MHŞT-nin Azərbaycanda tətbiqinə dair memorandumu imzalamış şirkətlərin sayı artıb
24 Yanvar 2013 18:50
Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, "Qoşulma aktı"nı imzalamaqla "UGE-LANCER PTE. LTD" şirkəti memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə 17-ci hesabatda 2012-ci il üzrə Azərbaycan hökumətinə ödənişləri barədə məlumat verəcək.
2004-cü il noyabrın 24-də 21 yerli və xarici hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən memorandum imzalanıb. Sonradan digər yerli və xarici hasilat sənayesi şirkətləri həmin memoranduma qoşulub və beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair memorandumu imzalamış şirkətlərin sayı 32-yə çatıb.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
Milli.Az