Ermənistanda qumar masası üzərində siyasət: döyüşə qumarbazlar, yoxsa oliqarxlar gedəcək?

7 İyul 2010 10:16
Ay Serjik, döyüşə kimi göndərəcəksən?


Ötən yazımızda cəbhə xəttində baş vermiş insidentin Ermənistanın içində bir sıra problemlərə yol açacağı barədə təxminlərimizi qeyd etmişdik. Həmin təxminlərdə vurğulamışdıq ki, erməni müxalifəti hər nə qədər ölkəsinin maraqlarını qorumağa cəhd etsə də, artıq bir sıra reallıqları qəbul etmək məcburiyyətində qalıb və bu da yekunda Sərkisyan hakimiyyətinə qarşı mübarizənin sürətlənəcəyinə gətirib çıxaracaq. Artıq həmin ehtimallar özünü doğrultmağa başlayıb.

"Sərkisyan hakimiyyətinin sifəti yekə qarından ibarətdir"

Qeyd edək ki, Ermənistanda hal hazırda müzakirə olunan məsələlərdən biri Serj Sərkisyan hakimiyyətinin korrupsiyalaşması və oliqarxların vəzifə başında olması, habelə müharibə başlayacağı təqdirdə döyüşə kimlərin göndəriləcəyi ilə bağlıdır. Bununla bağlı çeşidli fikirlərin olmasına rəğmən ən maraqlı məqam da odur ki, erməni mətbuatı Sərkisyan hakimiyyətini ələ salmağa başlayıb.

"Aravot" qəzetinin son saylarından birində dərc olunmuş "Serj Sərkisyan məcburiyyət qarşısında qalıb oliqarxlarını döyüşə göndərəcək" başlıqlı məqalədə Azərbaycan və Ermənistan ordusunun səviyyəsi müqayisə olunub. Qəzet yazır: "Biz yaxşı bilirik ki, Azərbaycan qısa müddət ərzində hansı qiymətə və hansı yeni nəsil hərbi texnika alıb. Həmin hərbi texnika ilə Bakı Stepanakertə (Xankəndi - red.) hücum etməyi planlaşdırır. Bunun qarşısını ala biləcək qədər qüvvəmizin olub-olmadığını bilmirik. Ağdərədə baş vermiş toqquşmadan sonra isə qorxumuz bir qədər də artıb".

Erməni mətbuatı daha sonra yazır ki, Ermənistan hakimiyyəti son toqquşmadan sonra kifayət qədər qorxub. "Aravot" hətta Ermənistan prezidenti, nazirləri və parlamenti ölkənin hakimiyyəti olaraq qəbul edilmədiyini də etiraf edib. "Onları Ermənistan hakimiyyəti hesab etmək olmur. Ona görə ki, onların üzünə baxan zaman sifət deyil, bütöv bir qarın görmək mümkündür. Belə adamlar heç bir vaxt cəsarətli olmurlar. Əgər onların qorxaqlığı daha da davam edərsə, o zaman bütün məsuliyyət Serj Sərkisyan və onun oliqarx komandasının üzərində qalacaq".

"Aravot" məqalənin sonunda Sərkisyanın müharibə başlayacağı təqdirdə orduya kimləri göndərəcəyi barədə də suala aydınlıq gətirməyə çalışıb. "İnanmasaq da, ümid edirik. Yəqin, Sərkisyan düşünür ki, döyüş başlayacağı təqdirdə cəbhəyə yaxşı silahlanmış oliqarxlarını göndərməli olacaq. Ancaq onlar döyüşə biləcəklər, ya yox, bu, hələ bəlli deyil".

Sərkisyandan necə xilas olmalı?

