Sənədsiz adamları yığdılar, güllələdilər, yandırdılar

25 Yanvar 2013 16:14
Şahidlərin dediklərinə görə, Mali əsgərləri əsl cəlladlıqla məşğuldurlar.
Vəziyyət Fransanı da təşvişə salıb.

Milli.Az France 24-ə istinadən bildirir ki, Fransanın müdafiə naziri Jan-İv Le Dren alınan məlumatların yoxlanacağını deyib.

"Fransa prezidenti Fransua Olland malili hərbçilərin çox diqqətlə davranacaqlarına ümid edir. Çünki məsələ malili hərbçilərin nüfuz və ləyaqət məsələsidir", - nazir deyib.

AP agentliyinin reportyoru ilə danışan malili şahidin dediyinə görə, Sevare şəhərində malili hərbçilər "antiterror əməliyyatı" zamanı bir küçənin sakinlərini avtobus dayanacağına yığıblar. Bu şəxslər arasında sənədləri olmayanlar ayrılıb, bir qədər kənara aparılaraq güllələniblər. Əsgərlər sonra cəsədləri quyuya ataraq yandırıblar.

Eyni şəhərdə başqa bir qrup sakin isə dərilərinin rəngi qara yox, açıq olduğu üçün "gəlmə" sayılaraq güllələnib.
Mali İnsan Haqları Cəmiyyətinin sədri Muhtar Marikonun dediyinə görə, islamçılardan azad edilən şəhərlərdə malili əsgərlər əsasən tuareqləri və ərəbləri vəhşicəsinə işgəncələrə məruz qoyandan sonra öldürürlər.

Milli.Az