“Google”dan Azərbaycana qarşı növbəti təxribat

12 İyul 2010 17:33
Məlumat üçün deyək ki, bu sayt vasitəsilə dünyanın istənilən nöqtəsinə virtual səyahət etmək olar. Rus dilində mövcud olan saytın səyahət proqramı "Google Planeta Zemlya" adlanır. Sayt vasitəsilə planetin istənilən nöqtəsində olan ərazilərə, yaxud onların hansısa hissəsinin fotolarına, yerli xəritələrə baxmaq olar.

Adətən dəqiqliyə riayət edən bu saytda Azərbaycanın iki rayonu və bir kəndi Ermənistan ərazisi kimi göstərilib. Bunlar Naxçıvan Muxtar Respublikasının Ordubad və Sədərək rayonları, həmçinin Nehrəm kəndləridir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu fakt onlara məlumdur və artıq "Google"un rəhbərliyinə etiraz bəyanatı da göndəriblər. O.Gündüzün sözlərinə görə, ümumiyyətlə "Google"da Azərbaycana qarşı bu cür saxtakarlığın baş verməsi ilk dəfə deyil. Yanlışlıqlar onların, eyni zamanda müvafiq rəsmi qurumların müdaxiləsindən sonra aradan göürülüb.

Azərbaycan İnternet Forumunun rəhbərinin sözlərinə görə, "Google"un bir neçə xidməti var. Onlardan bəziləri əsasən hazır xəritəni yerləşdirirlər. Belə olan halda təhrif faktına görə onlar məsuliyyət daşımır. Ancaq sırf "earth.google.com" saytı yerləşdirdiyi xəritəni özü tərtib edir. Buna görə də məlum faktla bağlı etiraz bəyanatı məhz "Google"un rəhbərliyinə göndərilməlidir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirib ki, onlarda bu faktla bağlı hər hansı məlumat yoxdur: "Belə bir faktı ilk dəfə sizdən eşidirəm. Biz araşdırarıq. Lazım gəlsə, rəsmi etiraz məktubu da göndəriləcək".

/ANS PRESS/