7or.am saytı isə bir sıra təhlili yazılarla çıxış edərək, Qarabağ münaqişəsinin həlli və Serj Sərkisyan hakimiyyətindən necə xilas olmağın yollarını axtarıb. "Sərkisyandan xilas olmaq lazımdır" başlıqlı məqalədə vurğulanır ki, hal hazırda Ermənistan prezidenti sabiq dövlət başçısı Ter-Petrosyanın yürütdüyü siyasəti davam etdirir. "Vəziyyət kifayət qədər dumanlıdır. Sanki 1998-ci ildə cərəyan edən proseslər baş verir. Həmin vaxt Leovn Ter-Petrosyan Ermənistan prezidenti olaraq Qarabağın statusunu bir kənara qoyub, torpaqları iqtisadi maraqlara görə Azərbaycana vermək istəyirdi. İndi isə analoji addımı Serj Sərkisyan atır. Əgər Sərkisyan Ter-Petrosyan variantına gedərsə - hərçənd hazırda həmin variant üzrə hərəkət edir - o zaman hakimiyyətini itirməli olacaq. Əgər həmin yoldan dönərsə, daha pis bir vəziyyət yaranacaq. Onsuz da Azərbaycan yetərli qədər imkanlar əldə edib. Bir sözlə, istər Ter-Petrosyan, istərsə də Sərkisyan təslimçilik yolunu gedirlər. Sadəcə, biri sürətli məğlubiyyət aldı, digəri isə asta-asta məğlubiyyətə doğru gedir".

7or.am daha sonra yazır ki, Sərkisyan indiyə qədər Azərbaycan tərəfi ilə danışıqlarda sərt dildə danışa bilməyib. Məqalədə vurğulanır ki, hal-hazırda Ermənistanın daxilindəki atmosferi nəzərə almaq lazımdır və bu da ölkədə hakimiyyət dəyişikliyini tələb edir. "Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, bütün sistemin dəyişilməsi anlamına gəlir. Həmçinin hakimiyyət dəyişikliyi yeni atmosferin yaranmasını şərtləndirəcək ki, bu da mahiyyət etibarı ilə danışıqların formasını fərqli istiqamətə yönəldə bilər".

Məqalənin sonuncu cümləsi isə belə başa çatır: "Serj Sərkisyandan xilas olmaq hal-hazırda bütün siyasi hadisələrin fövqündə dayanmalı və əsas deviz olmalıdır. Bunu həyata keçirmək üçün isə bütün cəmiyyət ayağa qalxlmalı və mübarizə aparmalıdır. Sanki düşmənlə mübarizə aparırmışlar kimi".

Rədd olsun, Robik-Serj ittifaqı!

Təbii ki, Serj Sərkisyanı hakimiyyətə gətirən və onu özünün varisi olaraq təqdim edən əsas siyasət adamı sabiq prezident Robert Koçaryan olub. 2008-ci ilin prezident seçkiləri zamanı Sərkisyanı hakimiyyət olimpinə daşıyan Koçaryan dolayısı ilə bəyan edirdi ki, iqtidar başına hakimiyyət partiyası keçir. Erməni siyasətçiləri və analitikləri isə hazırkı vəziyyəti qiymətləndirərək bəyan edirlər ki, XXI əsrdə müharibə partiyasının hakimiyyət başında olması kifayət qədər təhlükəlidir və bu səbəbdən də Robert Koçaryanın ittiham olunması üçün yetərli qədər əsaslar var.

Qarabağda gedən müharibənin ilkin mərhələsində Azərbaycan torpaqlarının işğal edilməsinə xoş yanaşan həmin ekspertciklər əslində çox gözəl başa düşürlər ki, Koçaryan-Sərkisyan tandemi mahiyyət etibarı ilə Ermənistanı məhvə aparır. Məsələn, "Panorama.am"ın David Stepanyan adlı müəllifinin yazdığı "Rədd olsun müharibə və məğlubiyyət partiyaları" adlı məqaləsində qeyd edir ki, Koçaryanın varisi olan Sərkisyan Ermənistanı arabanın 5-ci təkərinə çevirib: "Bu hakimiyyət Ermənistanı özünəqəsdə sürükləməklə bərabər, həm də məğlubiyyət vəd edir. Qarabağda baş vermiş son hadisələr də göstərdi ki, faktiki olaraq Ermənistan hakimiyyəti şərəfsizlik xarakterinə malikdir" - deyə erməni eksperti yazır.

