Bakıda kiril əlifbası ilə yazılmış barelyeflər tarixi abidədir? - FOTO

25 Dekabr 2012 17:50
Latın qrafikalı əlifbaya keçiddən 11 ildən artıq vaxt ötür. Amma biz, hələ də, Kiril əlifbasından tamamilə qurtula bilməmişik. Bunu təsdiqləmək üçün heç uzağa getmək lazım deyil. Bakının mərkəzi küçələrində binaların üzərində Kiril əlifbası ilə yazılan istənilən qədər barelyefə, xatirə lövhələrinə rast gəlmək mümkündür. Xatirə lövhələrinin yer aldığı həmin binalarda vaxtilə çox görkəmli şəxsiyyətlər yaşayıb. Bu gün onların bir çoxunun ad və soyadları, doğum tarixləri ilə bağlı məlumatları isə yalnız Kiril əlifbası ilə oxumaq mümkündür. Elələri də var ki, ad və soyadları yalnız rus dilində yazılıb.

Məsələn, İstiqlaliyyət küçəsinin kəsişdiyi Murtuza Muxtarov küçəsində vaxtilə dövlət xadimləri Bünyad Sərdarov və Səmədağa Ağamalıoğlu yaşayıblar. Belə ki, Səmədağa Ağamalıoğlunun barelyefi Səadət Sarayına bitişik binaya vurulub. Tarixi bina üzdən bərpa olunaraq ağardılıb və müasir görkəmə gətirilib. Dəyişməyən isə təkcə Kiril əlifbalı barelyefdir. Eləcə də üzbəüz binanın divarında Bünyad Sərdarovun barelyefi yer alıb. Yenə də eyni əlifba ilə.

Daha bir misal. Metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən Zivər Əhməbdəyova küçəsini köhnə bakılılar daha çox "Qubanov" küçəsi kimi tanıyırlar. Bu məşhur küçə həmçinin, görkəmli yazıçı və ictimai xadim Süleyman Sani Axundovun mülkü ilə tanınır. Hətta nabələd adamlara "Süleyman Sani mülkünün yaxınlığında..." - deyə bələdçilik də edirlər. Mülk "Zivər Əhməbdəyova 10" ünvanında yerləşir. Təəssüf ki, dildən-dilə, nəsildən-nəslə keçən ünvanın sahibinin kimliyindən indiki nəsil o qədər də xəbərdar deyil. Söhbət heç də Süleyman Sani mülkünün sahibsiz və bərbad vəziyyətdə olmasından getmir. Mülkün ətrafında müəllifin "Qorxulu nağıllar"ını əks etdirən mənzərədən söz açmaq fikrimiz də yoxdur. Sadəcə, yazıçının vaxtilə yaşadığı mülkün divarına vurulan köhnə barelyef söhbət açdığımız digər xatirə lövhələri ilə eyni taleni bölüşür. Kiril əlifbası ilə yazılan barelyefdən görkəmli yazıçının bu mülkdə 1933-39-cu illərdə yaşadığını öyrənmək olur. Mülkün barelyef vurulan həmin hissəsi hazırda şirniyyat dükanına çevrilib. Adama əvvəlcə elə gəlir ki, S.S.Axundov şirniyyat dükanına çevrilən tikilidə yaşayıb. Amma görkəmli yazıçı şirniyyat dükanından arxadakı - az qala uçulmaqda olan binada yaşayıb. İki ildən artıq bu dükanda çalışan satıcılardan biri indiyədək barelyefi görmədiyini söylədi. Digər bir satıcı isə barelyefi görsə də, ümumiyyətlə, belə bir yazıçının nə adını eşitdiyini, nə də kimliyini bildi. Həmin metro stansiyanın yaxınlığında yerləşən görkəmli tarzən Əhməd Bakıxanovun ev muzeyinə vurulan xatirə lövhəsi də Kiril əlifbası ilə yazılıb.

Amma bəzi tarixi binalarda barelyeflərin latın əlifbası ilə yazıldığını görmək mümkündür. Məsələn, Üzeyir Hacıbəyovun ev-muzeyi üzərindəki memorial lövhə latın qrafikası ilə yazılıb. İstər-istəməz, sual yaranır: köhnə barelyeflərin, xatirə lövhələrinin üzərindəki yazılar dəyişdirilməlidirmi?

"Dəyişdirilməlidir!"


Bəzi ekspertlər hesab edirlər ki, Kiril qrafikası ilə yazılan barelyeflərdə yer alan yazıları silib latın əlifbası ilə əvəzləmək elə də çətin deyil. Belə ki, gənc nəslin latın qrafikasına tam şəkildə uyğunlaşması üçün bu problemlər aradan qaldırılmalıdır.

Xalq şairi Fikrət Qoca məsələ ilə bağlı bir neçə dəfə çıxış etdiklərini bildirdi: "Şəhərdə hər addım qoyduğumuz yer bizimdir. Ən xırda əşyanı belə qorumağı bacarmalıyıq. Ölkə başçısının Latın qrafikasına keçilməsi ilə bağlı sərəncamı var və bununla bağlı müəyyən vaxt verilib. Kiril əlifbası ilə yazılan barelyeflərin hələ də dəyişdirilməməsi ölkə başçısının sərəncamına laqeyd münasibətin göstəricisidir".

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əskəroğlu qeyd etdi ki, məsələ ilə bağlı əlaqədar qurumlara rəsmi müraciət ünvanlamasalar da, narazılıqlarını səsləndiriblər. Düzdür, bu narazılıqları YB-nin divarlarından kənarda eşidilməyib: "Barelyeflər dəyişdirilib Latın qrafikası ilə yazılmalıdır. Çünki gənc nəsil bunları oxumalı, həmin şəxsiyyətlərin kimliyini bilməli, öz keçmişi ilə maraqlanmalıdır. Gənc nəsil keçmişə aid materialları bugünkü əlifba ilə oxumalıdırlar".

