"Böyük Səhnə" Şəkidə oldu

16 Yanvar 2013 12:53
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki,  Kanal S-in pavilyonunda gerçəkləşmiş bu layihənin məqsədi ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xoreoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. Layihənin ideyası və reallaşdırılması, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Euromedia şirkətinə məxsusdur.

"Böyük Səhnə" şousunda iştirak üçün dekabrın 24-dən etibarən kastinqlərə qeydiyyat başlayıb. Kastinqlərin Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda
keçirilməsi nəzərdə tutulub. Artıq Lənkəran və Gəncədə seçim turları başa çatıb. Münsiflər heyəti bu 2 şəhərdə 70 nəfəri sınaqdan keçirib. Kanal S pavilyonunda baş tutmuş Şəki mərhələsində isə səhnəyə regionun 30-a qədər içtirakçısı çıxıb. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün iştirakçılar müəyyən qaydalara əsasən seçilirlər. Kastinqin keçirilmə tarixinə qədər 16 yaşına çatmış hər bir vokalçı və ya qrup bacarığını nümayiş etdirə bilər.

Kastinq zamanı vokalçı və ya qrup biri Azərbaycan, digəri isə ingilis dilində olmaqla iki mahnı ifa etməlidir. Bundan əlavə, qrup kastinqdə çıxışı üçün ifa edəcək mahnıların fonoqramlarını təqdim etməlidir. Vokalsız və bek-vokalsız, həmçinin vokalçının öz istəyi ilə seçilmiş mahnıların akapello ifası da mümkündür. Öz istedadını göstərmək, dünya səviyyəli
məşhur ifaçılar, stilistlər və rəqqaslarla işləyərək onu inkişaf etdirmək uğrunda ölkənin ən yaxşı vokalçılarının mübarizə aparacağı 20-dən çox yaradıcı qrupun olduğu bu şouda iştirakçıları tanınmış münsiflər qiymətləndirəcəklər. Onlar arasında Zəhra Bədəlbəyli, Emin Kərimi, Emin Əfəndi və Ranar Musayevdən başqa, "Eurovision-2011" mahnı müsabiqəsinin
qalibi Eldar Qasımov da var.

"Böyük səhnə" sadəcə istedad şousu deyil, bu, çox qısa vaxt ərzində yetişmiş fərdi tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya çevrilmək imkanıdır. İştirakçılar da bu layihədən çox şey gözləyirlər. Qeyd edək ki, yanvarın 18-də Bakıda super kastinq olacaq. Bölgələrdən seçilmiş bütün iştirakçılar bu kastinqə qatılacaqlar. Ayın 18-də seçim turu başa çatacaq. Layihənin yarımfinal və finalı Ukraynanın Kiyev şəhərində, superfinal isə mart ayında Bakıda keçiriləcək.

Milli.Az