Məşhur azərbaycanlı astroloq illər haqda nələr dedi?
10 Yanvar 2013 14:28
SİÇOVUL (SİÇAN)
Bəri başdan nəzərinizə çatdıraq ki, qarşıdan gələn 2013-cü il sizin üçün böyük dəyişikliklərlə yadda qalacaq. Ötən ilin sıxıntı və uğursuzluqlarını aradan qaldırmaq üçün şans qazanacaqsınız. Xüsusən də fevraldan sonra şəxsi işlərinizdə əsaslı dönüş yaratmağı bacaracaqsınız. Astroloji göstəricilərə görə yaz aylarında işgüzar fəallığınız artacaq. Göstərilən müddətdə sövdələşdiyiniz adamlara güzəştə getməyi bacarsanız, uğurlarınız daha da artacaq. Ümumiyyətlə, İlan dinc heyvan olduğundan əsəbi situasiyalara qarşı sərt münasibət bəsləyir. Odur ki, bütün davranışlarda mülayim olmağa səy göstərməlisiniz. Həm də nəzərə alın ki, İlan da Siçovul kimi yerin altında yaşayır.
Ailə-sevgi münasibətlərində yaranmış anlaşılmazlıqlar ilin ikinci yarısında qaydasına düşəcək. Bu il izdivac üçün o qədər də uğurlu olmadığından ailə qurmaq planlarınızı təxirə salmağa çalışmalısınız. Zodiak illərinə əsaslanan qoroskopa görə, İlan ili sizin karyeranıza həmişə müsbət təsir göstərir. 2013-cü ilin iyun ayından etibarən bu istiqamətdə müsbət dəyişikliklərin şahidi olacaqsınız. Yuxarıda dediyimiz kimi, yaz aylarında yeni işlərə başlamaq, vəzifədə yüksəliş, maraqlı səyahətlərdən böyük zövq alacaqsınız. Amma sizin üçün ən gərgin ərəfə avqust-sentyabr aylarına təsadüf edə bilər. Həmin müddətdə yersiz risklərdən uzaq olmalı, tanımadığınız adamlarla işbirliyi yaratmamalısınız. Əks tədqirdə ilin sonuna qədər depressiyalardan yaxa qurtara bilməyəcəksiniz. Əgər Göy qübbəsinin bu tövsiyələrinə əməl etsəniz, ilin ikinci yarsını daha da uğurla başa vuracaqsınız.
ÖKÜZ
Ümumi məziyyətlərinə görə, qarşıdan gələn İlan ili başqalarına nisbətən sizin üçün sakit keçəcək. İştirakçısı olduğunuz əksər proseslərdən razı qalacağınız gözlənilir. 2013-cü ildə qazancınız əvvəlki illərdəkindən aşağı olsa da, bu, sizi darıxdırmayacaq və iş yerini dəyişmək haqda düşünməyəcəksiniz. Yeni ildə həm də dinə, adət-ənənələrə meyliniz artacaq. Bu isə həyatınızı təkbaşına qurmağa təkan verəcək.
Səhhətinizdə mövcud olan nasazlıq fevralın sonuna qədər davam etdiyindən fəaliyyətinizdə aktivliyiniz azalacaq. Ümumiyyətlə, ilin ilk üç ayı ərzində saglamlığınızı qorumaq başlıca vəzifənizə çevrilməlidir. Əks tədqirdə xəstəxanaya düşə bilərsiniz. Martın ortalarından dostlarınızın köməyilə uğurlara yetişəcəyinizi xəbər verən ulduzlar göstərilən müddətdə insanlara qarşı diqqətli olmağınızı, hər kəsə əməlinə görə qiymət verməyinizi təvəqqe edir.
Çoxlarından fərqli olaraq 2013-cü il sizə romantik sevgi məqamları bəxş edəcək. Həmçinin bu il evlənmək istəyən "Ökuz"lərin də bəxti açıq olacaq. Məhərrəm və Ramazan ayları istisina olmaqla ilin bütün dövrlərində toy etmək uğurluluqdan xəbər verir. Amma təzə yaranmış sevgi əlaqələri uzun sürməyəcək. Çünki İlan ilində yaranmış məhəbbət nadir hallarda uzunömürlü olur. Yayda füsunkar istirahət və xarici səfərlər üçün şans qazanacaqsınız. Əgər şəxsi büdcəniz buna imkan versə, belə fürsətdən yayınmayın.
