Qanını ver, uzun ömür yaşa...
20 Dekabr 2012 15:30
Qan hədiyyəsi
Donor termini latınca "dono" sözündəndir, mənası "bağışlayıram" deməkdir. Təbii ki, donorluq nəcib işdir. Üstəlik, sağlamlığa faydası da var. Əvvəllər hətta qan verməklə 30-40 manat qazanmaq da olurdu...
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, daim qan verən donorlar "adi" adamlarla - yəni qan verməyənlərlə müqayisədə 5 il daha çox yaşayırlar.
Bunun səbəbi immunitetin müntəzəm stimullaşdırılması ilə bağlıdır. Çünki qan verən insanda yeni qanın yaradılması prosesində praktiki olaraq orqanizmin bütün hüceyrələri yenilənir. Odur ki, biz qan verməklə sadəcə, xeyirxahlıq etməklə, yalnız qan köçürülməsinə həyati ehtiyacı olan kimisə ölümün pəncəsindən xilas etməklə qalmırıq, həm də özümüzü yeniləyirik, daha sağlam və yaxşı görünüş sahibi oluruq.
Bunlar gəlişigözəl sözlər deyil və qan verməyin başqasından çox, donorun özünə faydası olması tibbi baxımdan sübut edilmiş gerçək faktdır. Məsələn, daim qan verən donorun böyük qan itkisi zamanı yaşamaq şansı daha çoxdur.
Təəssüflər olsun ki, günümüzdə kimsə qan itkisi ilə bağlı situasiyalara düşməkdən sığortalanmayıb. Avtomobil qəzası, bədbəxt hadisə, ağır cərrahi əməliyyat, çətin doğuş, talassemiyalı, hemofiliyalı uşaqlar, anemiyadan əziyyət çəkənlər... qan itkisi situasiyları ilə bağlı siyahını daha da uzatmaq olar.
Beynəlxalq tibbi statistika göstərir ki, müntəzəm qan verənlər bədbəxt hadisələrdə qan itkisini nəinki yüngül keçirirlər, həm də donor olmayanlarla müqayisədə tez sağalırlar.
Məsələnin dərinliyinə enməzdən əvvəl müntəzəm donorluq barədə qısaca məlumat verək: donorlardan bir dəfəyə (1 porsiya) alınan qan 350-450 ml olur. Müntəzəm qan vermək qan verməməkdən, hətta ildə bir dəfə verməkdən belə yaxşıdır. Müntəzəm o demək deyil ki, donorlar ucdantutma qanını "açıb buraxmalıdır". Daimi donorlar üçün məhdudiyyətlər var - 60 gündə bir dəfə qan verilməlidir. Kişilərə qan verməyə ildə maksimum 5 dəfə, qadınlara isə 4 dəfə icazə verilir...
Donorlardan alınan 350-450 ml qan elə də böyük qan itkisi deyil, insanın sağlamlıq durumuna demək olar ki, təsir etmir. Bununla belə və hər halda, bədəndə mayenin həcmi azalır - bu zaman onurğa beyni öz işini fəallaşdırır ki, bu itkini kompensasiya etsin. Onurğa beyni sürət tempini bir neçə dəfə artırmaqla yeni qan hüceyrələri hazırlayır. Əgər bu, müntəzəm baş verirsə, orqanizm həmin fəaliyyət sxemini "yadda saxlayır" və kritik situasiyalar zamanı (məsələn avtoqəzada qan itirəndə) bu sxem üzrə işləməyə başlayır, hətta böyük qan itkisinin öhdəsindən effektiv şəkildə gəlməyi də bacarır.
Bundan başqa, daimi donorluq "azar yığılması"na qarşı yaxşı profilaktikadır. Belə yığılma qrupuna ateroskleroz, podaqra, qaraciyərin, mədəaltı vəzin funksiyasının, əsas maddələr mübadiləsinin pozulması və s. daxildir.
