Mətbəx sirlərinin şənbə müzakirəsi: Dadlı çiçək bağçası - FOTOSESSİYA
15 Dekabr 2012 07:00
Pekin kələmindən payız gülü

1. 300-700 q Pekin kələminin qıvırcıq yarpaqlarını kəsib götürün. Kələmin aşağısından 12-15 sm saxlayıb, yuxarısını kəsin.

2. Oval, yaxud üçbucaq novçalı bıçaqla işləyin.

3. Bıçağı yarpağın yuxarı hissəsindən başlayaraq aşağı doğru hərəkət etdirərək qalın ağ yerdə kəsiklər edin. Kəsiyin əvvəli nazik, kələmin dibinə doğru isə içəri daha çox işləməlidir (dərin olmalıdır). Yəni aşağı endikcə bıçağı kələmə daha çox batırın.

4. Kələmin kötüyünə 1,5-2 sm çatmamış iri yarpağı kəsib çıxarın.

5. O biri cərgədəki yarpaqları da eyni üsulla kəsin. Ancaq ortaya doğru "ləçəklərin" boyunu azaldın. Əgər bu ləçəklərin kənarları nazik olarsa, suya qoyanda öz-özlərinə halqa kimi büküləcək və çox gözəl görünəcək.

6. "Payızgülü"nü yarım saat buz kimi soyuq suda saxlayın. O, çox gözəl forma alacaq. Xiyardan bir neçə yaşıl "yarpaq" kəsin və qabda yan-yana yerləşdirin.
Xiyardan suzanbağı

1. Xiyardan 7-8 sm uzunluqda bir hissə kəsin. Saplağı varsa, kəsib atın. Üzərində yarpaq formasında kəsik edin, amma lap dibinə qədər kəsməyin.

2. Əlinizdə fırladaraq, arada yer qoya-qoya başqa yarpaqları da kəsin.

3. İkinci sıra ləçəkləri düzəltmək üçün birinci sıra yarpaqlardan sonra bıçağın köməyilə daxildən 1-2 mm qalınlıqda halqa kəsib çıxarın.

4. Oval bıçaqla növbəti sıra ləçəkləri kəsin. Bu zaman "şahmat qaydası"ndan istifadə edin. Yəni ləçəklərlə yarpaqlar başlanğıclarını bir xətdən götürməsinlər. Üçüncü (və sonrakı) cərgəni hazırlamaq üçün 3-cü addımı təkrar edin. Və beləcə, xiyarın imkan verəcəyi qədər ləçək cərgələri hazırlayın.

5. Kürəkəsənin köməyilə xiyarın ortasını çıxarın.

6. Qayçı ilə ləçək və yarpaqların kənarını üçbucaq formada kəsin. Hazırladığınz "çiçəyi" buzlu soyuq suda saxlayın. Bir qədər sonra suzanbağı "açılacaq".

7. Yerkökü, boranı, yaxud turpdan uyğun böyüklükdə dairə kəsin, üzərini bıçaqla kəsib bəzəyin.

8. Bu dairəni çiçəyin ortasına yerləşdirin. Diş çöpü ilə də bərkidə bilərsiniz.

Diş-diş kəsimlər

Tərəvəzlərdən, məsələn, yerkökü, qabaq, xiyar və s. hazırlanan fiqurların kənarları diş-diş olsun deyə, əvvəlcə bunların üzərində üstdən aşağı nazik şırımlar kəsir, sonra isə dilimləyirlər. Buna karbovka deyilir. Adi korbovka: Limonu götürün, qabığının üstündə simmetrik nazik şırımlar kəsin. Sonra isə halqa, yaxud yarımhalqa dilimləyin. Gözəl alındı, deyilmi?

Yaşıl yarpaq

Yaşıl yarpaqları xiyar, yaxud da yaşıl qabaqdan hazırlamaq olar.
1. Gözəl bir yapraq üçün şəkildə göstərildiyi kimi xiyardan buta formalı bir hissə kəsin. Alt tərəfini hamar kəsin.


2. Şəkildə göstərilən qaydada iki dərin olmayan uzunasına kəsiklər edin.

3. Uzunasına kəsiklərin böyürlərindən qısa, eninə kəsiklər edin.

4. "Yarpağın" qırağı ilə xırda kəsiklər edin. Bir neçə belə yarpaq hazırlayıb 5-10 dəqiqə soyuq suda saxlayın. Nəm salfetə büküb, yaxud polietilen paketdə soyuducuda saxlaya, lazım gəldikdə çıxarıb bəzək düzəldə bilərsiniz.

Xiyar və yerköküdən çiçək

1. Bu çiçək üçün bərk, uzun və nazik xiyar götürün. Ondan 6-7 sm uzunluqda hissə kəsin. Sonra onun bir hissəsini bıçaqla 5-6 dişciyə bölün (10-12 ziqzaq kəsimlə). Sonra bunların köməyilə ləçəklər kəsin: bıçağı iki dişciyin arasından onun orta xəyali oxuna qədər saplayın və oturacağa 2 sm qalanadək kəsin. Ləçəklərin yuxarı hissəsini bıçaqla yuvarlaq edin.

