Rəsul Quliyevin qohumunu oğurlamaqda günahlandırılan şəxs yenidən həbs olundu
1 İyul 2010 11:47
Paytaxt polisi axtarışda olan şəxsi həbs edib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Əbdül Xeyrulla oğlu Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olub. O, silahlı qruplaşmanın tərkibində vətəndaşlara silahlı basqınlarda iştirak edib.
Qeyd edək ki, Ə.Əliyevin barəsində hələ 2003-cü ilin sentyabrında sabiq spiker Rəsul Quliyevin qohumu Ülvan Əfrasiyab oğlu Bağırovun girov götürülməsilə bağlı Səbail Rayon Məhkəməsində axtarışlı həbs-qətimkan tədbiri seçilib. Məhkəməyə ünvanlanmış təqdimatda göstərilirdi ki, Ə.Əliyev 1997-ci ildə Bakı şəhərində ayrı-ayrı şəxslərə basqın edib onları oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli-miqdarda əmlakı tələb edib almaq məqsədilə təşkil edilmiş sabit silahlı qrupda - bandada və banda tərəfindən 10 fevral 1997-ci ildə Bakı şəhəri, Azərbaycan prospekti 21 saylı binanın qarşısında silahlı basqın edilərək Ü.Bağırovun oğurlanmasında, istintaqa məlum olmayan ünvanda 19 mart 1997-ci il tarixə qədər fiziki iztirab verməklə azadlıqdan qanunsuz məhrum edilməsində, hədə-qorxu ilə qohumlarından külli miqdarda əmlakın tələb edilib alınmasında iştirak edib.
Səbail Rayon Məhkəməsi 15 sentyabr 2003-cü ildə Ə.Əliyev barəsində həbs-qətimkan tədbiri seçib. Ə.Əliyevə Cinayət Məcəlləsinin 70, 120 və 146-cı maddələrilə ittiham elan edilməsi barədə qərar verilib. Daha sonra onun axtarışda olması barədə bir çox ölkələrə sorğu verilir. 2004-cü ildə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən prokurorluğa Ə.Əliyevin həbs edilməsi haqda məlumat göndərilir. Ə.Əliyev 2006-cı ilədək Rusiyada həbsdə saxlanılır. Hacı Məmmədovun bandası ifşa olunandan və Ülvan Bağırovun onlar tərəfindən girov götürüldüyü sübuta yetiriləndən sonra Ə.Əliyev barəsində cinayət işinə xitam verildiyi göstərilir.
Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində Ə.Əliyev iyunun 30-da tutulub.
Anar Məmmədov
Milli.Az