Baxıcı Yeganə: "İlham Mirzəyevdən mənə çox şikayət ediblər ki, 60 manat alıb dualar yazıb, amma heç bir nəticəsini görməyiblər"

30 İyun 2010 20:28
- Müsahib olmaq sizin üçün maraqlıdır?

- Mənim üçün bu hal vacib deyil, ancaq çox adam üçün vacibdir. Görürəm ki, düzgünlük yoxdur. Düzdür bəzi baxıcılar, hansı ki, onlara heç insan da demək olmaz, onlar haqda jurnalistlər çox vaxt düzgün məlumat yazmırlar. Bu, məni qıcıqlandırır. Təəssüf ki, mən çox nadir hallarda əsl insanlarla oturub həmsöhbət oluram.

- İnsanlarla işləmək rahatdır, yoxsa onların taleyində iştirakçı olmaq?

- Həm insanların taleyi ilə işləyirəm, həm də onlarla yaşayıram. Allahın köməkliyi ilə də əlimdən gələni edirəm. Əgər Allah tərəfdən yol verilirsə, mən də əlimdən gələni edirəm.

- Özünüzə rəqib görmürsünüz?

- Mənim rəqibim yoxdur. Nəinki Azərbaycan, bütün dünya baxıcılarına sözümü şamil edirəm. Mən heç kimin dalınca danışmaq istəmirəm. Özüm hansı işə, hansı məqsədə qulluq edirəmsə, bunu Allah da, yanımda gələnlər də bilirlər. Hər zaman da bir amalda olmuşam. Allahın işinə və siyasətə qarışmamaq. Bu gün hər hansı bir insanın problemi varsa, gücüm çatırsa, əməllikdisə, caduluqdursa, onu çevirirəm. Sübut üçün də gedib çıxardanlar da olur. Hər insanın yaxşısı da olur pisi də...

- Verigini qəbul etməyinizdən 10 il keçir.  Bu illər qocaltdımı sizi?

- Deyərdim ki, həm qocaldıb, həm də cavanlaşdırıb. Əziyyəti uşaqlıqdan yaşamışam, ancaq başa düşməmişəm. Düzünü desəm, bizim sahədə fırıldaqçılar da çoxdur. Ancaq bacarsınlar yaxşı olsunlar. Çünki Allah-Təala tərəfdardır ki, bəndələri ürəklərini təmiz saxlasınlar. Hər sahənin öz mütəxəssisi var axı.

- Sizi incidənlərlə, ayağınızın altını qazıyanlarla necə mübarizə aparırsınız?

- Ancaq Allaha tapşırıram. Şükür olsun ki, Allaha tapşıranda da gec edir, ancaq güc edir. İş var gec olur, iş var tez olur. Sadəcə olaraq səbirli olmaq lazımdır. Tanrı bəndəsində insanlıq axtarıram, lakin çox az hallarda onlarda insanlıq tapıram.


"Mənə də cadu edirlər"


- Əzablı günləriniz olubmu?

- Əzablı günlərim 2 il olub. Allah, həyat yoldaşıma rəhmət eləsin, o teatrlardan birinin direktoru olub, yaxşı yaşamışıq. Şükürlər olsun ki, bu günümdə və ötən on ildə də heç kimə möhtac olmamışam. Dediyim iki ildə də heç kimə möhtac deyildim. Heç ac da qalmamışdım. Mən çox əziyyət çəkmişəm. Amma daim  Allaha bağlı olmuşam. Mənə qarşı yalan danışanlar çox olub. Ancaq gücləri çatmayıb ki, mənə nəsə etsinlər. İnanın, mənə də cadu edirlər.

- Rastlaşdığınız pis münasibətlər sizi ruhdan salmır ki?

- Deyərdim ki, əksinə daha da ruhlandırır. Məni daha gücləndirir, yüksəkliyə qaldırır. Özümə deyirəm ki, bundan da artıq gücümü səfərbər edib işləməliyəm ki, hər şey yaxşı olsun. Görün mən necə güclüyəm ki, bəzi adamlar mənim haqqımda, şayiələr yayıb, yalanlar yazırlar. Ta qədimidən şahların, hökmdarların, din xadimlərinin qarasınca danışan müsəlmanlardan törəmişik. Axı "insan çiy süd əmib" misalını atalar boş yerə deməyiblər. Mən bu gün öndə gedirəm ki, arxamca danışırlar. Əslində mən özümü xoşbəxt sayıram ki, varlığım kimisə narahat edir və yandırır.  

