Klassik Şərq poeziyasının son mogikanı
19 Dekabr 2012 16:45
Sufi şairi Əbdürrəhman Cami
Əbdürrəhman Cami ədəbiyyat tarixinə klassik Şərq poeziyasının "son nümayəndəsi" kimi daxil olmuş, öz yaradıcılığı ilə bütün Şərq ədəbiyyatını zənginləşdirən ədəbi irs qoyub getmişdir. Onun əsərləri hələ öz dövründə yüksək qiymətləndirilmişdir. Ə.Cami əsərlərində bədii ideyaları, ədaləti, saflığı təbliğ etmiş, şeir-sənət dünyasının korifeyləri sırasında özünəməxsus yer tutmuşdur.
Əbdürrəhman Nurəddin ibn Əhməd 1414-cü ildə Cami şəhərində (Xorasan) anadan olub. İbtidai təhsilini atasından alan Ə.Cami sonra Herat şəhərindəki Dilgəş mədrəsəsində təhsilini davam etdirmişdir. O burada məşhur sufilərdən olan mövlana Cüneyd Üsulidən dərs almışdır.
Ə.Cami hələ çox kiçik yaşlarından elmə-təhsilə böyük maraq göstərmiş, çoxlu mütaliə etmiş, iti hafizəsi olmuşdur. Dövrünün görkəmli müəllimi və alimi hesab edilən Xacə Ələddin Əli Səmərqəndi deyib: "Mən ömrümdə Cami qədər hafizəli və istedadlı şagird görməmişəm".
Cami Herata qayıtdıqdan sonra orada mədrəsə açmış və şərqin müxtəlif yerlərindən alimləri ora dəvət etmiş, öz vəsaiti hesabına istedadlı gənclərin həmin mədrəsədə təhsil alıb yaşaması üçün şərait yaratmışdır.
Dəfələrlə Sultan Hüseyn Baykara və Sultanın vəziri, Caminin tələbəsi, şair Əlişir Nəvai onu saraya dəvət etsələr də, şair bu dəvətdən imtina etmişdir. Lakin Cami şəxsiyyətini, Cami sənətkarlığını yüksək qiymətləndirən Sultan Hüseyn Baykara və Əlişir Nəvai şairə dəvələr yükü qızıl-gümüş hədiyyələr göndərmişlər. Ə.Cami göndərilən bəxşişləri qəbul etmiş və bütün sərvətini açdığı mədrəsəyə xərcləmişdir.
Cami sufi təriqətlərindən nəqşbəndiliyi sevmiş və öz mürşüdü olaraq şeyx Sədəddin Kaşqarinin ardınca getmişdir. Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi tələb edən şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük fikir verir və onun nəqşbəndi təriqətinin mürşüdü olmasına çox çalışırdı. Cami çoxlu səfər etmiş və bu səfərlər zamanı müxtəlif sufi şeyxləri, alim, şair, incəsənət ustaları, dövlət xadimləri ilə, şah, sultan, saqan və müxtəlif silkə xas olan adamlarla görüşmüşdür.
Cami 1472-ci ilin payızında Məkkəyə ziyarətə getmiş və bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzmiş, onların bəzilərində aylarla qalıb oradakı alimlərlə görüşmüş, bəzən də ciddi mübahisələr aparmışdır.
Şairin böyük irsi
Cami özündən sonra böyük bir irs qoyub getmişdir. M.A.Salyenin dediyinə görə, alimlər Caminin əsərlərinin sayını 50 qəbul edirlər ki, bunlardan da 34-ü nəsr, 16-sı şeirlə yazışmışdır. Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yalnız "Baharistan"dır.
Caminin elmə məlum olan ilk əsəri Əbdülqasim Babura ithaf etdiyi və 1452-ci ildə yazdığı "Müəmma haqqında risalə"dir. Əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər söylənilib. Onun müridi və ən yaxın dostu, böyük özbək şairi Əlişir Nəvai alimin 35 əsərini, Caminin tərcümeyi-halını yazan Əbdülqafur Lari 47, Şirxan Ludi "Miratül-xəyal" ("Xəyal güzgüsü") adlı təzkirəsində isə 99 əsərini göstərib.
Caminin ən məşhur əsərləri üç divan, "Həft-övrəng", sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilən "Nəfəhatül-üns" və "Baharistan"dır. O, Əlişir Nəvainin məsləhəti ilə birinci divanı "Fətnhətəş-şəbab", yəni "Gəncliyin başlanğıcı" (1479), ikinci divanı "Vəsitətül-iqd" - "Həmayılın ortası" (1489), üçüncü divanı "Xatimətül-həyat" - "Həyatın sonu" (1491) adlandırıb.
Cami "Nəfəhatül-üns" əsərini özündən əvvəl yaşamış sufilərin, şair və alimlərin həyatına həsr edib. 600-dən artıq şair, alim, şeyx və başqalarının tərcümeyi-halı izah edilən bu əsərdə iyirmidən çox qadının adı çəkilir ki, bunlar da öz əsərlərinin görkəmli sufilərindən hesab edilmişdir.
Cami əsərlərini dövrünün məşhur hökmdarlarına ithaf etməkdən boyun qaçırmamış və ya qaçıra bilməmişdir. Son dərəcə qürurlu, böyüklərə baş əyməyən Caminin əsərlərini müxtəlif hökmdarlara həsr etməsinin əsas səbəbini çamişünaslar çox haqlı olaraq, onun maddi gəlir axtarmasında deyil, məhz əsərlərinin məzmununda, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etməkdə görürlər. Döğrudan da, Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük.
Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yalnız "Baharistan"dır. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir əsər yazmaq fikrində olmamış, yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, bu fikrə düşmüşdür.
Dünya şöhrəti qazanan "Baharistan"
O, "Baharistan"ın müqəddiməsində yazır: "...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağıllarına çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən, bəzən məşhur şeyx, böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən - "Gülüstan"dan bir neçə sətir oxuyardım... Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpkidə birneçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun". Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dörd oğlundan təkcə salamat qalmış on yaşlı Ziyaəddin Yusifə deyil, dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir...
"Baharistan" dünyanın bir çox dillərinə tərcümə edilmiş və Caminin şöhrətini daha da artırmışdır. 1846-cı ildə Vyanada alman dilində tərcüməsi farsca orijinalı ilə birlikdə ixtisarla nəşr edilmişdir. İki dəfə ingilis dilinə tərcümə olunmuşdur.
1925-ci ildə Anri Mase "Baharistan"ı fransız dilinə bütünlüklə tərcümə etmişdir.
İlk dəfə olaraq "Baharistan"ın on dörd hekayəsini 1935-ci ildə K.Çaykin ruscaya tərcümə etmiş və ayrıca kitabça şəklində orijinalı ilə birlikdə çap edilmişdir. "Baharistan" Azərbaycan dilində də nəşr edilmişdir.
1492-ci il noyabr ayının əvvəllərində Caminin səhhətində problemlər yaranmış, o özünü pis hiss etməyə başlamış, xəstəliyi get-gedə şiddətlənmişdir. Bu xəstəlik nəticəsində şair məhərrəm ayının 17-də, yəni noyabrın 8-də səhər vəfat etmişdir. Onun dəfn mərasimi Nəvainin yaxından iştirakı ilə təşkil edilmişdir.
Caminin ölümünə Nəvai xüsusi əsər həsr etmiş, onu məşhur Hüseyn Vaiz oxumuşdur. Iki beytdən ibarət olan bu şeirdə əbcəd hesabı ilə Caminin 894 hicri, yəni 1492-ci ildə vəfat etdiyi bildirilir.
"Azadlıq" qəzeti