20-30 ildən sonra


Barelyeflərin yazılışına fərqli münasibət isə professor Yusif Seyidovun dilindən səsləndi: "Bildiyim qədər, bu barelyeflərə toxunmaq olmaz. Onlar da abidədir. Necə yazılıbsa, elə də qalmalıdır. İnqilabdan əvvəl qoyulan bir abidəni dəyişmək olmaz. Gərək bilinsin ki, həmin barelyef nə vaxt yazılıb". Y.Seyidovun fikrincə, bundan sonra vurulan barelyeflər latın qrafikası ilə yazılmalıdır. Professor hesab edir ki, həmin barelyeflərin yanında alternativ lövhələrin vurulmasına da ehtiyac yoxdur: "Onda gərək şəkil də dəyişə. Fikrimcə, abidə qoyulduğu kimi, aid olduğu dövrün formasını əks etdirməlidir". Bununla belə, Y.Seyidov hesab edir ki, əgər barelyefin vurulduğu bina bərpa olunur, tamamilə yenilənirsə, onda barelyef də dəyişməlidir: "Əgər binada təmir işləri aparılmırsa, onda barelyef də toxunulmaz qalmalıdır".

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva bir sıra reklam lövhələrinin və barelyeflərin hələ də Kiril qrafikası ilə qalmasını diqqətsizlik kimi dəyərləndirdi: "Qloballaşma şəraitində Azərbaycan dilinin qorunması ilə bağlı ölkə başçısının bu il dəyərli bir sərəncamı olub. Bu istiqamətdə mövcud olan boşluqların doldurulması və problemlərin aradan qaldırılması üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilməlidir". Millət vəkilinin sözlərinə görə, problemlə bağlı ziyalılar dəfələrlə öz narahatlıqlarını dilə gətiriblər: "Azərbaycan dilinin saf şəkildə gələcək nəsillərə çatdırılması hər birimizin ümdə vəzifəsi olmalıdır. Çünki dil strategiyadır, mənəviyyatın göstəricisidir. Dilin müxtəlif sahələrdə işlənməsi ilə bağlı yaranan qüsurlardan biri də məhz küçələrdəki reklam lövhələrinin, barelyeflərin üzərindəki yazıların çox vaxt Azərbaycan dilində, Latın qrafikası ilə yazılmaması ilə bağlıdır".

J.Əliyevanın sözlərinə görə, problemlə bağlı artıq nəzarət qrupu yaradılıb: "Çox təəssüf ki, bu günə qədər hələ də bu cür lövhələrə, barelyeflərə rast gəlirik. Bu lövhələr ana dilində və qəbul olunan əlifba ilə yazılmalıdır. Biz hələ də küçələrdə kiril əlifbası ilə yazılan lövhələrə rast gəlirik. Düşünürəm ki, əlaqədar təşkilatlar bu məsələ ilə daha yaxından məşğul olacaqlar. Ölkəmizə daxil olan xarici vətəndaşlar həmin yazıları oxuduqları zaman öz dili, əlifbası, ənənəsi olan bir ölkəyə gəldiklərini biləcəklər". Həmin barelyeflərin, lövhələrin tarixi abidə hesab edilməsinə gəlincə, millət vəkili hesab edir ki: "Hər bir məsələyə müxtəlif baxışlarla yanaşmaq mümkündür. Tarixilik baxımından bəlkə də həmin barelyefin binaların üzərində qalması yararlıdır. Amma digər tərəfdən, bu gün artıq Kiril əlifbası ilə oxuyub-yazmağı bacarmayan bir nəsil böyüyür. Yəqin ki, Kiril əlifbasını bilən ən son nəsil bizlərik. Belə çıxır ki, 20-30 ildən sonra, ümumiyyətlə, o barelyeflərdə nə yazıldığını bu ölkənin öz vətəndaşları da bilməyəcəklər. Əgər bilməyəcəklərsə, demək, o barelyef öz əhəmiyyətini də itirmiş olacaq". Millət vəkili hesab edir ki, ölkə başçısının sərəncamı ilə yaradılan Dil komissiyası bu məsələyə də toxunacaq: "Bu, çox əhəmiyyətli məsələdir. Yaxın vaxtlarda komissiyanın iclası keçirilərsə, bu məsələni də gündəmə gətirmək olar".

Barelyeflərin, xatirə lövhələrinin yazılması ilə birbaşa məşğul olan aidiyyatı quruma - Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız zənglər isə cavabsız qaldı. Zənglərimizi ümumi şöbədən başqa bir şöbəyə, daha sonra mətbuat xidmətinə istiqamətləndirdilər: "Bilirsiniz ki, hər bir idarənin mətbuat xidməti fəaliyyət göstərir. Onlarla əlaqə saxlamaq lazımdır". Amma Bakı şəhər İH-nin mətbuat xidmətinin telefonuna gün ərzində cavab verən tapılmadı.

Gəldiyimiz nəticə isə belə oldu: hər halda tarixi binalar üzərindəki barelyeflərin, xatirə lövhələrinin "abidə hesab edilməsi", həmçinin üzərində yer aldığı binaların da tarixi abidə hesab edilməsi anlamına gəlir. Bir halda ki, Səadət Sarayının binası təmir olunub, Süleyman Sani mülkü yerlə-yeksan edilmək təhlükəsindədir, Əhməd Bakıxanovun ev muzeyi bu-gün sabah sökülmək təhlükəsi ilə üzləşib, onda hansı tarixi abidənin və ya barelyefin dəyərindən danışmaq olar? Ya bəlkə belə deyək: tarixiliklə müasirliyi necə fərqləndirməli?

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.