Amma qoy nə edirlərsə eləsinlər. Allah kimə vergini necə veribsə, əgər hansısa baxıcıda güc varsa, elə də istifadə etsin. Hər zaman, Allahın mənə verdiyi  üç ağıllı övladıma görə şükür edirəm.

- Nə vaxt hiss etdiniz ki, sizə vergi verilib?

- 1998-ci ildən bu vergi məndə var. 7 ay gecə-gündüz yatmadım.

- Bəs siz olanları necə hiss edirsiniz?

- Mən ancaq gözümü yumuram və nə olduğunu bilirəm. Əgər mənə müarciət edən insanda problem, bəd qüvvələrin əməlləri varsa onu görürəm.

- Bəziləri var ki, sizi baxıcı kimi görmürlər...

- Mən Yeganə cadu çıxarmağı, baxmağı, eləcədə cadu eləməyi və çevirməyi də bacarıram. Misal olaraq götürək, Azərbaycan Tibb Universitetinin həkimlik ixtisasını. Hər bir sənətin öz peşəkarı olur. Mən də bu işin çevirəniyəm. Səmimi deyim, uşaqlıqdan heç bir baxıcı yanına getməmişəm.
Mən Balaxanıda yaşayıb böyümüşəm. Mənim atam Balaxanılı, anam isə Maştağalıdır. Bir zamanlar iş götürdüm və uğurla sona çatdırdım. Əvəzində həmin şəxs, mənə nə istəyirsən, soruşanda, mən də doğma kəndimdən ev istədim. Çünki burada anamın qəbri var. Bir də ki, mən elə uşaqlıqdan buraları çox istəyirəm. Amma qeyd edim ki, mən əvvələr şəhərdə yaşayardım, lakin yoldaşım rəhmətə getdikdən sonra buraya köçdüm.

- Bilirik ki, sizin ən zəif yeriniz çox istədiyiniz övladlarınızdır. Bəlkə sizin zəif yerinizdən vurmaq istəyirlər?

- Qətiyyən mənə zərbə vura bilməzlər. Oğlum universitet tələbəsi, qızımın biri nişanlı, digəri isə hələ balacadır. Qızlarım, həyətdən bayıra da çıxmırlar. Həmin kəslər mənə heçnə edə bilməzlər.

- Bəs niyə uşaqlarınız barədə danışırlar?

- Ola bilər ki, çox güclüyəm. Bilmirlər ki, nədən yapışsınlar və məni neçə şərləsinlər. Axı onlar çılız adamlardır... Əgər onlar insan olsaydılar, ilk növbədə öz ailələrinə baxıb, övladlarından danışıb, yazardılar. Mən nə şəxsi həyatım, nə də ki, uşaqlarımdan danışmaq istəmirəm. Mənimlə mübarizə aparmaq istəyirlərsə o zaman, gördüyüm  işlərin heç olmasa, bir faizi ilə mübarizə aparsınlar. İnsanlara yaxşılıq etmələri ilə öyünsünlər.

- Oğlunuz sizə nələrisə etmə deyib, evin kişiliyini edirmi?

- Mənim oğlum mənim oğlumdur. Mən ona evimin kişisi deyə bilmərəm. Çünki o,  söz düz anlama gəlmir. Oğlum üçün hər il qurban kəsirəm. Anadan olandan bu  gününə kimi. Nə qədər ki, canım sağdır, bunu etməyə davam edəcəm. Səbəbini soruşmayın.

- Bayaqdan bəri oğlunuz sizə zəng edir, sizdə hər addımınızı ona deyirsiniz.  Bəs ona hesabat verməyiniz nə ilə bağlıdır?

- Uşaqlarımı əvvəldən belə öyrəşdirmişəm. Mən hara getdim, haradan gəldim, nə etdimsə, hətta, yemək yeyib-yeməməyimi məndən hər gün xəbər alırlar.

- Elə bir vaxt olub ki, oğlunuza yalan danışasınız?

- Yox, elə bir hal olmayıb. Nəinki oğluma, hətta kürəkənimə də, qızlarımla da ürəyimdən keçənləri bölüşürəm. Balaca qızım mənim şıltaq balamdır. Böyük qızıma anam kimi yanaşıram. Oğlum üçünsə deyirəm ki, o, mənim atamdır.

