bob Dilandan bəhs edən "Mən burada yoxam" adlı filmlərdə rol alır. 2007-ci ildə "Empire Magazine" jurnalının sorğusu əsasında "Dünyanın 100 ən seksual ulduzu" siyahısına düşür.
2007-ci ildə Hit Lecer onu sevənlər və kino tənqidçiləri qarşısına tamam fərqli bir ampluada çıxır. O "Avstraliya" filminə aldığı dəvəti rədd edərək, Betman haqqında çəkilən "Qara cəngavər" sikvel filmindəki Coker roluna razılıq verir.
Operator Nikola Pekorini: "Hit ilk dəfə mənim yanıma Coker obrazında gələndə dedim: "Aman Allah! Hit, onlar səni qovacaqlar!" O isə cavab verdi : "Ola bilər, amma mən bu rolu ancaq bu qrimlə oynayağam". Nəhayətdə, oynadı. Sadəcə, kinostudiyalar mümkün olanın sərhəddinə dirənən şeylərdən qorxurlar. Hit isə həmişə təzyiq edirdi. Bu onun xasiyyəti idi - sərhədləri məhv etmək".
Rejissor Kristofer Nolan: "Hit öz qəhrəmanını çox dərindən öyrənərək onun danışıq tərzini dəfələrlə məşq edirdi və bunu personajın ən önəmli xarekterik cizgisinə çevirirdi. Çətin bir səhnəni çəkirdik. Bu səhnənin çəkimlərinə iki həftə ayırmağı nəzərdə tutmuşduq. Həmin gün çəkiliş saatı artıq bitmişdi. Amma Hit çəkilişi dayandırmaq istəmirdi. Ağlına müxtəlif hərəkətlər gəlirdi, qorxurdu ki çəkilişin davamı sabaha qalsa, bu jestləri, bu mimikaları edə bilməyəcək. Çəkiliş heyəti isə yorulmuşdu və işləri artıq yekunlaşdırmaq istəyirdi. Amma Hitə görə məcbur olub gecəyə qədər işlədilər. Mən sonra xəbər tutdum ki, həmin gecə Hit çəkiliş meydanından gedərkən hər bir işçi ilə şəxsən görüşüb, sakitcə minnətdarlığını bildirib. Çox düşüncəli adam idi".
Bu dönəmlərdə Hit artıq Mişeldən ayrılmışdı. Çox depressiv, ağır günlər yaşayırdı. Amma çəkiliş meydanında şəxsi həyatını bir kənara qoyub obrazını canlandırırdı.
"Qara cəngavər" filmində Coker rolunda
Coker roluna görə Hit "Oskar", "Qızıl Qlobus", MTV mükafatı, BAFTA, "Corc" və "Saturn" mükafatlarına layiq görüldü. Lakin bu mükafatların heç birini səhnəyə çıxaraq almaq ona qismət olmadı. Çünki 22 yanvar 2008-ci ildə Hit Lecer Manhettendəki evində ölü tapıldı.
Meyityarma ölüm səbəbini aşkarlaya bilmədiyindən, əlavə toksikoloji ekspertizaya ehtiyac görüldü. Lecerin ölüm səbəbi rəsmi sənədlərdə ağrıkəsici (həmçinin, narkotik analgetiklər), yuxugətirici dərmanlar və trankvilizatorların yaratdığı kəskin intoksikasiya kimi göstərilir.
Lecerin ölümü ilə bağlı başqa bir fərziyyə də mövcuddur. Deyilənlərə görə, onun ölümündə satanistlərin əli var. Belə ki, Hit Lecerin son rolu Coker əslində Betmanin antipodu deyil, əksinə, onun "eqo"sudur. Satanist-prodüserlər belə filmləri istehsal edərək qaranlıq dünyanın personajlarını müsbət kimi göstərib insanlara şüuraltı təsir edirlər. Hit Lecer ABŞ kinoindustriyasındakı bu struktur və obrazlar haqqında geniş kütləni məlumatlandırmaq, əyləndirici blokbasterlərin iç üzünü göstərmək fikrində idi. Lakin bunu həyata keçirə bilmədi, çünki həmin prodüserlər ona bu imkanı vermədilər. Lakin Hitin ölümünə bu cür yanaşma hələ ki, fərziyyə olaraq qalır.
Aktyorun cəsədi dəfn üçün Avstraliyaya göndərilir. 2008-ci ilin 9 fevralında o, vəsiyyət etdiyi kimi qrimlənir və Pertdə dəfn edilir. Aktyorla vidalaşmağa 5000-ə yaxın adam gəlir.
Aktrisa Mişel Uilyams:"Matilda ağaclarla pıçıldaşanda, heyvanları qucaqlayanda anlayıram ki, Hit haradasa yanımızdadır. Ondan qalan ən yaxşı xatirə - qızımdır".
