Tar tarıma çəkilir

13 Yanvar 2013 15:13
Azərbaycanın torpaqlarından tutmuş milli mətbəxini, mədəniyyətini mənimsəməyə cəhd edən Ermənistan bu dəfə də tarı özəlləşdirmək istəyir. Ermənistan musiqiçiləri Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun "Maddi-mədəni irs" siyahısına daxil edilməsinə etirazını bildirib.

Ermənilər tarı mənimsəmək istəyir
 
Ermənistan KİV-də bu ölkənin qədim musiqi alətləri orkestri "Tkzar"ın qurucusu Karlen Mirzoyan UNESCO-nun qərarını anlaşılmazlıq və "erməni milli alətləri"nə diqqətsizlik kimi qiymətləndirib: "Tarzənlər əsasən Qarabağdan olublar. Tarda azərbaycanlılar da ifa edib, lakin bu alətin mənşəyi Şuşadadır və Bakıya da oradan gedib çıxıb". K.Mirzoyan utanmadan iddia edib ki, tar heç cür Azərbaycan milli musiqi aləti hesab oluna bilməz.  
 
İran da iddia edir
 
Xatırladaq ki, bundan əvvəl İran Azərbaycanın qədim tarını fars milli musiqi aləti kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin təmsilçisi siyahısına əlavə edilməsini istəyib və İran Musiqi Evi tarın Azərbaycan musiqi irsinin nümunəsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. Bundan başqa İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın bu qurumdakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. Onlar tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.
 
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki,  bu məsələni şişirtməyə ehtiyac yoxdur: "Son zamanlar mətbuatda əsasən də İran KİV-də tarın UNESCO-da Azərbaycan tarı kimi qeydə alınması birmənalı qarşılanmayıb.  Lakin bir çox məsələlərdə olduğu kimi, bizim musiqi alətlərimizdə də oxşarlıq var. Hər iki xalqda tar mövcuddur. Sadəcə, formalarında müəyyən fərqlər var. Tarın UNESCO-da Azərbaycan tarı kimi qeydə alınmasında ajiotaj yaratmaq lazım deyil".
 
UNESCO-nun cavabı
 
Azərbaycanın UNESCO üzrə eksperti Sənubər Bağırova deyib ki, Azərbaycan nümayəndəliyi bu məsələni UNESKO-nun Parisdə keçirilən 7-ci sessiyası zamanı iranlı həmkarları ilə razılaşdırıb: "Sessiya ərəfəsində belə bir söhbət yox idi. Tar musiqi alətinin Azərbaycan tarı kimi UNESCO-da qəbul olunmasına İran etiraz etməyib. Azərbaycanın UNESCO-da nümayəndəliyi var. Görünür, tarı fars musiqi aləti kimi UNESCO-ya salmaq onların fikrindən keçib. Yəqin farslar sessiyadan sonra narazılıq edib".
 
UNESCO-nun mətbuat xidmətinin əməkdaşı Luçiya İqlesias deyib ki, Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir.
 
Birmənalı həqiqət
 
Xalq artisti, məşhur tarzən Möhlət Müslümov tarın Azərbaycan milli musiqi aləti olmasını tarixi faktların sübut etdiyini deyir: ""Açma hər pərdəni, hər pərdədə var yüz əsrar..." Bu fikirləri təxminən 150 il bundan əvvəl Seyid Əzim Şirvani neyin naləsinə, tarın nəğməsinə könül verənlərə xitabən deyib.  Tar sənəti oturaq mədəniyyət qədər qədimdir". Tarın təkamülü, eyni zamanda onun ifa vəziyyətinin dəyişməsi, yəni diz üstündən sinəyə qaldırılması milli ifaçılıq sənətimizə zaman-zaman sevgi və novator münasibətdən xəbər verir: Xalq şairi Qabil yerimizi, tariximizi, mövqeyimizi, niyyət-mənzilimizi səhv saldığımız zamanlar yazdığı dillər əzbəri şeirində məhz tarın pərdələrini düzənə və bu sənətə sığınanlara sonsuz ehtiramını belə bildirib:   
 
 Tarın pərdələrini
  Düzənə qurban!
  Yerdəyiş et birini,
  Xaric vurarsan.
  Xaric səslənirik biz,
  Səhv düşəndə yerimiz.
 
Xatırladaq ki, 2003-cü ildə Azərbaycanın muğam, 2009-cu ildə aşıq, 2010-cu ildə isə xalça sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilib. M.Müslümov deyir ki, UNESCO-dakı faktlar yetərincə olmasa, qurum hər hansı qərar qəbul edə bilməz: "Bunların Azərbaycan mədəniyyəti üçün çox böyük əhəmiyyəti var. Bu faktlar adıçəkilən mədəni incilərin Azərbaycana məxsus olmasına bir daha möhür vurur. Bizim mədəni sərvətlərimizə heç kəs iddia edə bilməz, artıq bütün dünya da bunu qəbul edir".

"New Baku Post"