PƏLƏNG
Astroloji bilgilərə görə, hipnoz meylli "İlan" yüksək enerjili, torpağın aurasını özündə ıks etdirən "Pələng"lə çətin yola gedir. Bu səbəbdən də 2013-cü ildə əsas işiniz dinc-yanaşı yaşama prinsiplərinə əməl etməkdir. Əgər siz siyasətlə məşğul olursunuzsa, daha ehtiyatlı davranmalısınız. İlan tez-tez ovqatınızı təlx etməyə calışsa da, əsəblərinizi qorumalı, təmkin nümayış etdirməlisiniz. İlin birinci yarsında üzləşdiyiniz çoxsaylı problemlər, eləcə də cəhdlərinizin müntəzəm olaraq boşa çıxması sizi ruhdan sala bilər. Amma özünüzə yaxın bildiyiniz sədaqətli dostlarınız sayəsində bu kimi problemlərinizi aradan qaldırmalısınız.
Fəaliyyət göstərdiyiniz idarə və müəssisələrdə rəhbərlərlə mübahisələriniz də istisina olunmur. Bacardığınız qədər bütün planlarınızı sentyabra qədər təxirə salın.
Bu il yeni iş axtarışına çıxmaq, ailə qurmaq və təzə mənzil almaq haqqında düşüncələrdən uzaq olun. Bütun bunlara baxmayaraq, cəsarətli "Pələng"lər İlanın zəhmli baxışlarından yayına biləcəklər. 2013-cü ildə sizin üçün ən düşərli sahə maliyyə ilə bağlı olacaq. Belə ki, digər Zodiak illəri ilə müqayisədə daha çox qazanc sizin büdcənizdə olacaq. Ulduzlar insanlara qarşı səmimi və mülayim olmağınızı məsləhət görür. Qohumlarla, dostlarla əlaqələri dərinləşdirin. Qarşınıza çıxan maneələrə görə kimlərdənsə qisas almağa çalışmayın. Yalnız bu halda yeni ilin gəlişindən razı qala bilərsiniz.
PİŞİK
Proqnozlara görə ilin ilk iki ayı sizin üçün qalmaqallı keçəcək. İnsanlara münasibətdə sərt mövqedə dayanmağınız sizə qarşı ikrah hissini yüksəldəcək. Hətta ciddi incikliklər də mümkündür. Əgər acıdil və hövsələsiz olmasanız, bu xoşagəlməzliklərin qarşısını ala bilərsiniz. Mart ayından sonra isə iştirakçısı olduğunuz bütün proseslər əhvalınızın yüksəlməsinə xidmət edəcək. İlin astronomik göstəricilərindən bəlli olur ki, 2013-cü il həyatınızın ən şanslı illərindən birinə çevriləcək. Deməli, İlanın gəlişi sizi həyəcanlandırmamalı, əksinə daha da ruhlandırmalıdır.
İl ərzində yalan vəd verməyin. Nəzərdə tutulan planların icrasını ləngitmək, eləcə də riskli xarici səfərə çıxmaq sizin üçün yolverilməzdir. Əgər bu məsləhətlərimizə əməl edə bilsəniz, uğur uğur dalınca gələcək. May və sentyabr aylarında ulduzlar sizə sürprizlər vəd edir. Bu, daha şox sevgi və karyera ilə bağlı ola bilər. Hətta nəticəsi sizi qane etdiyi halda iş yerini, hətta iş üslubunu dəyişmək də olar. Yayda doyunca dincəlmək üşün bütün mümkün variantlardan istifadə edin. İlboyu rastlaşdığınız təzə dostlar mövcud problemlərinizin həllində sizə dəstək verəcək, qazancınız isə ötən illə müayisədə daha qənaətbəxş olacaq. Düzdür, sağa-sola xərcləyəcəksiniz, amma qənaətcil olsanız, büdcənizi artıra bilərsiniz. 2014-cü ilə də böyük ümidlərlə gedəcəksiniz.
