Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd
24 Dekabr 2012 17:27
Dünya muzeylərini bəzəyən zərif əsərlər...
Bu gün dünyanın ən böyük muzey və kitabxanalarında dəyərli sənət inciləri kimi saxlanılan əsərlərdə təsvir edilmiş miniatürlər sübut edir ki, Azərbaycan miniatür sənəti yüksəliş zirvəsinə çatana qədər uzun inkişaf yolu keçmişdir. Belə nümunələrə Firdovsinin "Şahnamə"sini və Nizaminin "Xəmsə"sini, Sədi və Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və Şərq poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları tərəfindən illüstrasiyalarla bəzədilmiş əlyazmalarını, həmçinin xüsusi albomlarda - "Mürəkkə"lərdə toplanmış miniatürləri göstərmək olar.
XVI əsrin 30-40-cı illəri Azərbaycan miniatür sənətinin yüksəliş dövrü hesab edilir. Mədəniyyət tariximizə böyük töhfələr vermiş bu sənətkarlar tarix və ədəbiyyata yaxşı bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy Əfşar, xəttat dekorativ sənət ustaları olmuşlar. Bu fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışlar. Dövrün bu istedadlar nəslinə isə Ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi.
Sultan Məhəmməd Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub. O, eyni zamanda dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
Özbək hakimi Şeybani xanın məğlubiyyətindən sonra 1510-ci ildə Şah I İsmayılın qoşunları Herata girərkən oradan bir çox rəssamları özləri ilə Təbrizə gətirmişdilər. İngilis sənətşünası Bazil Qreyin yazdığı kimi, 1521-ci ildə böyük Behzad da görünür, Şah İsmayılın göstərişi ilə Heratdan buraya gəlir. İsfahan, Qəzvin və İranın digər iri şəhərlərindən gəlmiş ustalar da burada çalışırdılar. O zaman artıq Sultan Məhəmməd saraydakı bədii emalatxanaya rəhbərlik edir, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi. Behzadın Təbrizə gəlişindən bir il və ya daha az bir müddət sonra 1522-ci ildə Şah İsmayıl özünün xüsusi fərmanı ilə onu Kitabdar (kitabların qorunmasına cavabdeh şəxs) və baş sənət müfəttişi təyin edir. Ancaq Şah İsmayılın ölümündən sonra onun oğlu şah I Təhmasib həmin vəzifəyə yenidən Sultan Məhəmmədi qaytarır.
Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat olmadığı üçün, onun 1490-cı ildə anadan olması, XVI əsrin ortalarında isə vəfat etdiyi təxmin edilir.
Şah Təhmasibin müəllimi
Sultan Məhəmməd yaradıcılığının görkəmli tədqiqatçısı K.Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən çətinliklə toplaya bildiyi məlumatları gətirir.
Onun müşahidəsinə görə, rəssamlar haqında bəhs olunan ən erkən mənbələrdən biri, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış "Halati-hunər-vəran" əsərində belə deyilir: "Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Şah Təhmasib nəzərdə tutulur) həzrətlərinə həsr olunmuş "Şahnamə"si çox gözəldir. Burada pələng dərisi geymiş adam elə inandırıcı təsvir olunub ki, pələng ürəyi yemiş ən ürəkli sənətkarlar belə, həmin əsərə həsədlə baxmış və ustadın qarşısında baş əymişlər".
Daha sonra K.Kərimov Qazi Əhməd adlı bir müəllifin 1596-1597-ci ildə qələmə alınmış "Gülüstani hünər dər halat-i xəttatan və nəqqaşan" adlı əsərindən aşağıdakı sətirləri yada salır: "Ustad Sultan Məhəmməd əslən paytaxt şəhəri Təbrizdəndir. Usta Behzadın Heratdan İraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd şahın kitabxanasında işləyirdi. Məskəni behişt, yeri cənnət bağları olsun, usta Behzad dörd iqlimin bu Xosrovunun yanında məşğul oldu və onun cənnətə layiq sənətkarlığı rəssamlıq sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd qızılbaşları hamıdan yaxşı təsvir edirdi. O, cənnətə də elə Təbriz şəhərindən köçdü".
XVII əsrin əvvəllərində yaşamış görəmli tarixçi İsgəndər bəy Türkman Münşi şəhadət verir ki, "Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olmuşdur" (Vikipedia).
Budaq Qəzvini (1530-1556) yazır ki, Şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş "Şahnamə"nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləmişdilər. Köçürülməsi və illüstrasiyası üçün 5-10, hətta 20-30 il lazım gələn əlyazmalar haqda başqa orta əsr müəlliflərinin də əsərlərində qeyd olunur. Beləliklə, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmalar üzərində iş hələ Şah Ismayılın vaxtında başlamışdı. Bu isə o deməkdir ki, həmin əlyazmalar üzərində iş Behzad Təbrizə gəlməmiş başlanıb.
Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir. "Ehtimal ki, bu dövrdə şahın emalatxanası yalnız əlyazma kitablarının hazırlanması ilə deyil, həm də saxsı və metaldan məmulatlar düzəltmək, xalçalar və ipək parçalar toxumaq işi ilə də məşğul olurdu.
"Ustad"ın dünyaca məşhur davamçıları
Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın özünün və onun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Onun əsərlərindən "Şahnamə" (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin "Xəmsə"si (1539-1543) Londondakı Britaniya Muzeyinin, Hafizin "Divan"ı Kembricdəki Foqq muzeylərinin bəzəyidir.
Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin nadir incinin qazandığı dünya şöhrətini Sultan Məhəmməddən başqa görkəmli Azərbaycan xəttatı Şah Mahmud Nişapuri, haqqında söz açdığımız emalatxananın miniatürçü rəssamlarından Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli və Müzəffər Əli də bölüşürlər.
XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və ardıcılları da vardı. Onun "Ustad" deyə çağırılması da bununla bağlı idi. Sultan Məhəmmədin Ustadın tələbələri arasında onun öz oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da vardı. Onların hər biri böyük sənətkar olmaqla yanaşı, Sultan Məhəmməd ənənələrinin davam etdirilməsində və Azərbaycan miniatür sənətinin gələcək inkişafında böyük xidmətlər göstərmiş, Təbriz məktəbinin ənənələrini bütün Şərqə yaymışdılar. Təkcə Türkiyə və Hindistana getmiş rəssamları xatırlamaqla bunu görmək mümkündür. Onlardan Türkiyənin miniatür sənətinin inkişafında böyük xidmətləri olmuş Şah Qulunun, həmçinin imperatorlardan Humayun və Əkbərin sarayında uzun müddət çalışmış və Hindistanın kitab miniatürü sahəsində silinməz izlər qoymuş Mir Seyid Əlinin adlarını çəkmək kifayətdir...
"Azadlıq" qəzeti