2. Hər ləçəyin kənarında dişciklər kəsin.

3. Ən çətin mərhələ - ləti qabıqdan ayırmaqdır. Əgər xiyar bərkdirsə, asan olacaq. Yumşaqdırsa, sadəcə ortasının dənəli hissəsini kəsib çıxarın.

4. Xiyarı 30 dəqiqə soyuq suda saxlayın ki, "çiçək" açılsın. Yerkökündən dairə kəsib ortasına bərkidin.

Yaşıl çiçək

Bu çiçəyi hazırlamaq üçün iri dənəli, çox yetişmiş xiyar yaramaz. Onun dənəsi çox xırda olmalıdır. Şəkillərə baxıb addım-addım təkrar etməklə belə bir gözəllik yarada bilərsiniz.




Yerköküdən qoza

1. Bərk, diametri 3 sm-dən az olmayan yerkökünü təmizləyin, 8-12 sm uzunluqda düz hissə kəsin. Bıçaqla gələcək qoza üçün kvadrat saplaq kəsin. Sonra ona oval forma verin.

2. Yerkökünü əlinizdə hərləyərək bıçağın köməyilə qozanın oturacağına yumru forma verin və birinci sıra "qərzək"lərini (pulcuqvari çıxıntılar) hazırlamaq üçün yer hazırlayın.

3. Qozanın oturacağını gözəyarı 6 hissəyə bölün. Dairə boyu 6 qərzək (qabıq, pulcuq) kəsin. Kəsiyin dərinliyi 2-3 mm olmalıdır.

4. Birinci sıra qərzəklərdən sonra bıçağı maili tutaraq dairə boyu hərəkət etdirib onların altından 2-3 sm-lik hissəni çıxarın. Bu, həm birinci sıranı daha qabarıq edəcək, hər də ikinci sıra üçün zəmin yaradacaq.

5. Birinci sıraya nəzərən şaxmat qaydasında ikinci sıra qərzəkləri kəsin. Sonra yenə onların altından 2-3 mm-lik hissə çıxarıb növbəti sıra üçün zəmin yaradın. Kökün ölçüsü imkan verənədək belə qərzək sıraları hazırlayın.

6. Qozanı 10-15 dəqiqə buzlu suda saxlayın, o azca açılacaq və bərkiyəcək.

Acı istiotdan kala

Bəri başdan məsləhət: istiotla işləyəndən sonra əllərinizi yandırırsa, əllərinizi tərtəmiz yuyub bitki yağı çəkin.
1. Acı qırmızı, yaxud yaşıl çili istiotu götürün.

2. Saplağından başlayaraq ucunadək kəsin.

3. Saplağın qırağı boyunca istiotun lətini kəsin. Bu zaman çalışın, toxum saplağın üstündə qalsın.

4. İstiot lətini çevirin, soyuq suda yaxalayın və bıçağın köməyilə kala gülünün formasını verin.

5. Kalanın aşağı, enli hissəsində səliqə ilə dairə kəsin, üzərində toxumlar olan saplağı oraya yerləşdirin.

6. Xiyar, yaxud başqa yaşıl tərəvəzdən yarpaq kəsib kalaların kənarına düzün.

Yerkökündən suzanbağı

1. Yerköküyə konus, yaxud 5-bucaqlı forma verin. Bunun üçün bıçaqla üstdən aşağı, dairəni gözəyarı 5 yerə bölməklə kökün kənarını kəsin.

2. Hər tərəfdə bir ləçək kəsin.

3. Onu ləçək formasına salmaq üçün qayçıdan istifadə edin.

4. Birinci sıra ləçəklərin altından (yəni iç tərəfdən) bir hissə çıxarın (konus daha nazik olsun və ikinci sıraya yer açılsın deyə). Şahmat qaydasında ikinci cərgə ləçəklər kəsin. Eyni qaydada, arada yer açmaqla üçüncü sıra ləçəkləri də hazırlayın.

5. Qalan özəyi bıçaqla gödəldin və ona konus forması verin.

6. Bıçağın köməyilə özəyi çox nazik saplara ayırın.

Georgin

1. Eynicinsli tərəvəzdən (turp, boranı, qabaq və s.) 5-6 sm diametrli yumru hissə hazırlayın.

2. Ortaboy oval bıçağı özəyə doğru daha dərin batıraraq 7-9 ləçək kəsin.

3. Birinci sıranın altından artıq ləti çıxarıb ikinci sıra üçün zəmin hazırlayın.

4. Sonrakı cərgənin ləçəklərini fərqli boyda oval bıçaqlarla, şahmat qaydasında kəsin. Arada artıq qalan ləti çıxarmaqla növbəti cərgələrin ləçəklərini hazırlayın. Bacardıqca çox cərgə hazırlayın.

5. Cərgələr bitdikdən sonra özəyə forma verin.

Əllərinizə sağlıq!
Milli.Az