- Uşaqlarınızı kimlərdən qoruyursunuz, şeytanlardan, yoxsa şeytan tipli insanlardan?

- Bu gün elə insanlar var ki, heç onlara insanlar da deyə bilmərəm. Həmin adamlar şeytandan da betərdilər. Şükür Allaha ki mənim keç kimlə işim yoxdur. Hətta gəlib mənim qonşularımdan belə soruşsanız, görərsiniz ki, mən ancaq toyadan-toya, yasdan-yasa evimdən bayıra çıxıram. Kim də gəlsə qapılarım onun üzünə açıqdır.


"Əhdim var ki, balalarımı yerbəyer edib, tövbə edəcəyəm"



- Bəs siz hər hansı bir təhsil ocağını bitirmisiniz?
 
- Yox. Mən universitetə qəbul olan ili anam rəhmətə getdi. Bundan sonra da sənədlərimi heç bir yerə vermədim. Ancaq mənim qardaşlarım, bacılarım ali təhsillidirlər.
Anamın ruhu şad olsun. Özüm də onlara analıq edirəm. Bu, mənim həm vəzifəmdir, həm də borcum. Mən bütün bunları anamı çox istədiyimə görə edirəm.
Hərdən də mənə deyirlər ki, sənin uşaqların öz tərbiyyə və ağıllarına görə yaşıdlarından seçilirlər. Mütəmadi olaraq həyatın bütün çətinliklərini uşaqlarıma danışmışam. İndiyə kimi də danışmağa davam edirəm. Mən onları qətiyyən döyməmişəm, dallarınca qaçmamışam, söyməmişəm. Sadəcə olaraq saatlarca onlarla danışmışam.

- Axı övlad, hər zaman valideynin üzünü ağ etmir...

- Pis övlad yoxdur. Tərbiyədən çox şey asılıdır. Birdə mühut anlamı var. İndiki cavanlar biri-birinə qoşulurlar. Qızlar öz rəfiqələrinə, oğlanlar da öz dostlarına. Birinin uşağı ərköyün böyüyür deyə bu da ona baxıb, pis vərdişlər götürür. Övladım nə qədər ki, tələbədir mən deyən olmalıdır. Nə vaxt ki, işləyəcək, o zaman da o deyən olacaq.


"Onlara elə maska taxaram ki, heç ocağımdan çölə çıxa bilməzlər"



- Siz insanların intim həyatını da bilirsiniz?

- Mən hər şeyi bilirəm. Mən insan bədənindəki xalları da görürəm. Mənə maska taxıb gəlmək olmur. Onlara elə maska taxaram ki, heç ocağımdan çölə çıxa bilməzlər.

- Maskaları tez-tez çırırsınız?

- İstəyəndə cırıram, istəməyəndə də ələ salıram.

- Gördüyünüz iş haqda məlumatsız olan insanlarda sual yaranır ki, nə səbəbdən siz öz ocağınızdan başqa yerdə baxa bilmirsiz?

- Qətiyyən belə deyil. Mən istəsəm hər yerdə baxa bilirəm. Amma niyə də baxmalıyam. Kiməsə borcluyam? Efirdə özümü kiməsə göstərirəm ki? Mən sübutumu artıq Allaha etmişəm. O bəndə kimdir ki, mən durub ona nəyisə sübut edim? Zəhmət çəkib gəlsin ocağıma, halallığımı versin, baxım. Kimsənin atasına borcum yoxdum. Bezmişəm fırıldaqçılara deməkdən ki, bəsdirin, camaata duaları yazib verirsiniz.

- Sözünüzdən belə çıxır ki, Quran ayələri ilə dua yazmaq boş şeydir?

- Mən demirəm ki, boşdur. Sadəcə olaraq günahdı, Quranla baxırsansa, niyə daşqınların qabağını almırsan? Axı dünya sökülüb-dağılır! Onlar Allahın işinə qarışırlar. Baxıcısısansa, otur evində baxıcılığını elə. Camaatı niyə aldadırsan? Ay üzdən iraqlar bəsdir, Quranın adından istifadə edib, oyunbazlıq etməyiniz!

- Bu üzdəniraqlar kişidirlər, yoxsa qadınlar?