Azərbaycanın atdığı son addımları da təhlil edən Stepanyan vurğulayır ki, Ermənistanın içindəki böhran, iqtisadi tənəzzül və siyasi sahədəki zəifliklər Bakının rahatlıqla hərəkət etməsinə imkan verir. "Azərbaycanda görürlər ki, Ermənistanda hakimiyyət və müxalifət arasında məğlubiyyət əhval-ruhiyyəsində olan qüvvələr var. Buna görə də, hücuma keçərək, istədiyini əldə etməyə başlayıb".

İkisi də bir bezin qırağıdır!

Ter-Petrosyanla Sərkisyanı da müqayisə edən müəllif qeyd edir ki, onlar arasında heç bir fərq yoxdur. Stepaniyanın təhlilinə görə, "Əgər Ter-Petrosyan Qarabağı geri qaytarmaqla iqtisadi inkişaf yolunu görürdüsə, Sərkisyan da Türkiyə ilə yaxınlaşmaqda analoji çıxış yolu tapıb. Və pis olan da budur ki, hər iki şəxs bu addımları Ermənistanın milli maraqlarına uyğun hesab edirlər".   

Robert Koçaryanın Ermənistanda hakimiyyətə gəlməsi ilə vəziyyətin dəyişəcəyini düşünənlərin artıq yanıldığını və onun özündən sonra daha böyük bəlanı Ermənistana bənd etdiyini vurğulayan erməni müəllif hesab edir ki, yeni bir sistemin qurulmasına zərurət var. "Koçaryan 1998-ci ildə hakimiyyətə gələndə böyük əksəriyyət elə düşünürdü ki, Qarabağ məsələsini həll etmək mümkün olacaq. Həmçinin Ermənistanın güclənəcəyini düşünürdülər. Amma 2008-ci ildə hakimiyyətdən getdikdən sonra öz yerinə gətirdiyi Sərkisyan elə bir bəla olub ölkənin boğazına keçib ki, nə ondan xilas olmaq mümkündür, nə də bu şəkildə yaşamağı qəbul etmək. Özünü yalançı "vətənpərvər" kimi təqdim etməklə də iş bitmir. Ölkəni indiki çıxılmaz vəziyyətdən çıxarmaq lazımdır. Amma Sərkisyanın buna gücü və cəsarəti çatacaqmı?".

David Stepaniyan məqaləsinin sonunda çıxış yolunu da göstərir. O, qeyd edir ki, XXI əsrdə hakimiyyətdə müharibə partiyasının varlığı Ermənistana yalnız məğlubiyyət gətirir. "Belə partiyalara ölkədə yer olmamalıdır. Onlar necə olursa-olsun hakimiyyətdən getməlidirlər".

Qeyri-ciddi Sərkisyan

Ermənistanın siyasi camiəsi də faktiki olaraq baş verən hadisələrin ardından Serj Sərkisyanın siyasətini topa tuturlar. Yalan maşını əleyhinə işləyən Ermənistan prezidenti haqqında açıqlama verən Liberal Partiyasının sədri Ovanes Ovanesyan deyir ki, möhkəm prezident olmaqdansa, ciddi dövlət başçısı olmaq daha yaxşıdır.

Ermənistanın hazırkı prezidentinin saxta yollarla seçildiyini də vurğulayan partiya sədri hesab edir ki, Serj Sərkisyan insanların qanı üzərində hakimiyyət başına gəlib. "1 mart hadisələri və saxta seçkilər yolu ilə Serj Sərkisyan hakimiyyətə gəldi. Onun əli erməni xalqının qanına batıb. Beynəlxalq təşkilatlar bu hadisələri yadlarından çıxarmayıblar və proseslərin gedişatını izləyirlər. Fakt odur ki, Sərkisyan beynəlxalq təşkilatların əlində yetərli qədər bəhanələr verir və bu bir gün onun öz başında çatlayacaq".