ƏJDAHA
Öz ilinizin (2012) sizə uğur gətirməməsindən məyus olsanız da, İlan haqqında belə düşünməyin. Çünki təhvil alınan yeni il sizə lazımı qədər sərbəstlik və şans verəcək. İyunun ortalarınadək qarşıya qoyduğunuz planların və ötən il yığılıb-qalmış problemlərin həllini sürətləndirməlisiniz. Bu istiqamətdə maneələriniz çox olsa da, səbəbi kiminsə qərəzçiliyindən yox, məhz öz təcrübəsizliyinizdən irəli gələcək. Astroloji göstəricilərə əsaslansaq, 2013-cü il sizə böyük xoşbəxtlik bəxş edəcək. Sadəcə olaraq hər bir addımı ədalət çərçivəsində atmaqla buna nail ola bilərsiniz. Nəzərə alın ki, İlan illərində hamıdan çox "Əjdaha"lar diqqət mərkəzində olur. Davranışlarınızdan asılı olaraq bu il siz mənsəbcə yüksələ, geniş dairədə tanına və qazancınızı artıra bilərsiniz. İndidən yadda saxlayın ki, bəhs etdiyimiz müddətdə karyerada xeyli yüksələcəksiniz. İmkanlı və nüfuzlu şəxslərlə mütəşəkkil əlaqələr yaradacağınız da gözlənilir.
İl ərzində yeganə probleminiz sevgi ilə bağlı olacaq. Çalışın ki, bu il ilham mənbəyinə laqeyd yanaşmayasınız. Əks tədqirdə məhəbbət dünyasının qərib sakininə çevriləcəksiniz. Bu tövsiyələr daha çox 25 və 37 yaşlı Əjdahalara şamil edilir. Ulduzlar avqust və dekabr aylarında konfiliktlərə cəlb olunacağınızı da xəbər verir. Göstərilən müddətdə diqqətli olmalı, cərəyan edən proseslərə reallığın gözü ilə yanaşmalısınız. Hər halda bu il siz daxili narahatçılığınıza rəvac verən çox suala cavab tapacaqsınız.
İLAN
Adətən öz Zodiak ilini yaşayan hər kəs digərlərindən daha şanslı və daha enerjili olur. 2013 də sizin ilinizdir. Bu səbəbdən bağlı sandığınız bütün qapılar asanlıqla acılacaq. Sizin üçün son 12 illik tsikldən ən uğurlusu olan İlan hər mənada böyük əhəmiyyət kəsb etməlidir. Artıq nə vaxtdan bəri ürəyinizi narahat edən arzularınızı gerçəkləşdirməyə nail olacaqsınız.
Fevral-may arası ciddi snaqlarla qarşılaşacağınızı bəyan edən ulduzlar doğru seçim etmənizə zəmin yaradacaq. Həmin ərəfədə hansısa tərəddüdə ehtiyac olmayacaq. Çünki dostlarınız sayəsində maneələri aradan qaldırmağı bacaracaqsınız. İlana məxsus müdriklik bu il sizdə daha çox təzahür edəcək.
Ehtiyac duyduğunuz ruhi qidanız da təmin olunacaq. 24, 36 və 48 yaşlı İlanlarda isə peşə uğurları, yüksəlişlər bərqərar olacaq. Təxminən iyunun ortalarından başlayaraq taleyinizdə yeni mərhələ start götürəcək. Çıxardığınız hər bir qərar sizə başucalığı gətirəcək. Yay aylarında şəxsi büdcənizdə passivlik yaransa da, bu amil məyusluğunuza səbəb olmayacaq.
İlin ikinci yarsı sizin üçün məhəbbət dövrü zənn edilə bilər. Göstərilən müddətdə şoxsaylı sevgi məcaralarına cəlb olunmaqla yanaşı, ailə qurmaq, nişan taxmaq üçün də şans qazanacaqsınız. Payıza doğru işgüzar əlaqələrinizi genişləndirməyə can atmalı, hər addımı dəfələrlə ölçüb-bicməlisiniz. Tabeçiliyinidə fəaliyyət göstərdiyiniz hökm sahibləri ilə nəzakət çərçivəsində davranın, yoxsa iş yerinizi itirə biərsiniz.