- Onlar aciz insanlardır. Bir əhvalat danışım. İki il öncə, qonaq olduğum verilişdən sonra, Salyan rayonundan Hacı olan bir kişi mənə zəng vurub dedi ki, səni gəlib güllələyəcəm. Mən də indi burdan deyirəm ki, məni güllələmək əvəzinə selin qabağını saxla da, bacarırsansa qoyma aləm batsın. Yəni, həmin baxıcıya kişi demək olar?
Mənə iftira atanlar, qara yaxanlar əlbəttə ki, gec-tez bəlalarını tapacaqlar.


"İlham Mirzəyevlə duelə çıxaram"


- Həmkarınız, hazırda münasibətləriniz yox səviyyədə olan İlham Mirzəyevlə bölüşə bilmədiyiniz nədir?

- Onu həyatda görməmişəm. 2001-ci ildə, şəxsiyyətinə hörmət etdiyim rejissor  Mehriban Ələkbərzadə haqqımda film çəkməyə qərar verdi. Amma o, mənə dedi ki, gücümü görmək üçün, hətta onun üçün də baxmalıyam, çəkinmədən razılıq verdim. Məni yoxladılar. Və 2001-ci ildə "Space TV"nin istehsalı olan "Yerlə-göy arasında" adlı filmim efirə çıxdı. Hətta orada möcüzələr də oldu. Həmin film hazırda şəxsi arxivimdə də var. Çəkiliş zamanı dəhşətli və tükürpədici məqamlar yaşandı. Dəniz kənarına getmişdik. Hava çox tutqun idi. Mən isə proqnoz vermişdim ki, ay mütləq gözə görünən səviyyədə səmada olacaq. Heç kim inanmırdı. Ancaq, çox keçmədi ki, dediyim oldu. İnan ayın necə doğması və batmasını rejissorlar, opretorlar da gördü, oturub ağlayırdılar. Heç kim inanmırdı ki, yağış yağacaq. Ancaq yağış da yağdı. Bir haşiyəyə çıxıb vurğulamaq istəyirəm ki,  o vaxt Mehriban Ələkbərzadə, İlham Mirzəyevə demişdi ki, səndə Yeganə xanımla bu filmdə çəkilməyə razılıq ver. O,  da demişdi ki, mənimlə görüşməkdən qorxur. Mən də o vaxt dediyimi, indidə təkararlayıram ki, məndən qorxmaq lazım deyil. Hər bir adamın öz vergisi var. Hər bir peşədə vergi olur ki, bu da digər sahələrdən fərqlənir.Yenə də deyirəm ki, mən İlhamı yaxından tanımıram. Sadəcə olaraq mənim haqqımda "ondan qorxuram" demişdi. Axı, mən qorxulu adam deyiləm. Amma deməsəm günah olar ki, bu illər ərzində İlham Mirzəyevdən pis münasibət görməmişəm.

- Bəlkə sizi İlhamla düşmən etmək, kiminsə marağındadır?

- Yox. Biz düşmən ola bilmərik. İlham Mirzəyevin gücünün olub-olmamasını mən deyə bilmərəm. Çünki onunla ünsiyyətdə olmamışam. Heç onun üzünü də görməmişəm.

- Elə bir insan olub ki, müştəri olaraq hər ikinizin yanına gəlsin?

- Bəli, çox gəliblər, İlham Mirzəyevdən mənə çox şikayət ediblər. Deyirlər ki, hətta İlham Mirzəyev 60 manat alıb onlara dualar yazıb. Amma heç bir nəticəsini də görməyiblər. Mən heç onun işinə qarışmaq da istəmirəm. Özü bilər. Amma mən sübutsuz danışmaram. Mənim əlimdə tutarlı sübutlarım var deyə, danışıram.

- Sizcə, bütün bu deyimlərlə onunla sizi düşmən eləmək istəmirlər ki?

- Bilmirəm. O kişidir, mən qadın. Mənim bu baxıcılardan bir xahişim var, Allahın işinə, siyasətə qarışmasınlar. Əgər camaata gün ağlamaq istəyirlərsə, ağlasınlar. Əgər bacarırlarsa belə Quranla baxa bilirlərsə, onda daşqınların qarşısını alsınlar.

- Qəribə görünsə də sizə məcazi bir sual ünvanlamamaq mümkünsüzdür. İlham Mirzəyevlə duelə çıxa bilərsiniz?

