1992-ci ildən 2012-ci ilə kimi ali və orta ixtisas məktəblərinə qəbulda istifadə edilən testlər toplu halına salınıb
29 Noyabr 2012 20:18
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, TQDK fəaliyyətə başlamasının 20 illiyi münasibətilə fənlər üzrə "qəbul imtahanlarının məzmununun inkişaf dinamikası" adlı toplu nəşr edib. Bu haqda Kəpəz televiziyasına TQDK-nın Gəncə Regional Bölməsinin rəhbəri Nəsimi Məmmədov məlumat verib.
"Qəbul imtahanlarının məzmununun inkişaf dinamikası" adlı topludan təhsil işçiləri, müəllimlər, test tərtibçiləri, abituriyentlər və yuxarı sinif şagirdləri elmi-metodiki vəsait kimi yararlana bilərlər:
"Bu, müəllimlər və şagirdlər üçün böyük vəsaitdir ki, artıq bu vəsait TQDK-nın Gəncə Regional Bölməsində, digər regional bölmələrində və TQDK-nın özündə var. Hər bir müəllim bu topludan kitabxana kimi istifadə edə bilər".
Topluda 1992-ci ildən 2012-ci ilə kimi ali və orta ixtisas məktəblərinə qəbulda istifadə edilən testlər cəmləşdirilib. "Qəbul imtahanlarının məzmununun inkişaf dinamikası" adlı toplunun gələcəkdə sayının çoxaldılaraq satışa çıxarılması da düşünülür. Komissiyanın məqsədlərindən biri də respublika üzrə ən savadlı müəllimlərin, mütəxəssislərin TQDK ilə sıx işləməsini təmin etməkdir. TQDK bu mütəxəssislərin köməyi ilə yeni test modellərinin
hazırlanması, kitabların monitorinqinin aparılması, fənlər üzrə çatışmazlıqların və dərsliklərdə meydana çıxan müəyyən boşluqların aradan qaldırılmasına nail olmağa çalışır.
Nəsimi Məmmədov: "Bu dərsliklərin yazılmasında bütün müəllimlərin iştirakı çox vacibdir. Hətta valideynlər və şagirdlər də dərsliklərlə bağlı irad və təkliflərini bildirə bilərlər. Hər il qəbul imtahanları həyata keçirildikdən sonra biz abituriyentlərdən, valideynlərdən, 600-dən çox bal toplayan abituriyentlərdən irad və təkliflər alırıq".
TQDK 2013-cü ilin yanvarından isə yuxarı sinif dərslikləri ilə bağlı monitorinqlərə başlayacaq.
Milli.Az