AT
Adətən İlan illəri sizə qarşı amansızlıq etməkdə çətinlik çəkir. Çünki At hədsiz dərəcədə duyğulu olduğundan "İlan"dan gələn təhlükəni hiss edib özünü qorumağı bacarır. İlin ümumi mənzərəsində 2013-ün sizə əsasən düşərli olması da məhz yuxarıda qeyd etdiyimiz amillərdən irəli gəlir.
Bəri başdan bilməlisiniz ki, İlan ili ilk növbədə dostlarınızın çoxalması ilə yadda qalacaq. Bu isə birbaşa karyeranızın yüksəlməsinə səbəb olacaq. Siyasətlə məşğul olanlar üçünsə daha ideal dövrdür. Astroloji göstəricilər ilboyu ovqatınızın xoş olacağından xəbər verir.
Martın sonlarında və avqustdan ehtibarən sevgi məsələlərində romantik məqamlar yaşayacaqsınız. Evlilik üçün düşərli olmasa da, bu istiqamətdə münasibətləri qaydasına salmağa dəyər. Fəaliyyət zəminində isə sizi çətinliklər gözləyir. Hüquqlarınızı pozmaq istəyənlərin çoxalması əsəblərinizi tarıma çəkə bilər. Odur ki, obyektivlikdən çıxış edərək öz haqqınızı tələb etməlisiniz. Şəxsi büdcənizin durumu isə qənaətbəxş olacaq.
Ulduzlar oktyabr ayında yalnız özünüz üçün yaşamağı məsləhət görür. Həmin ay başqalarının problemlərinə soyuqqanlı yanaşmalısınız. Onsuz da kiməsə köməklik göstərə bilməyəcəksiniz. İlin son ayı həyata və insanlara fərqli baxışlarla yanaşacaq, bu minvalla da özünüzə rəğbət qazanacaqsınız.
KEÇİ (QOYUN)
Təbiət qoynunda keçi ilə ilan tez-tez üz-üzə gəldiyindən bir-birinə kifayət qədər bələddirlər. Bu səbəbdən də İlanin "meydan suladığı" 2013-cü ildə sizə qarşı hər hansı xoşagəlməzlik baş verməyəcək. Əgər yanvar ayını birtəhər başa çatdırsanız, sonrakı aylarda məqsədlərinizə yetişməkdə cətinlikləriniz olmayacaq. Avqust və noyabr aylarında səhhətinizi qorumalısınız.
Müasir astroloqlar "Keçi"lərin il boyu pərvaz edəcəyini, bütün problemlərinin sanki öz-özünə düzələcəyini xəbər verir.
Öz hesablamalarımızda da buna bənzər məlumatlar az deyil. Belə ki, martın ortalarından tərəfdaşlarınızın şoxalması çoxsaylı problemlərinizin həllində sizə yardımçı olacaq. Bu arada, ələlxüsus da iyuna qədər həyatınıza müdaxilə edən bədxah adamlardan təmizlənməyə çalışın. Çünki ötən Əjdaha ilində siziə yaraşmayan dostlarınız çoxalıb, onlardan uzaqlaşsanız, pillə-pillə yüksələcəksiniz.
İlboyu Zodiak illəri arasında əyləncələrə aludəçilik ən çox sizdə olacaq. Təzə və ləyaqətli dostlar, eləcə də çoxsaylı səyahət və məclislər dünyagörüşünüzün yüksəlməsinə səbəb olacaq. Sentyabrın ikinci yarsında isə peşəyönümlü fəaliyyətdə nəhəng irəliləyişlərə nail olacaqsınız. Belə məqamlarda ağıllı taktika işlətsəniz, karyeranızda bir neçə illik yüksəlişə yetişəcəksiniz. Bu səbəbdən də İlanın tələb etdiyi qətiyyət və özünə inam hisslərinizi gücləndirməlisiniz.
