Milli.Az-ın məlumatına görə, sərnişinlərin sıxlığı nəzərə alınaraq metroda qatarlar arasında interval minimuma qədər endirilib. Hazırda qatarlar arası interval 2 dəqiqə olsa da, gecikmələr tez-tez olur. Hətta gecikmələrin müddəti 10 dəqiqəyədək davam edir. Görəsən, metroda intervala niyə əməl olunmur?
Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev Milli.Az-a açıqlamasında bildirdi ki, metroda qatarlar arası interval nadir hallarda artır. Baş mühəndisin sözlərinə görə, hazırda pik vaxtlarda qatarlararası interval 2 dəqiqə, günün sonunda, sərnişinlərin azaldığı müddətdə isə 10-12-dəqiqə olur.
E.İsayev intervalın pik saatlarda uzun olmasını istisna hal kimi qiymətləndirdi: "Qatarlar arasında vaxt ancaq müəyyən vaxtlarda uzun ola bilər. Hər hansı hadisə, texniki problem yaranan zaman qatarlarda gecikmələr ola bilər. Məsələn, dünən "Azadlıq prospekti" istiqamətində qatarlardan birində problem olduğundan sərnişinlər 9 dəqiqəyədək gözləməli olublar. Ancaq bu nadir hallarda baş verir".
Anar Məmmədov
Milli.Az