Gəncədə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbulla bağlı sınaq imtahanı keçirilib
15 Dekabr 2012 17:05
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni tədris ilində qəbula hazırlıqla bağlı olaraq Gəncədə ilk sınaq imtahanı təşkil edilib. Gəncə şəhər Təhsil İdarəsi və Turan İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən imtahanda şəhərin 46 məktəbindən 200-dək şagird iştirak edib. Onlar 2 saat ərzində ana dili, kimya, fizika və riyaziyyat fənlərindən olmaqla, ümumilikdə 80 sualı cavablandırıblar.
Turan İnkişaf Mərkəzinin rəhbəri Turan Əliyev bu kimi imtahanların təşkil olunmasının şagirdlərin biliklərini yoxlamaları, imtahana hazırlıqlı olmaları üçün ən yaxşı imkan olduğunu bildirib. Belə ki, sınaqda iştirak edənlər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin imtahanlarında elə də çətinliklərlə üzləşmirlər. Bura qəbul prosesinin necə keçirilməsi, cavab kartlarının hansı formada doldurulması, sualların 2 saat ərzində necə işlənməsi daxildir.
Qeyd edək ki, ötən il Gəncə şəhərindən Liseyin imtahanlarında 100 şagird iştirak edib və onlardan 45-i Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdi adını qazanıb.
Milli.Az