Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakıda keçirilən X Qurultayı başa çatıb. APA-nın məlumatına görə, qurultayda partiyaya yeni sədr seçilib.
197 qurultay nümayəndəsinin qatıldığı səsvermədə 193 səs toplayan alternativsiz namizəd Yusif Bağırzadə AMİP-in yeni sədri olub. Onun əleyhinə 2 nəfər səs verib, 2 bülleten isə etibarsız sayılıb.
Qurultayda partiyanın 75 nəfərdən ibarət Mərkəzi Şurası və 9 nəfərdən ibarət Mərkəzi İntizam Komissiyasının yeni tərkibi də müəyyənləşib. Mərkəzi Şuranın sabah keçiriləcək iclasında Siyasi Şura formalaşdırılacaq və baş katib seçiləcək.
Qeyd edək ki, AMİP-in qurultayına partiyanın 64 rayon təşkilatından 237 nümayəndə seçilib və onların 201 nəfəri toplantıya qatılıb.
___________________ 12:22
Bakıda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) X Qurultayı başlayıb.
Partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Arzuxan Əlizadə bildirib ki, 64 rayon təşkilatından 237 nümayəndə seçilib və onların 201 nəfəri qurultaya qatılıb. A. Əlizadə qurultayın səlahiyyətli olduğunu bəyan edib.
Qurultayda AMİP-in ötən dövr ərzində fəaliyyəti ilə bağlı baş katib Fuad Muxtarovun məruzəsi, partiya lideri Etibar Məmmədovun çıxışı, yeni sədrin və Mərkəzi Şura üzvlərinin seçilməsi nəzərdə tutulub. Qurultayda partiyanın bu il keçiriləcək parlament seçkilərində iştirakı haqda müzakirələrin aparılacağı və müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Qurultay günün sonunadək davam edəcək.
Qeyd edək ki, 2007-ci ildən sədrsiz fəaliyyət göstərən AMİP sədrliyinə əsas iddialılar arasında partiyanın hazırkı baş katibi Fuad Muxtarov, Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov və bir müddət əvvəl partiyaya üzv olmuş Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Yusif Bağırzadənin adı çəkilir.