Voleybol oyununda qaydalar dəyişdirildi

27 Dekabr 2012 15:39
Beynəlxalq Voleybol Federasiyası (FİVB) oyun qaydalarında dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, yeniliklər 2013-cü ildən tətbiq olunmağa başlayacaq.

Belə ki, yeni qaydalara əsasən, top qəbulu zamanı yuxarıdan topu götürmək qadağan edilib. Bunun əvəzində sarı vərəqə ilə cəzalandırılan komandanın rəqibinə 1 xal verilməsi aradan qaldırılıb. Lakin qırmızı vərəqə alarkən digər kluba 1 xal verilməsi qüvvədə saxlanılıb.

Həmçinin hakim 1 əldə sarı və qırmızı vərəqə göstərərkən voleybolçu seti, 2 əldə göstərərkən oyunu tərk etmək məcburiyyətində qalacaq. Amma qaydalar yeni ildən başlayacaq yarışlara şamil edilib. Davam edən turnirlərdə isə bu, yeni mövsümdən tətbiq olunacaq.

Qeyd edək ki, oyun qaydalarının dəyişikliyi çimərlik voleyboluna da şamil edilib.