2013-cü ildə bizi hansı təhlükələr gözləyir?

13 Dekabr 2012 19:57
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2012-ci ildə "Mac" qurğularının təhlükəsizliyi ilə bağlı əfsanəyə son qoyuldu: "Mac OS X" əməliyyat sistemi (ƏS) üçün yaradılmış antivirus yazılarının sayı ötən illə müqayisədə 30 faiz artdı və səs-küylü "Flashfake" troyanı isə 700 mindən çox "alma" qurğusundan ibarət ən böyük botnet yarada bildi. Kibercinayətkarlar ƏS-nə daxil olmaq üçün "Java"dakı boşluqdan istifadə etmişdilər.

Bir sözlə, 2012-ci ili cəsarətlə "Java boşluqlar ili" adlandırmaq da olar: eksploitlərdən istifadə edilməklə həyata keçirilmiş hücumların yarısı məhz həm fərdi kompüter, həm də "Mac" qurğularında istifadə olunan "Java" proqramlarındakı boşluqlara hədəflənmişdi.

Geridə qoyduğumuz ildə "Android" mobil əməliyyat sistemi üçün yaradılmış zərərli proqramların sayı, həmçinin artmağa davam edib. Bütövlükdə 2012-ci ildə "Android" platforması üçün təxminən 35 min zərərli proqram aşkar edilib.

Qeyd edək ki, bu göstərici ötən illə müqayisədə 6 dəfə çoxdur. Kibercinayətkarlar, həmçinin onlayn-bankinq sistemlərini diqqət mərkəzində saxlayıblar və onların "qurbanları" yalnız ev deyil, həm də korporativ istifadəçilər olublar. 2012-ci ildə kibersilahların tətbiqi ilə bağlı hadisələr daha böyük əks-sədaya səbəb oldu. 2012-ci il yalnız real hadisələrin sayının bir neçə dəfə artması ilə deyil, həm də dünyanın əksər ölkələrinin kibersilah hazırlaması ilə ciddi surətdə məşğul olması ilə yadda qaldı.

Hər şey İranda onlarla şirkətin verilənlər bazasını dağıtmış və iz saxlamamış "Wiper" troyanı ilə başladı. Bu hadisənin araşdırılması zamanı "Kasperski Laboratoriyası"nın ekspertləri "Flame" və "Gauss" mürəkkəb kibercasus sistemlərini aşkar etmişdilər.

Onların fikrincə, "Flame" və "Gauss" dövlətlərin dəstəyi ilə hazırlanıb. Bütün bunlar bu zərərli proqramları kibersilah sinfinə aid etməyə əsas verir. Maraqlısı odur ki, bu hadisələr il ərzində siyasi qeyri-sabitliyi ilə fərqlənən Yaxın Şərq regionunda qeydə alınıb.

"2012-ci ilin əsas təhlükələri İT cəmiyyəti üçün heç də sürpriz olmadı. Lakin kiberməkanın ənənəvi təhlükəsizlik mənzərəsi dəyişdi. "Apple"-ın kompüterləri artıq əvvəlki tək təhlükəsiz deyil, zərərli proqramların reytinqində tədricən mobil təhlükələr yer almağa başlayır, bundan başqa, şirkətlərə hədəflənmiş hücumlar və mürəkkəb kibersilah nümunələri mühafizə məsələlərinə yenidən baxmağı tələb edir. Lakin biz kibercinayətkarların hərəkətlərini sadəcə seyr etməyəcəyik. Cavab addımı kimi məhsullarımızı təkmilləşdirməyə və texnologiyalarımızı inkişaf etdirməyə davam edəcəyik", - "Kasperski Laboratoriyası"nın baş direktoru Yevgeni Kasperski qeyd edib.

"Kasperski Laboratoriyası"nın proqnozuna görə, 2013-cü ildə İT təhdidlər hazırkı tendensiyalara uyğun olaraq inkişaf edəcək. 2012-ci ilin çoxsaylı nümunələrinə əsaslanan ekspertlər dövlətlərin maliyyələşdirdiyi mürəkkəb kiberhücumların sayının artacağını proqnozlaşdırırlar.

Milli.Az