Dünyanın ən bahalı enerji layihəsi

29 Noyabr 2012 14:57
Xəzər dənizinin Qazaxıstan sularında yerləşən Qaşaqan neft yatağı dünyanın ən qiymətli enerji layihəsi adını qazanıb. Qaşaqan layihəsinə son illər ərzində 116 milyard dollara yaxın sərmayə qoyulduğu bildirilir. Qaşaqan neft yatağında hasilat işləri aparan konsorsiuma Qazaxıstanın KazMunayQaz, İtaliyanın Eni, Fransanın Total, Amerikanın Ekson Mobayl, Britaniya və Hollandiyanın Şel şirkətləri daxildir. Son 12 il ərzində konsorsium Qaşaqan layihəsinin ilkin mərhələsinə 50 milyard dollar vəsait ayırıb. İri büdcəli layihənin birinci mərhələsində əsas hədəf 12 milyard barrel neftin hasilatıdır.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, neft yatağı böyük potensiala malik olsa da, onun Xəzər dənizinin şimalında yerləşməsi, neftin nəqli məsələsini problematik edir. Yataqdan hasil olan neftin daşınması üçün bir-birilə əlaqəli olan dəmiryollarına, boru kəmərinə və dəniz yollarına ehtiyac var. Kəskin hava şəraiti də əsas problemlərdən biridir.

Belə ki, qış fəslində Xəzərin şimal suları buz bağladığından, şirkətlər neft və qazın hasili üçün süni adalar yaratmaq məcburiyyətində qalır. Başqa bir problem isə Qaşaqan neftinin emalının olduqca mürəkkəb proses olmasıdır. Neftin tərkibində yüksək dozalı hidrogen sulfid yer alır və həmin maddələri xam neftdən kənarlaşdırmaq lazım gəldiyindən, bu neft hasilində bir neçə il gecikmələrə səbəb olub.

Xatırladaq ki, Qaşaqan neft yatağı 2000-ci ildə Xəzərin Qazaxstan sektorunda kəşf olunub və ekspertlərin hesablamalarına görə, 30 milyard barrel neft ehtiyatına malikdir.

Milli.Az