Müdafiə naziri: "Ermənistan öz ərazisində Rusiya RLS-in yerləşdirilməsinin əleyhinə olmazdı"

18 Yanvar 2013 15:18
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistanın ərazisində Rusiya RLS-in yerləşdirilməsinə qarşı olmazdı. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" yazır.

"Bu, hər bir dövlətin daxili məsələsidir. Biz bütün prosesi izləyirdik və gördük ki, danışıqlar çərçivəsində qarşılıqlı anlaşma əldə olunmadığı üçün Qəbələ RLS dayandırıldı", - nazir cümə günü 2012-ci ilin yekunları üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi və Silahlı Qüvvələri RLS-i harada quraşdırmaq və yerləşdirməyi özləri həll etməlidirlər.

"Əgər söhbət bizim razılığımızdan və ya narazılığımızdan gedirsə, biz bunun əleyhinə olmazdıq", - Ohanyan deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.

Milli.Az