Evdə bəla: körpə yatmır, yatmağa qoymur?

11 Yanvar 2013 14:20
Körpəsi olan bir çox valideynlər yuxusuzluqdan əziyyət çəkir, körpənin səhərə qədər ağlamasından, narahat olmasından şikayət edirlər. Körpənin yata bilməməsi həm körpə, həm də valideynləri üçün ziyandır. Bu səbəbdən də körpəni doğru yuxu vərdişlərinə erkən vaxtlardan alışdırmaq vacibdir. Çünki onlar günün çox hissəsini yuxuda keçirirlər.

Yeni doğulan körpələr günün 17 saatını yuxuda keçirir. Onlar gündüz 8, gecə 9 saata qədər yatırlar. İkiaylıq körpələr isə 3-4 saat gündüz, 12 saat gecə olmaqla, 15-16 saat yatırlar.

Uşaq psixoloqu Mahirə Zeynalovanın sözlərinə görə, yuxu uşağın sağlamlığı, özünü sakit və rahat hiss etməsi üçün vacibdir. "Lakin çox vaxt, xüsusilə körpələri yatazdırarkən valideynlər əziyyət çəkir, onu çətinliklə yatızdırırlar. Yatızdırdıqdan sonra da körpə astadan da olsa, səs eşidən kimi ayılır. Çox nadir hallarda eşidərsən ki, evdə körpəsi olan ailə yuxusuzluqdan əziyyət çəkməsin. Böyüklər nə qədər yatmaq istəsələr də, körpələr onlara imkan vermir. Uşağını yatırtmaq üçün onu oxşayan, sakitləşdirən, layla deyən ana özü az qala yuxuya getsə də, körpəsinin gözünə yuxu gəlmir".

Bəs problem nədədir? Niyə bəzi uşaqlar çarpayısında 5-10 dəqiqəyə yuxuya gedir, bəziləri isə səhərə qədər oyaq qalır? Bu kimi suallar körpəsi olan minlərcə ailəni düşündürür. Psixoloqun fikrincə, körpənin gecə yaxşı yatması onun gün ərzində necə bəslənməsindən asılıdır. Belə ki, körpənin səhər necə oyanması, günü necə keçirməsi gecə əks olunur. "Əgər körpə səhər kefsiz oyanıbsa, ağlayıbsa, bu halları gecə yatızdırarkən də müşahidə edəcəksiniz. Yox, əgər uşaq səhər gülümsəyərək, xoş əhvalda oyanıb, öz dilində nədənsə danışırsa, deməli o, gecə də yaxşı yatacaq. Bu səbəbdən də gənc analar bunu nəzərə almalı, bununla da həm öz əsəblərini, həm də körpələrinin rahatlığını qoruya bilərlər".

Həmsöhbətimiz məsləhət görür ki, körpə səhər oyanarkən ağlamağını gözləmədən onu oxşamaq, oynatmaq lazımdır. Körpələrin sevgi və qayğıya çox ehtiyacı var. Onların xoşbəxtliyi valideynlərin, yaxınların onlara diqqət və qayğı göstərməsindən, sevgisini dəfələrlə sübut etməsindən çox asılıdır. Körpələr oynamağı, mehribanlığı çox sevir. Qaraqabaq, əsəbi, kobud danışan adamlar isə onlarda qorxu və narahatlıq yaradır. Bəzən analar yorğunluqdan körpəsinə az vaxt ayırırlar. Körpə şən əhvalda oyansa da. Diqqətsiz qaldığı üçün ağlamağa, əsəbləşməyə başlayır. Bu da onun əhvalının pozulmasına, özünü pis hiss etməsinə, gecələr oyaq qalmasına gətirib çıxarır. Bu səbəbdən də körpə yuxudan kefsiz ayılsa belə onu sığallayıb, öpüb, oxşayın. Körpə ilə valideyn üçün bu cür ünsiyyət çox vacibdir. Uşağı güldürüb, oynadıb, ağlamağını da gözləmədən onu doyuzdurmaq, altını dəyişmək, çarpayıdan qaldırandan sonra üşüməsin deyə əynini daha qalın geyindirmək, tərli paltarlarını dəyişmək lazımdır.

