Germanwings qəzası: ikinci pilot adının “yadda qalacağını" deyib

28 Mart 2015 19:52

Fransanın Alp dağlarında 150 adamın ölümünə səbəb olmuş təyyarə qəzası törətdiyi iddia edilən ikinci pilot sabiq rəfiqəsinə "sistemi dəyişəcək" addım atacağını deyib. Bu barədə Andreas Lubitz-in sabiq rəfiqəsi Almaniyanın Bild nəşrinə danışıb.
 

"Mən bir gün elə bir şey edəcəm ki, bütün sistemi dəyişəcək və hamı mənim adımı bilib yadda saxlayacaq", - ötən il pilotun rəfiqəsinə dediyi bildirilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, 4U 9525 reysi ilə Barselonadan Düsseldorfa uçan "Lufthansa"ya məxsus Germanwings şirkətinin təyyarəsi Fransanın Alp dağlarında martın 24-də qəzaya uğrayıb.
 

2014-cü ildə 5 ay ərzində cənab Lubitz-lə uçuşlara çıxan 26 yaşlı təyyarə bələdçisinin qəza barədə xəbər tutarkən şoka düşdüyü deyilir.

Cənab Lubitz qəzanı qəsdən törədib, "çünki o, səhhətilə bağlı problemlərə görə, Lufthansa-nın uzun məsafələrə pilotu və uçuş kapitanı işləmək arzusunun praktiki olaraq mümkünsüzlüyünü başa düşürdü".
 

26 yaşlı xanıma əsasən Andreas Lubitz bəzən gecə vaxtı "biz düşürük" deyib yuxudan oyanarmış.

Cümə günü Almaniya prokurorları bildiriblər ki, Andreas Lubitz əzab çəkdiyi xəstəliyin təfərrüatlarını şirkət rəhbərliyindən gizlədirmiş.

Onlar həmçinin deyiblər ki, pilotun hərəkətlərinin arxasında dini və ya siyasi motivlərin durduğunu göstərən dəlillər yoxdur, həmçinin o heç bir intihar məktubu qoymayıb.
 

Bir neçə il əvvəl baş vermiş ciddi hadisədən sonra aviasiya qurumu tərəfindən pilotun şəxsi işinə müntəzəm dəyərləndirilməni tələb edən tövsiyyə daxil edilib.

Bild internet nəşri 2009-cu ildə baş vermiş ciddi depressiya epizodu ilə bağlı diaqnozdan sonra cənab Lubitz-in 1 il yarım ərzində müalicə olunduğunu yazır.

Bundan əvvəl almaniyalı pilotun motivlərini müəyyən etməyə çalışan polis onun evində axtarış apararkən "mühüm dəlil"in aşkar olunduğunu deyib.

Aşkar edilmiş "qara qutu"nun audioyazıları göstərir ki, kapitan kabinədən kənarda ikən cənab Lubitz təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb.

Cümə axşamı "Lufthansa" şirkətinin rəhbəri, intensiv təlim keçən 27 yaşlı pilotun "uçuşa 100 faiz" hazır olduğunu və onu "dəhşətli addım"a sövq edən motivlər barədə heç bir izahata malik olmadığını deyib.
 

Carsten Spohr deyib ki, 6 il əvvəl Lubitz-in təlimləri qısa müddətə dayandırılsa da, "namizədin uyğunluğunun yenidən təsdiqləndikdən" sonra o məşğələlərə bərpa olunub.

Alman polisi bəyanatla cənab Lubitz-in Düsseldorfdakı mənzilində və Montabaur şəhərində onun valideynlərilə birlikdə yaşadığı evdə aparılan axtarışdan sonra çıxış edib.
 

Hər iki yerdən bir neçə əşyanın müsadirə edildiyi bildirilir. Hərçənd ki, polis onların nə olduğunu dəqiqləşdirməyib.

Polis sözçüsü Markus Niesczery "The Daily Mail" qəzetinə bunları deyib: "Biz elə bir şey tapmışıq ki, indi analiz edilməlidir. Biz hazırda bunun nə olduğunu deyə bilmərik, lakin bu, əslində nəyin baş verdiyini göstərən əhəmiyyətli dəlil ola bilər".

Bu arada rəsmilər Andreas Lubitz-in ölkənin xüsusi xidmətlərinə məlum olmadığını deyib.

Hadisədən sonra bir neçə hava şirkəti uçuş vaxtı kabinədə ən azı iki pilotın olmasını nəzərdə tutan qaydanın tətbiq ediləcəyini vəd edib.

Pilotlar tərəfindən bilərəkdən törədilmiş başqa hadisələrdən bəziləri bunlardır:
 

29 noyabr, 2013: Mozambik və Anqola arasında uçan təyyarənin qəzaya uğraması nəticəsində 33 nəfər həlak olub. İlkin təhqiqat göstərib ki, qəza təyyarənin kapitanı tərəfindən, köməkçi pilotun kabinəni tərk etdiyi vaxtda bilərəkdən törədilib.
 

31 oktyabr 1999: EgyptAir hava şirkətinin Boeing 767 təyyarəsi Nyu Yorkdan qalxdıqdan 30 dəqiqə sonra sürətlə yerə düşərək 217 sərnişinin həyatına son qoyub.

Təhqiqatın ehtimalına görə qəzanı bort mühəndisi bilərəkdən törədib. Lakin araşdırmanın nəticəsi qəti olmayıb.
 

19 dekabr 1997: İndoneziyadan Sinqapura uçan Boeing 737 təyyarəsinin qəzaya uğarması nəticəsində 100-dən artıq adam həlak olub. Təhqiqatın nəticələrində deyilirdi ki, "işlə bağlı çoxsaylı çətinlikləri" olan pilot "qara qutu"nun yazı cihazını dayandırıb və bilərəkdən təyyarəni yerə salıb.

Milli.Az