Həyatının son aylarında Hit Lecer Avstraliyalı aktrisa və model Cemmi Uordla görüşürdü. Amma bu birlikdəlik onu depressiyadan və özünə qapanmadan xilas edə bilmirdi.
"Əlbəttə ki, mənə "ölüm" kəlməsi xoş gəlmir. Əgər mən doğurdan da gənc ölsəm, ümid edirəm ki, xatırlanacaq qədər iş görmüşəm. Amma bəzən hər şeydən yorulanda, bezəndə, təsəvvür edirəm ki, Marsda oturub Yerə baxıram. O zaman heç bir kədər, ağrı, qorxu hiss etmirəm. Anlayıram ki, özüm heç kiməm və problemlərimdə göründüyü qədər böyük deyil", Hit Lecer
"Qara cəngavər" filmindəki bir səhnə Hit Lecer ve Kristian Beyl müharibəsinin hələ davam edəcəyinə işarə edirdi. Coker başı aşağı halda Betmenlə danışarkən deyir: "Bizim səninlə bu mübarizəmiz sonsuzluğa qədər davam etməlidir". Bu ifadə filmin davamının olacağına bir işarə idi. Lakin, Hitin ölümü onu bu müharibədə məğlubiyyətə uğratdı.
Prodüser Çarlz Roven: "Mən Londonda IMAX ekranında Hite "Qara cəngavər"in ilk 6 dəqiqəsini göstərdim. Dedim ki ona: "Sən buna mütləq baxmalısan. Axı hələ özünü Coker obrazında böyük ekranda görməmisən." O diqqətlə baxdı və çox həyəcanlandı, bir daha baxmaq istədiyini dedi. Baxmayaraq ki, IMAX lentini fırlamaq 15 deqiqə çəkir, amma biz ona yenə bank yarma səhnəsini göstərdik. Bu onunla son görüşümüz idi".
Hit Lecer ikinci aktyordur ki, ölümündən sonra "Oskar" mükafatına layiq görüldü. Birinci, 1976-cı ildə avstraliyalı Piter Finç olmuşdu.
Lecer ölümqabağı "Həkim Parnasın xəyalı" adlı filmə çəkilirdi. Filmin yarıdan çox hissəsi Hitin iştirakı ilə artıq çəkilmişdi. Çəkilişləri əvvəldən başlamaq mümkün deyildi. Ona görə də yaradıcı heyət bir hiylə işlədir. Süjetə əsasən Hit Lecerin qəhrəmanı Toni həkim Parnasın sehirli güzgüsündən çıxır. Rejissor bundan sonra Toninin xarici görkəmini dəyişdi. Bu obrazı Conni Dep, Kolin Farrell və Cud Lou canlandırır.
Aktyor Conni Depp: "Baxmayaraq ki, bu filmə gəlmə hekayəm ağır itki ilə bağlıdır, amma Hitin rolunu davam etdirmək mənim üçün şərəfdir. O yeganə aktyor idi ki, nəfəsini kürəyimdə hiss edirdim. Onun, "ey, hamınız çəkilin! Mən gəlirəm!" - deyən bir görünüşü və istedadı var idi."
Prodüser, rejissor, ssenarist, aktyor Terri Gilliam: "Hitə yaxın olan hər kəs onun nələrdən keçdiyini bilirdi. O qızını dəhşətli dərəcədə çox sevirdi. Ondan ayrı qalmaq Hit üçün çox çətin idi".
"Bir şeyi özümə daim xatırladıram : hamının sənin haqqında nə dediyindən bütün problemlərdən, çətinliklərdən asılı olmayaraq həyatı yalnız ürəklə yaşamaq lazımdır. Mən əvvəllər də belə idim. Belə qalacam və hər zaman dəyər verdiyim də bu olacaq", Hit Lecer
Son günlərində Hit ölümü tez-tez xatırlayırdı. Sakit, qayğısız ölüm arzuladığını deyirdi. Bəzən də cümlələri "əgər mən gənc yaşlarımda ölsəm..." ifadəsi ilə başlayırdı. Bir tərəfdən ölümə hazır olduğunu deyir, digər tərəfdən hələ çox işlər görməli olduğunu anlayırdı. Lakin Hitin istedadı və bacarığı bu qısa zaman çərçivəsində tam üzə çıxmadı. O, imkansızı imkanlı edə biləcək gücə malik idi.
Təssüf ki, onun bu gücünü artıq heç kim görə bilməyəcək.
Həqiqətən də, "Hit Lecer - Holivudun son hiti" idi.
Cineline.az
Böyütmək üçün şəkillərə klikləyin.