Psixoloq qeyd edib ki, uşağın gecə yatmaması onun harasınınsa ağrıması, sağlamlığı ilə bağlı problem üzündən də ola bilər. Belə olan halda pediatra müraciət etmək, problemləri aradan qaldırmaq laızmdır.

Körpələrin çox həssas olduğunu deyən müsahibimiz onu da əlavə edib ki, onlar analarının nə üçünsə tələsdiyini, onları tez yatızdırmaq istədiyini də hiss edir. Həm də körpələrin əsəb sistemi fərqlənir. Misal üçün, psixoloq deyib ki, körpə oynadıqdan, gəzdikdən, iməklədikdən dərhal sonra yata bilməz. Onun sakitləşməsi, yuxuya getməsi üçün vaxt lazımdır. Ona görə də uşağı yatızdırarkən tələsmək lazım deyil. Qoy körpə sizin rahatlığınızı, sakitliyinizi hiss etsin. Yatızdırmaqdan öncə körpəni qıcıqlandıran, onu aqressivləşdirən hərəkətlərə, oyunlara yol verməyin. Belə ki, uşaqla oynayıb, onunla hündürdən danışıb-güldükdən sonra dərhal yatızdırmaq olmaz. Əvvəlcə onu sakitləşdirin.

Uşağın tez və rahat yuxuya getməsi üçün rejim də vacib amillərdəndir. Körpəni hər gün eyni vaxtda sakitləşdirib yuxuya hazırlaşdırın. "Körpələr ananın sakit və mehriban səsini eşidən də çox rahatlaşır. Hər gün eyni vaxtda və eyni laylaları dinləyən körpə hər gün bu proseslərin qaçılmaz olduğunu və hər gün təkrarlandığını anlayır. Eyni vaxtda, anasının və ya başqa ona baxan adamın səsini dinləyərək o yuxuya gedir. Belə olan halda körpələr özünü təhlükəsiz vəziyyətdə hiss edir. Bundan başqa, körpənin yatarkən əmziyə öyrəşdirilməsi də onu sakitləşdirir və yuxuya hazırlayır. Çalışın ki, əmzikdən uşağı yatızdırarkən istifadə edəsiniz. Gün ərzində ehtiyac olmayanda əmzikdən istifadə etmək lazım deyil. Lakin bunu da yadda saxlayın ki, uşaq ağlayıb, əsəbləşən zaman da əmzik kömək edir".

M.Zeynlovanın sözlərinə görə, körpəni rejimə uyğun saxlamayanda, o, narahat olmağa başlayır. "Misal üçün, siz onu adət etdiyi vaxtda deyil, başqa vaxtda yatızdırırsız. Körpə bu zaman hiss edir ki, nəsə başqa bir hadisə baş verir. Bu onun adi üzləşdiyi bir vəziyyət deyil və o, qorxmağa başlayır. Ağlayır və yatmır".

Körpənin şirin yatması üçün otaqda təmiz havanın olması da vacibdir. Uşağı yatızdırmaqdan əvvəl otağın havasını da dəyişmək, yatdığı yerini düzəltmək, sakitliyə riayət etmək və işığı söndürmək lazımdır. Hər gün eyni vaxtda işığın sönməsi körpəyə yatmaq vaxtının gəldiyindən xəbər verəcək. Körpə ac qaldığı üçün də ağlaya bilər. Lakin gecə vaxtı körpəni həddindən çox yedizdirmək də düzgün deyil.

Bütün bunların gözlənilməsi körpənin daha rahat yuxuya getməsinə kömək edəcək.

Ekspress.az