Bir vaxtlar qanitirmə uzun müddət insanlar üçün normal hadisə sayılırdı: əvvəllər insanlar döyüşlərdə və ya ovda daha çox yaralanıb qan itirirdilər. Biz hazırda nisbətən daha münasib və rahat dövrdə yaşayırıq (təbii ki, torpaqlarımızı hərbi yolla qaytarsaq, bu, qan bahasına olacaq, hazırdasa atəşkəsdir, cəbhədən uzaqlarda cəbhə xəttindəki daha çox əsgər həlak olur). Lakin sakit dövrlər sağlamlığa yalnız fayda vermir. Müasir insanların bir çoxu üçün qanın durğunluğu xarakterik haldır - qan çox ləng yenilənir və onda çoxlu zərərli maddələr toplanır. Donor müntəzəm qan verəndəsə, bu maddələrin bir hissəsi orqanizmdən çıxır.
İnsanın özünü yaxşı hiss etməməsinə qanın özünün elementləri də səbəb ola bilər. Məsələn, qocalmış eritrositlər qandan dalaq və qaraciyər vasitəsilə çıxırlar. Əgər orqanizmdə onların sayları çoxdursa, bu orqanların yüklənməsi artır. Qan verərkənsə qocalmış eritrositlər çıxarılır və onların yerinə onurğa beyninin yenicə hazırladığı yeni qan gəlir.
Mahiyyəti etibarı ilə donorluq - qədim vaxtlarda müalicə metodu sayılan qan aldırmaqdır. Lakin müasir dövrdə onun miqyası - qan itkisinin 450 ml-dən artıq olmaması elmi cəhətdən əsaslandırılıb, təhlükəsizlikdir və ciddi nəzarət altındadır.
Qanyaratma sisteminin aktivləşməsi zamanı yalnız eritrositlər deyil, qırmızı onurğa beyninin yeni hüceyrələri - leykositlər də yaradılır. Onların əsas funksiyası isə orqanizmi virus, bakteriya və başqa təhlükəli təsirlərdən qorumaqdır. Ona görə də müntəzəm qan verən donorlarda immunitet möhkəmdir, onlar az-az xəstələnir və bir çox xəstəliklərin öhdəsindən gələ bilirlər.
Müxtəlif söz-söhbətlərə rəğmən qan verilməsində sağlamlıq üçün önəmli bir risk yoxdur. Donasiya (qan verərkən) zamanı belə bir risk yoxdur ki, siz nəyəsə yoluxacaqsınız, sadəcə, qolunuzda iynənin göyərmiş yeri qalacaq.
Bununla yanaşı, aşağıdakı tövsiyələri vermək olar:
- Qanı yaxşı olar ki, modern avadanlıqlarla təchiz edilmiş müasir qanköçürmə stansiyalarında verəsiniz;
- Donasiyadan sonra qan verdiyiniz məntəqədə təxminən 1 saata yaxın oturmanız, bir stəkan çay və ya meyvə şirəsi içməniz məsləhətdir, yoxsa bayılmaq riski var.
- Özünüzü pis hiss edirsinizsə, qan vermək vacib deyil. İdealda donor - sağlam həyat tərzi keçirən və bu işi ürəyinin çağırışı ilə könüllü edən şəxsdir.
Yeri gəlmişkən, insan özünün də donoru ola, qanı özü üçün toplaya bilər. Xaricdə belə praktika - autodonorluq geniş yayılıb: planlaşdırılan cərrayihə əməliyyatına hazırlaşan və başqasının donor qanının köçürülməsini istəməyənlər 6 ay əvvəldən öz qanlarını yığırlar.
QANqaraldıcı köçürmələr
Qan alıb-verməyin pozitiv tərəflərindən danışdıq. Donorluq tamamilə pozitiv, nəcib işdir. İşin digər tərəfində - qanköçürmədəsə neqativlər önə çıxır.
Çünki qanköçürmə özündə ciddi riskləri daşıyır. Bundan başqa, donor qanı yad toxumadır və immun problemi yarada bilər. Həmçinin qanla infeksion xəstəliklərin ötürülməsi ehtimalı var. Problem bundadır ki, mikroblar dəyişir, mutasiyaya uğrayırlar, onların elə yeni ştammları yaranır ki, müasir test-sistemlər həmişə onları aşkar edə bilmir.
Bu sıraya Hepatit B və C də daxildir. Belə bir problem də var ki, virus qana düşsə də, ona immun cavab üçün antitel tezliklə hazırlana bilmir. Bəzi virusların daşıyıcıları ilk vaxtlarda ("pəncərə dövrü"), hətta aylarda belə xəstəliyə məruz qaldıqlardan bixəbər olurlar. Təbii ki, onların donorluğu təhlükəlidir. Bu problemi iki yolla həll etmək olar - laborator tədqiqatların keyfiyyətini qaldırmaq və donorun özünün şüurlu olması.