- Mən qadınam, o kişi. Mən heçnə deyə bilmərəm. Allah deyən məsləhətdir. O məni verilişinə dəvət eləsə, əlbəttə ki, çıxaram. Bəyəm özüm durub ona zəng vurum ki, məni verilişinə dəvət elə? Mən hər dəqiqə onunla duelə çıxmağa hazıram. Mən Azərbaycanda özüm kimi güclü cadu çevirən görmədim. Yeri gələndə heç özüm kimi güclü baxıcı da görməmişəm. Çünki mən baxıcılığı hər adam üçün istifadə eləmirəm.

- Siz İslamı qəbul edirsinizsə, onda niyə deyirsiniz ki, Həccə gedənlərlə aram yoxdur?

- Mən yenə də deyirəm ki, baxıcılıq sırf şeytan işidir. İstər Quran, istərsə də başqa nələrləsə baxsınlar. Yenə də baxıcılıq şeytan işidir. Quranda heç kimin taleyi yazılmayıb, Qurana qurban olum.
Mən əhd eləmişəm ki, balalarımı yerbəyer edim vəssalam, tövbə edəcəyəm. Allah mənə səbr, can sağlığı versin, çünki çox yoruluram. Amma hər bir peşənin qazanc yeri var. Mənim qazancım burdandı.


"Aparıcı Turan mənə zəng elədi ki, qurban olum Yeganə xanım, mənim verilişimə çıxın"



- Qalmaqallı tele-aparıcı, "ANS TV"-nin "Günəbaxan" verilişinin aparıcısı Turan İbrahimovla da münasibətlərinizdə deyəsən problemlər yaşanır...

- Turandan mən deyə bilərəm ki, o verilişini təzə açanda Bilgəhdə bağda dincəlirdim. Turan mənə zəng elədi. Biz telefonda düz 2 saat danışdıq. Mən onu başa saldım. O, mənə dedi ki, qurban olum Yeganə xanım, mənim verilişimə çıxın. Mən də ona dedim ki, oğlum, sən hələ uşaqsan. Biraz böyüyərsən sonra sənin verilişinə çıxaram. Qoy mən biraz dincəlim. Daha sonra bir xeyriyyəçilik tədbirində Turanı yenidən gördüm. Görüşən zaman dedim ki, axırki, səni canlı  gördüm. Mənə dedi ki, "mən cindarlarla görüşmürəm". Sonra mən onun nömrələrini axtarıb tapdım. Zəng elədim ona, guya köməkçisi götürmüşdü. Mən onun səsini tanıyıram. Ona tapşırdım ki, onu ilk dəfə gördüyümə görə Allahın adını çəkib ona salam verdim. Onun mənə o cür cavab verməyini yalnız Allaha tapşırıram. Hətta onun şəkillərini mənə təklif edənlər də oldu. Mən isə dedim ki, Allah mənə səbr versin. Mən onu bağışlamaram.

- Sizə cindar deməyinə görə?

- Yox. Sadəcə olaraq onun əl-qol hərəkəti mənim xoşuma gəlmədi. Orda elə qadınlar vardı ki, mən onlarla salamlaşıram. Mən Turanı ilk dəfə görəndə zənn etdim ki, hansısa doğmamı görürəm. Mən ondan başqa heç bir pislik görməmişəm. Sadəcə onun o hərəkəti mənim xoşuma gəlmədi. Mən onun verilişinə uşaqlığına görə çıxmadım, ora çıxıb neyləcəkdim. Allah Turanı belindən vuracaq, ancaq mən əlimi ona vurmayacayam.  Bilin, mən çox gözəl insan olsam belə, murdar xasiyyətlərim də var. Mən yediyim çörəyi 2 dəqiqəyə yerə vura bilərəm. Amma məni incitməsinlər. Hamıya sidq ürəklə yanaşa bilərəm. Lakin ürəyimi kimsə qırdısa, deməli son nöqtə qoymağın vaxtı yetişib. Həmin kəsi gözünün içinə baxa-baxa qıraram. Onu,  "can" deyə-deyə əridirəm. Və əllərimi göyə qaldırıb şükür sənə Allah, deyirəm ki, mənə həmişə güc verirsən... 

Şahin Cavadsoy
Milli.Az
 
 

 

 

Uyğun link:

Falçı Ədilə Şahbazovadan şok açıqlamalar