Mətbəx sirləri: "Sezar" salatı - FOTO
2 Yanvar 2013 07:00
Bir qədər tarixə baş vursaq, necədir?
İtalyan əsilli Amerika aşpazı Sezar Kardini hazırladığı təamın illər sonra bütün dünyada məşhur olacağını ağlına da gətirmirdi. Deyilənlərə görə, onun başı həmin an Hollivudun səsli-küylü çəkiliş qrupunu necə yola verməyə qarışmışdı: restoranda ərzaqları qurtarmışdı. O zaman italyan aşpaz əlinin altında olan ərzaqları toplayıb salat hazırlamağa qərar verdi. Tapdığı isə bunlar oldu: kahı, sarımsaqlı çörək tikələri, zeytun yağı, yumurta, parmezan və vuster sousu. Hə, orada hamının adət etdiyi toyuq əti yox idi. Amma Kardini toyuq əti tapsaydı, çox güman ki, onu da salata əlavə edərdi. İndisə "ekskursiyamızı" bitirib salatın hazırlanma qaydasına keçək. Məlumdur ki, günümüzdə "Sezar" salatının variantları və onun üçün souslar çoxdur. Yəqin, Kardininin buna da acığı tutmazdı, çünki bu salatın variantlarını ilk dəfə elə onun doğma qardaşı axtarmağa başlayıb.
Bir neçə "Sezar" salatının hazırlanma qaydasını təqdim edirik.
Toyuqlu "Sezar"

Tərkibi (2 iri pay üçün):
0,5 baton (200 q)
300 q toyuğun döş əti
1 iri kahı dəstəsi
50 q parmezan pendiri
1 diş sarımsaq
1 pomidor (zövqə görə)
100 ml zeytun yağı
duz
istiot qarışığı
"Sezar" sousu
klassik amerikan sousu:
5 ədəd dənəvər istiot
0,5 ədəd sarımsaq
1 çimdik duz
1 x.q. vuster sousu
3 yumurtanın sarısı
75 ml zeytun yağı
1/4 limon şirəsi
bir qədər dijon xardalı
Toyuq əvəzinə hisə verilmiş qızılbalıq da istifadə edə bilərsiniz.
Toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın.
Tavada 100 ml zeytun yağını qızdırın. Əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Sarımsağı çıxarıb atın. Əgər çox saxlasanız, yağdan pis qoxu gələcək.
Quru çörək batonunu kubik doğrayın. Əgər ərinməsəniz, əvvəlcədən qabığını soyun.
Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alınca qızardın.
Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Onu həm iki yerə bölməklə, həm də nazik şəridlərə bölməklə qızarda bilərsiniz. Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.
Klassik sous. Bu sousun tərkibində vuster sousu var, amma onu şəkərli-limonlu ançous sousuyla əvəz etmək olar (həvəngdəstədə 1 ançousun filesini döyün, yarım diş sarımsaq, bir neçə dənəvər istiot, yarım çay qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib döyün).
Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın və emulsiya halına gələnədək çalın. Yağı ehtiyatla damızdırın, bir qədər çox olarsa, sous lay-lay olacaq. 3 yumurta sarısına təxminən 75 ml zeytun yağı gərəkdir. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.
Vuster sousu istifadə edirsinizsə, ondan 1 x.q. götürün və bu zaman şəkər tozundan istifadə etməyin, limon şirəsini isə 1/4-ə endirin. Çünki vuster sousu özlüyündə elə balıq, şəkər tozu və turşunun (sirkənin) qarışığıdır.
Salatı toparlayın:
Salatı qoyacağınız qaba sarımsaq sürtün. Kahı yarpaqlarını əlinizlə iri doğrayın, boşqaba düzün. Üzərinə sous gəzdirin. Parmezan pendiri səpin.
Doğranmış toyuq ətini üstünə düzün. Yenə üzərinə sous gəzdirin.
Suxarıları əlavə edin, sous gəzdirin, parmezan səpin və gözlətmədən süfrəyə verin.
Kubik doğranmış pomidor da əlavə edəndə dadlı alınır. Ancaq əgər mövsümü deyilsə, pomidorlardan istifadə etməyin.
Böyütmək üçün şəkillərə klikləyin.












Kələmli "Sezar"

Tərkibi:
200 q təzə kələm
1 xiyar
2 toyuğun döş əti
100 q bərk pendir
sous:
100 ml mayonez
1 ç.q. xardal
1 diş sarımsaq
suxarılar üçün:
1 diş sarımsaq
1 sm qalınlıqda 4 dilim ağ çörək
2 x.q. bitki yağı
Kələmi saman kimi doğrayın.
Xiyarı da saman kimi doğrayın.
Toyuğun döş ətini qaynadın, şəridlərə doğrayın.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Ağ çörəyi tərəfi 1 sm olan kubiklərə doğrayın. Tavada yağı qızdırın, çörəkləri iti odda, tavanı tez-tez çevirə-çevirə qovurun.
Sous: mayonez, xardal və xırdalanmış sarımsağı qarşdırın.
Boşqablara bu qayda ilə düzün: kələm + xiyar + toyuq əti + pendir + 3 ç.q. sous + suxarılar.
Böyütmək üçün şəkillərə klikləyin.









Krevetkalı "Sezar"

Tərkibi (2 pay):
kahı
20 ədəd kral krevetkası (dondurulmuş)
0,5 ç.q. dijon xardalı
1 yumurtanın sarısı
0,5 st. + 1 x.q. zeytun yağı
1 ç.q. soya sousu
6 iri çerri pomidoru
1/3 limonun şirəsi
parmezan
sarımsaqlı çörəklər (zövqə görə)
Sous: Yumurtanın sarısını kasaya qoyun. Xardal əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Nazik axınla zeytun yağını əlavə edərək çalın. Limon şirəsi, soya sousu əlavə edərək yenə çalın.
Krevetkaları qovurun. Əgər dondurulmuş krevetkalardan istifadə edirsinizsə, əvvəlcədən onların donunu açın. 1 x.q. zeytun yağını tavada qızdırın, sonra krevetkaları əlavə edərək iti odda 5 dəqiqə qızardın. Krevetkaları "Sezar" salatında həm isti, həm soyuq halda istifadə etmək olar.
Kahı yarpaqlarını əlinizlə doğrayın. Bir qabda sousla qarışdırın. Sonra boşqaba düzün. Üzərinə krevetkaları düzün. Pomidorları 2 yerə bölərək üstünə düzün. Qovrulmuş suxarıları əlavə edin, parmezan pendiri səpin.
Böyütmək üçün şəkillərə klikləyin.











Foto və reseptlər: delfin4ik.ru, foto-recepti.ru, allthatfood.ru
Nuş olsun!
Milli.Az