Bundan başqa, zəruri tələbat olmadan özünüzə qan köçürməyin.
Baha və ucuz qan
Qan mahiyyətcə bahalı şeydir - ən azı çox qan itirmək insanın həyatı bahasına başa gələ bilər.
Belə bir ifadə də var: qan bahası. Qədimlərdə bir insan öldürülükdə qatilin yaxınları öldürülən şəxsin doğmalarına qan bahası kimi böyük məbləğdə pul verirdilər.
Və yaxud deyirik ki, "qanımız bahasına olsa da, torpaqlarımızı qaytaracağıq". Burada da qanın qiyməti həyata bərabərdir.
Donor qanının isə vahid qiyməti yoxdur və yaxud könüllü olaraq pulsuz verilir. Ümumiyyətlə, dünyanın 62 ölkəsində (ABŞ, Böyük Britaniya, İsveçrə, İspaniya və s.) donor qanı əvəzsiz verilir. Donorlar verdikləri qana görə pul kompensasiyası almırlar. Qan verənlərə sadəcə suvenir bağışlayır və yüngül yeməyə qonaq edirlər.
Məsələn, ABŞ-da qan verilməsində əsas motiv - vətəndaş məsuliyyəti hissi, doğma adamlarının və yaxud heç tanımadıqlarının həyatını xilas etmək kimi şərəfli qürur hissidir. Bundan başqa, Birləşmiş Ştatlarda donorluq çoxları üçün ailəvi ənənədir. Qeyd edək ki, yanvar Amerikada milli donorluq ayıdır. Ölkədə qan tədarükünün 20%-ni universitet və kollec tələbələri təmin edir.
Rusiyada donorlar qanı pulla verirlər. Qanın bir "doza"sının (350-450 ml) 500-600 rubldan 1500-1800 rubladək dəyişir. Moskvadasa bu qiymət 3000 rubla çatır və bəzən onu da keçir.
Azərbaycanda donorluqla bağlı ilk qanun 1996-cı ildə qəbul edilib. "Qan və onun komponentlərinin donorluğu haqqında" həmin qanunda deyilirdi ki, "Qan və onun komponentlərinin donorluğu - şəxsin könüllü surətdə yüksək humanizm və xeyirxahlıq göstərərək, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunmasında şərəfli iş kimi tibbi məqsədlər üçün öz qanını və onun komponentlərini verməsi deməkdir".
Qanunda donorların hüquqları və onlara verilən güzəştlər geniş qeyd edilir, "qan və onun komponentlərinin donorluğu əvəzsiz və pullu ola bilər" deyə bəyan edilirdi.
2005-ci ildə donorluqla bağlı yeni qanun qüvvəyə minib. "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Qanunda donorun hüquqları belədir:
- tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq;
- pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq;
- donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq, sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq.
- şəxs donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.
Qanunda donorların sosial müdafiəsi ilə bağlı aşağıdakılar nəzərdə tutulur:
- Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunurlar.
- Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunur.
- Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən işləyən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.
- Donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə, işləyən donora müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.
Bir sözlə, Qərb ölkələrində donorlara verilən imtiyazlar bizdə də var, bu başqa məsələdir ki, qanunun tələblərinə əməl edilmir.
Qeyd edək ki, Azərbaycanda artıq neçə ildir Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı fəaliyyət göstərir. Burada həm könüllü, həm də pulla donor olmaq mümkündür. Daha dəqiqi, əvvəllər pulla donor olmaq mümkün idi. İndisə Qan Bankı könüllü donorlara daha çox üstünlük verir, oradan pulla qan almağın sərfəli olmadığını bildirirlər.
Bəzi xəstələr şikayətlənir ki, Qan Bankında lazım olan qan qruplarını tapmaq həmişə mümkün olmur. Səbəbi isə donorların azlığı ilə bağlıdır.
Qeyd edək ki, dövlət xəstəxanalarına Qan Bankından qan pulsuz verilir. Təəssüflər olsun ki, bəzi həkimlər bu qanı xəstələrə pulla satırlar...
Ekspress.az