MEYMUN
İlanla Meymun bir-birinə qatı düşməndir. Şərq mifalogiyasında, eləcə də milli folklorumuzda da buna tez-tez rast gəlmək olur. Onların qarşı-qarşıya gəlməsi, qurdla quzunun rastlaşmasından daha təhlükəlidir. Belə ki, ciddi və səbrli İlan yersiz şığır-bağır salan, özünü ora-bura tullayan, bununla da əsəbləri tarıma çəkən rəqibini məhv etməyə həmişə hazır olur. Bu amili nəzərə alıb 2013-cü ildə çılğınlıq və dəymədüşərlik etməməli, ilin hakimi olan İlanı qıcıqlandırmamalısınız.
İlin sizin ücün o qədər də asan ötüşməyəcəyini təyin etmək olar. Bu, daha çox münasibətlərdə özünü büruzə verəcək. Neçə illərin dostlarından da uzaq düşəcəyiniz güman olunur. Əlbəttə ki, bunun səbəbkarı təkcə siz olmayacaqsınız. Daimi ünsiyyətdə olduğunuz bu adamların əksəriyyətindən xəyanət görüb ayrılacaq, bəzilərini isə sadəcə olaraq qəbul etməyəcəksiniz. Amma bu amilin sevgi istiqamətinə yönəlməsinə yol verməməlisiniz.
Fəaliyyət sahəsində ən böyük uğurlar da məhz sizin bəxtinizə çıxacaq. Proqnozlara görə, Keçi ilinin kişiləri bu dövrdə böyük işlər görəcək ötən üç ilin passivliyinə kölgə salacaqlar. Qadınlar, xüsusən də 22 yaşlılar isə ailə-sevgi səadətini dadacaqlar. Bu baxımdan düzgün seçim etmək başlıca vəzifəniz olmalıdır. Yaxşı olar ki, il boyu başqalarının işlərinə müdaxilə etməyə, qəlb sindırmaya, yalnız öz prinsiplərinizə xidmət edəsiniz. Yalnız bu halda həyatın nəbzini tuta bilərsiniz.
XORUZ
Əvvəlcədən bildirək ki, 2013-cü il bəxtinizə nur gətirən il kimi yadda qalacaq. Göstərilən ərəfədə liderliyi ələ almalısınız. Zəhmli İlanın kainata qədəm qoyduğu ilk günlərdən başlayaraq gözləmədiyiniz uğurlarla rastlaşmanız sizi məmun edəcək. Hətta perspektivlərinizi reallaşdırmaq üçün bəzi risklərə getməyiniz də təhlükəli olmayacaq. Ulduzlar il ərzində ailə üzvlərinizə qayğı göstərməyinizi, ev-mənzil məsələlərinizi yoluna qoymağı tələb edir.
Martın ortalarından peşənizlə bağlı müfəvəqiyyətlərə yetişməyiniz sizi daha da ruhlandıracaq. Nüfuzlu və yüksək vəzifəli adamlarla münasibətlərinizdə yaranmış mülayimlk isə bu istiqamətdə daha aktiv fəaliyyət göstərməyinizə zəmin yaradacaq. Bu il siz əsasən təkbətək rəqabətə üstünlük verməlisiniz. Əgər qarşı tərəflə güc nisbəti taraz olmasa, məğlub ola bilərsiniz. Astroloji göstəricilərə görə 2013-cü ilin iyun-iyul aylarında ehtiyatlılıq nümayiş etdirməyiniz lazım gələcək. Çünki deyilən ərəfədə sizə qarşı təxribatlar gözlənilir. Ötən illərdə vaxt tapmadığınız üçün bu yay əməlli-başlı dincəlməlisiniz.
Qızıl payız sizə böyük xoşbəxtlik gətirəcək. Ciddi seçiminiz nəticəsində ətrafınıza toplaşan ləyaqətli dostlarınız sizə dəstək verəcək və bunun da nəticəsində bütun proseslərə nəzarət edə biləcəksiniz. Ürəyiniz istəyən işlə də təmin olunacağınız gözlənilir. Yaşayış yerini dəyişmək və ailə qurmaq üçün də uğurlu dövrdür.
