Belə işdə çalışmaq istərdiniz?
18 Yanvar 2013 12:31
Lakin sosial şəbəkələrə qısa müddətli vaxt sərfini iş sisteminə çevirənlər də var.
Milli.Az The Next Web-ə istinadən bildirir ki, ABŞ və dünyanın ən böyük mobil rabitə, habelə telekommunikasiya şirkətlərindən olan Verizon-un menecerlərindən birinin bütün gününü sosial şəbəkələrdə keçirərək milyonçu olduğu üzə çıxıb.
Korporasiyanın baş ofisinin texniki servis xidməti kompüter şəbəkəsində problemlər aşkarlayandan sonra VPN şəbəkəsini yoxlayıb.
Nəticələr şirkət rəhbərliyini şoka salıb.
Məlum olub ki, hər ay 100 min dollardan artıq gəlir əldə edən menecerlərdən biri vaxtını sosial şəbəkələrdə gəzişmək və pişik videolarına baxmağa sərf edirmiş.
"Bob" kimi göstərilən, əsl adı açıqlanmayan menecer şirkətin proqram təminatı departamentində işləyirdi.
O, ofisdə çalışmaq əvəzinə, verilən tapşırıqları gizlicə anlaşdığı çinlilərə, daha doğrusu, Çinin Lyaonin vilayətindəki Şenyan şəhərindəki kompüter proqramlaşdırması şirkətinin əməkdaşlarına yollayırdı.
Çinlilər də C++, Java, Python, Ruby kimi proqramlaşdırma dillərində proqramları hazırlayır, sonra da VPN vasitəsilə Boba yollayırdılar.
Bob da gəlirinin 20 faizini çinlilərə verirdi.
Verizon rəhbərliyindən xəbərsiz həyata keçirilən "iş" nəticəsində Bob milyonçu olub.
Bobun ofisdə gündəlik iş rejimi isə belə idi:
09.00: Ofisə gəliş. Reddit-də bir neçə saat "gəzişmək", pişik videolarını seyr etmək.
11.30: Nahar yeməyi
13.00: Ebay-da satışa çıxarılan əşyalara baxmaq
14.00: Facebook və LinkedIn-də vaxt keçirmək
16.30: Rəhbərliyə ünvanlanmış hesabatın hazırlanması
17.00: Evə qayıdış
Bob, sadəcə, çalışdığı Verizon-u aldatmayıb. O, proqram təminatı ilə bağlı daha bir neçə şirkətdən sifarişlər alıb, milyonlarla dolları hesablarına köçürüb, o pulların kiçik qismini çinlilərə ödəyib və proqramları sifarişçilərə verərək böyük gəlirlərə yiyələnib.
Verizon isə illərdən bəri Bob-u ən yaxşı proqramçı sayırdı.
"Bu şəxsin hazırladığı proqram kodları çox peşəkarcasına, təmiz olurdu. Proqramlar əla çalışırdı və o, hər il ən yaxşı proqramçı kimi mükafat alırdı", - Verizon rəhbərliyi bildirib.
Milli.Az