MTN-in Akademiyasının əməliyyat işçilərinin hazırlanması və sərhəd qoşunları fakültələrinin buraxılışı olub - FOTO

9 İyul 2010 18:20
MTN İctimai Əlaqələr Mərkəzindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ilk öncə Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirilib. Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıblar.

Milli təhlükəsizlik naziri E.Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları təbrik edib. Akademiyanın növbəti buraxılışı münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edən E.Mahmudov, təcrübəli müəllimlərindən aldıqları biliklərin, qazandıqları peşə vərdişlərinin vəzifə borclarını layiqincə yerinə yetirməkdə onlara kömək olacağını vurğulayıb.

Gənc zabitlərin Azərbaycanın milli təhlükəsizliyi və sərhədlərinin qorunması işində təcrübəli həmkarları ilə çiyin-çiyinə çalışacağını deyən E.Mahmudov bildirib ki, bu istiqamətdə akademiyada əldə etdikləri biliklərin rolu böyük olacaq. Milli təhlükəsizlik naziri bu işdə əməyi olan hər kəsə, ilk növbədə təlim-tədris prosesinin yüksək səviyyəsinə görə akademiyanın rəhbərliyinə və müəllim heyətinə təşəkkürünü bildirib.

İldən-ilə akademiyanın maddi-texniki imkanlarının artdığını diqqətə çatdıran nazir Eldar Mahmudov, ötən buraxılışdan bəri görülmüş tədbirlərin buna əyani misal olduğunu vurğulayıb. Akademiyada hər cür şəraitə malik 4500 kvadratmetrdən çox sahəni əhatə edən yeni İdman Sağlamlıq Kompleksi açılıb, şəxsi heyətin istifadəsində olan tədris və sosial təyinatlı bir çox korpuslarda əsaslı təmir işləri aparılıb. Akademiyanın müasir avadanlıq və texniki vasitələrlə təchizatı işi davam etdirilib. Gələcək əməkdaşların seçdikləri peşəyə dərindən yiyələnməsi üçün bütün lazımi imkanların akademiyada mövcudluğu və bunların yeni nəslin ulu öndər Heydər Əliyevin vətənpərvərlik məktəbinə sadiq insanlar kimi yetişməsi üçün yaradılmış möhkəm təməl olduğu qeyd edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin "Akademiya ən yüksək dünya standartlarına cavab verir" fikrini xatırladan nazir vurğulayıb ki, dövlət başçısının bu sözləri nazirliyin və akademiya kollektivinin ümumi əməyinə verilən yüksək qiymətdir və gələcəkdə daha səmərəli fəaliyyət üçün əsas stimuldur.

E.Mahmudov son illər həyata keçirilən hərtərəfli islahatlar və uğurlu dövlət quruculuğu nəticəsində Azərbaycanın dünya birliyində mövqeyini ildən-ilə möhkəmləndirdiyini, hazırda geniş coğrafi və siyasi məkanda böyük nüfuza malik olduğunu bildirib. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə ölkənin təhlükəsizliyi üçün məsuliyyəti daha da artırır.

Qarşıda çox böyük vəzifələr durduğunu deyən nazir qeyd edib ki, ən mühüm vəzifə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üzrə dövlətimizin başçısının siyasi xəttinin həyata keçirilməsi işində yaxından və fəal iştirak etməkdir. Nazir vurğulayıb ki, müasir dövrdə milli maraqlarımıza qarşı yönələn təhdidlərin qarşısının alınması bizim hər birimizdən daim yüksək sayıqlıq, hərtərəfli hazırlıq və vətənpərvərlik tələb edir. Başlıca məqsəd hamının, ilk növbədə güc strukturlarının Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini dərhal yerinə yetirməyə qadir vahid, səfərbər və yenilməz qüvvə olmasıdır.

MTN-in son vaxtlar terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə etdiyini vurğulayan nazir qeyd edib ki, ancaq bütün bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır: "Əksinə daha səfərbər və ayıq-sayıq olmağa çağırır. Ümummilli lider həmişə deyirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bizim amalımız müstəqilliyi və dövlətçiliyi qorumaq və möhkəmləndirməkdir. Ali məqsədimiz Azərbaycanı daha qüdrətli, vətəndaşlarımızın hüquqlarını etibarlı təmin etməkdir. Bunun üçün isə başlıca vəzifəmiz ərazi bütövlüyünün bərpasıdır, sabitliyin və təhlükəsizliyin dönməzliyini qorumaqdır".

Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev çıxış edərək ölkəmizin milli təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının sabahını təmin edəcək gənc zabitləri təbrik etməkdən qürur hissi keçirdiyini bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb. Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan fakültələrin məzunlarının 5 illik tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmi və ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, 18 nəfər zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.

Akademiyanın məzunları, gənc leytenantlar çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirib, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.

Milli.Az