Ovanesyan həmçinin Robert Köçəryanı da ittiham edib. O deyib ki, istər 1 mart hadisələri, istər saxta seçkilər, istərsə də Qarabağ danışıqlarının indiki vəziyyətə düşməsində keçmiş prezidentin böyük rolu olub. "Robert problemlər yarada yarada hakimiyyətini başa vurdu. İndi isə bütün problemlər Serjin çiyinlərində qalıb. Onun altından necə çıxacağı isə bəlli deyil".

Qukasyan varis elan olunacaq?

Bu əsnada hayinfo.ru-nun yazarlarından biri Karen Akopcanyan isə maraqlı bir iddia ilə çıxış edib. O, "İrəvanda qərarları kim qəbul edir?" başlıqlı yazısında vurğulayıb ki, hal-hazırda oliqarxlar Ermənistanı idarə etməklə yanaşı, təkbaşına qərar vermək haqqına da sahib olublar.
Amma yazıda başlıca maraqlı məqam Qarabağdakı erməni terrorçularının rəhbəri Arkadii Qukasyanın siyasətə qayıdaraq, Ermənistanın prezidenti olacağıdır. "Qukasyan futbol diplomatiiyası ilə məşğul olur. Serjin yerinə. Onun varis elan ediləcəyinə isə siyasi elitada inananlar az deyil. Ona bu gün həmçinin Qarabağ danışıqlarında sənədlərin hazırlanması ilə yanaşı, xarici siyasətin idarə edilməsini də tapşırıblar. Heç də təsadüfi deyil ki, Sərkisyan sonuncu dəfə diaspora ilə görüşə yollanarkən onu Qukasyan müşayət edirdi. Belə başa düşmək olar ki,  Serjlə Arkadii "futbol" oynayırlar. Nalbandiyan isə sadəcə, marionet kimi nəzərdə tutulur. O, sadəcə, idarə olunan kukla kimi çıxıb danışmaqla məşğuldur".

Qumarbazların hakimiyyəti

Ermənistanda nəşr olunan "Corrord Inknishkhanutyun" qəzeti isə Sərkisyan hakimiyyətini qumarbazlıqda ittiham edib. Qəzet yazır ki, qumarbazlıq pis bir lşeydir və normal ölkələrdə bu, xəstəlik kimi qəbul edilir. Müəllif hətta onu da yazır ki, həmin ölkələrdə qumarbazlıq xəstəliyini müalicə etmək üçün mərkəzlər belə mövcuddur.
 
Müəllif qeyd edir ki, Ermənistan hakimiyyətində qumarbazlıq daha geniş yayılıb və onları şüurlu şəkildə həyata keçirirlər. "Məhz buna görədir ki, Sevan, Saxadzor və Cermukda qumarxanalar yaradılıb. Halbuki Sərkisyan hakimiyyətə gəlməmişdən əvvəl gənclərə əxlaq öyrədəcəkləri və dəyərləri qoruyacaqları barədə pafoslu çıxışlar edirdi".

Ermənistanda qumarbazlığı geniş şəkildə təbliğ etmək üçün artıq televiziyaları da bu prosesə qoşduqlarını vurğulayan müəllif yazır ki, qısa müddətdə gənclər belə bu bəlanın içinə daxil olmağa başlayıblar. "Ermənistan hakimiyyəti dünyada nə qədər "gözəl" işlər varsa, onları təbliğ etməklə məşğuldur. Məsələn, alkoqollu içkilər, siqaret, porno, qumar və s. Aydın məsələdir ki, bunu məqsədli şəkildə həyata keçirirlər və məqsəd insanların şüurlarını məhv etmək və onları xəstəyə çevirməkdir. Ən azından bunları dövlət həyata keçirməməlidir. Ancaq həqiqət budur ki, Ermənistan iqtidarında olanlar özləri ən böyük qumar xəstələridir. Bundan artığını onlardan gözləməyə dəyərmi?". Bu sualı ermənilər özləri özlərinə verirlər...

Aydın A.
Milli.Az