Məşhur azərbaycanlı ekstrasenslər "dünyanın sonu" barədə nə dedilər?

4 Dekabr 2012 18:26
"21 dekabr" - haqqında çox danışılan bu tarixə çox az qalıb. Bu tarixdə dünyanın sonu olacağı barədə "proqnoz" verənlər az deyil. "Dünyanın sonu" barədə səslənən fikirlərə azərbaycanlı ekstrasenslər də biganə qalmayıblar. Anspress xəbər verir ki, ekstrasens Nuridə Küskünün"21 dekabr"a münasibəti özünəməxsus olub. Ekstrasens deyib ki, dünyanın sonunu bildirən əlamətlər hələ özünü göstərməyib.

"Mən öz qüvvələrimə sual etmişəm. Türkiyədə çox böyük ziyarətgahlar, çox böyük sirlər var. Nil çayında dəyişiklik olmalıdır. Qış olan yerlərdə yay, yay olan yerlərdə qış olmalıdır. Vəziyyət çox fərqli olmalıdır", - deyə N.Küskün bildirib.

Lakin xanım ekstrasens bunların 2012-ci ilin dekabrın 21-də deyil, nə vaxtsa başqa bir tarixdə baş verəcəyinə əmindir. Onun sözlərinə görə, hələ də açılmayan sirlər var. N.Küskün dekabrın 21-də hansısa dəyişikliklərin olacağını da istisna etmir: "Planetlərlə bağlı ola bilsin ki dəyişiklik olsun. Radiasiya ola bilər. Təbii fəlakətlər həmişə olub və olacaq. Mən "21 dekabr"a heç bir hazırlıq görmürəm, çünki dünya dağılmayacaq. İnsanlar narahat olmasınlar. Hələ göy yerə tam yaxınlaşmayıb. Qızıl balığın dili hələ açılmayıb və dənizin sirlərindən danışmayıb".

21 dekabrda dünyanın sonunun gəlməsi ilə bağlı məsələyə elmi yanaşma da gəlib. ANS kanalının qonağı olan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyilənlərin yalnız kimlərinsə mənfəət üçün ortaya atdığı fikirlər olduğunu bildirib: "Dekabrın 21-də payız öz yerini qışa verəcək. Başqa elə bir hadisə gözlənilmir. Bu hadisə hər il baş verir və bunun Mayya təqviminə heç bir aidiyyətı yoxdur. Əslində bu korporativ maraqlarla bağlıdır. Lakin təəssüf ki, burada xəstə insanları fikirləşən yoxdur. Dekabrın 21 eyni illərdə olduğu kimi olacaq və 10 gün sonra isə həmin söhbətlər tamamən unudulacaq".

Məsələ ilə bağlı məşhur ekstrasens Zirəddin Rzayev də açıqlamasında 21 dekabrda heç bir qorxulu hadisənin olmayacağını bildirib: "Deyirlər ki, Mayya təqvimində guya 2012-ci ilin dekabrında bir neçə sutka ərzində Yer kürəsi qaranlığa qərq olacaq. Ola bilsin ki, bunu astronomlar hansısa elmi hadisə ilə izah edə bilər. Mən qorxulu hadisə görmürəm. Xüsusən Azərbaycan üçün heç bir təhlükə, heç bir problem olmayacaq. Əhali arasında yaranan qorxular tamamilə əsassızdır. Qiyamətin baş verəcəyini, qiyamətin qopacağını qabaqcadan, hətta 2 saat əvvəlcədən deyə biləcək bir adam yoxdur. Belə bir insan ola da bilməz. Çünki bunu Allahdan başqa heç kim deyə bilməz".

Elə dini baxımdan da "21 dekabr mifi"nin elə mif olduğu üzə çıxır. İlahiyyatçı alim Hacı Şahin Həsənli dünyanın sonu barədə deyilənlərin cəfəngiyyat olduğunu bildirib. İlahiyyatçı deyir ki, əhalinin təşvişə düşməsinə heç bir ehtiyac yoxdur. Bu fikirlər insanlar arasında çaşqınlıq yaratmağa hesablanıb: "Qurani Kərimdə dünyanın sonu haqqında heç bir məlumat verilmir. "Səndən qiyamət günü haqqında soruşsalar, de ki, bu yalnız Allaha məlumdur". Hətta peyğəmbərimiz qiyamətin vaxtı barədə məlumatsız olub".

Psixoloqlar isə belə absurd fikirlərin yayılmasından sonra cəmiyyətdə uzun müddət psixoloji gərginliyin hökm sürdüyünü deyirlər. Psixoloq Elmir Əkbər açıqlamasında bildirib ki, bu tip fikirlər ötən illərdə də olub. Əvvəllər belə fikirlər insanlara çox təsir etmirdisə, indi yaranmış çaxnaşmanın əsas səbəbi insanlarda hökm sürən inamsızlıqla bağlıdır. Məhz bu səbəbdən belə fikirlər inamsız insanlar arasında tez panika yaradır.

"Mənə psixoloji yardım üçün müraciət edənlərin çoxu "21 dekabr" xəbərindən sonra panikaya düşənlərdir. Bu məsələ ilə bağlı mənə müraciət edənlərin ən çoxu gənclərdir".

"Dünyanın sonu" barədə səslənən fikirlər bəzi inkişaf etmiş ölkələrin rəsmi qurumları və alimlərini də bəyanat verməyə məcbur edib. NASA alimləri "dünyanın sonu" ilə bağlı bəyanat yayıblar. Agentliyin rəsmi saytında yer alan məlumatda bildirilir ki, 4 milyon il mövcud olan planetimizin tezliklə sonu çatacağı barədə səslənən iddiaların heç bir əsası yoxdur. Türkiyə alimləri də səslənən fikirlərin əsassız olduğunu bəyan edirlər.

Rusiya fövqəladə hallar naziri Vladimir Pukçov da Rusiya mətbuatına "21 dekabr"la bağlı açıqlamasında deyilənlərin yalan olduğunu vurğulayıb. O bildirib ki, Rusiyanın təbiətdə gedən proseslərin hamısını izləməyə imkanı var.

"Deyə bilərəm ki, yaxın zamanlarda qlobal problemə çevrilə biləcək bir təbiət hadisəsinin olması gözlənilmir", - deyə Vladimir Pukçov fikirini izah edib.

Milli.Az