İT
İtlə İlan dost olmasa da, düşmən də deyillər. Ümumiyyətlə isə onlar bir-birinə mane olmurlar. Bu səbəbdən də hər biriniz ətrafda cərəyan edən proseslərdə sərbəst və cəsarətli olmağı üstün tutmalısınız. Amma astroloji göstəricilər digər Zodiak illərindən fərqli olaraq "İt"lər haqqında bir-birinə bənzəməyən üç müxtəlif proqnoz verməkdədir. Mənbədə deyilir ki, bu il "İt"lərin bir qismi böhran vəziyyəti yaşayacaq, digər qismi gözlənilməz uğurla rastlaşacaq, üçüncü bir qismi isə yeni işlərə başlamağa hazırlaşacaq. Təbii ki, burada bürclər əsas götürülməlidir. Amma ixtiyarınızda olan İlan ilində həmkarlarınızla və ya rəhbərliklə hər hansı mübahisələriniz işdən qovulmağınızla da nəticələnə bilər. Ümumiyyətlə, bu il tərslik və ya inadkarlıq göstərmək sizin üçün uğurlu olmayacaq.
Aprel ayından etibarən fəaliyyətinizdə ağlagəlməz uğurlarla rastlaşacaqsınız. Vicdanlı və nüfuzlu adamlar bu istiqamətdə sizə böyük köməklik göstərəcək. Məhşurluğa doğru sürətli inkişafınız il boyu sizi fərəhləndirəcək. Hətta bəzi bədxahlar nüfuzunuzun genişləndiyini görüb sizə yaltaqlanacaqlar. 2013-cü ildə sizin ücün ən böyük xoşagəlməzlik sevgi istiqamətində mövcud ola bilər. Hətta evlilər üçün də çətinliklər gözlənilir. Bu amili nəzərə alıb ayıq-sayıqlıq göstərməlisiniz. İzdivac üçün də uğurlu il deyil. Belə olduqda evliliyin uzun sürməsi çətin olacaq. Bu il siz pozulmuş münasibətlərə və ya pul məsələlərinə görə kimdənsə qisas almaq fikirinə düşməməlisiniz.
QABAN
Şərq nücum elminə əsasən İlan ili "Qaban"ların uğuruna həmişə mane olur. Onların istəklərinə qarşı şıxır. Təbii ki, riski sevən ədalət və cəsarət sahibi olanlar "İlan"ın yaratdığı maneələri dəf etməyi bacaracaqlar. Astroloji təyinatlara görə, əgər bu il siz bütün gücünüzlə ailəyə, sevgiyə bağlansanız, İlahi tərəfindən də qorunacaqsınız. Çünki bu il ən zəif yeriniz məhəbbət olacaq.
Fəaliyyət istiqamətində uğurlarınız az olsa da, bununla kifayətlənməyi bacaracaqsınız. Çünkı əldə etdiyiniz hər bir müvəffəqiyyət yalnız öz zəhmətiniz və qətiyyətiniz sayəsində baş tutacaq. Kənardan kiminsə sizə dəstək verəcəyini və ya işlə bağlı sizə şərait yaradacağını düşünmək sadəlövhlük olar. Bu il qətiyyən ciddi məbləğdə pul sövdələşmələrinə getməməlisiniz. Əks tədqirdə şəxsi büdcənizə ciddi şəkildə zərbə dəyəcək.
Ulduzlar iyul-avqust aylarında özünüzü qorumağın vacibliyindən xəbər verir. Ələlxüsus da çimərliklərdə və nəqliyyatda maksimum ehtiyatlı olmağınız vacibdir. Avqustun sonlarından isə peşə uğurlarınız start götürəcək. Böyük müvəffəqiyyətlərə catmaqda yaxınlarınızın dəstəyini hiss edəcəksiniz. Göstərilən ərəfədə bu vaxta qədər sizə inamsız yanaşanlar öz səhvlərini başa düşəcək və əməyinizi qiymətləndirməyə məcbur olacaqlar. İlin ikinci yarısı bütünlüklə maddi vəziyətinizin qənaətbəxş olacağı gözlənilir. Ailə-sevgi münasibətlərində, həmçinin karyerada hər şey zövqünüzə uyğun tərzdə cərəyan edəcək.
Milli.Az