Konstitusiya Məhkəməsi fəaliyyəti ilə əlaqədar KIV-lərdə qərəzli məlumatların dərc olunmasını pisləyir

29 İyun 2010 21:26

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) son günlər bəzi yazılı və elektron kütləvi informasiya vasitələrində KM-nin fəaliyyəti ilə əlaqədar ciddi təhrif olunmuş, bu ali konstitusiya ədalət mühakiməsi orqanının nüfuzuna xələl gətirən və hüquqi dövlətdə mətbuatın üzərinə düşən mühüm vəzifələrlə bir araya sığmayan məlumatlarla bağlı bəyanat yayıb. 

İyunun 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun iştirakı ilə Məhkəməyə təyin edilmiş yeni hakimlərin təqdimat mərasimi keçirilib. Bu barədə Konstitusiya Məhkəməsi mətbuat xidmətinin məlumatında deyilir.

Tədbirdə çıxış edən Ramiz Mehdiyev Konstitusiya Məhkəməsinin ötən dövr ərzindəki fəaliyyəti barədə fikirlərini bölüşüb, Konstitusiya Məhkəməsi Aparatının işi ilə bağlı iradlarını ifadə edib, Aparatın fəaliyyətinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrini bildirib.

"Konstitusiya Məhkəməsi həmin tədbirlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş hüquqi-demokratik dövlət quruculuğu prosesini kölgə altına alan, həqiqətəuyğun olmayan qərəzli məlumatların dərc olunmasını pisləyir və bəzi kütləvi informasiya vasitələrinin demokratik dəyərlərə uyğun gəlməyən belə məsuliyyətsiz addımlarına qəti etiraz edir. Mətbuat orqanlarının hüquqi dövlət quruculuğunda, demokratik cəmiyyətdəki roluna böyük önəm verən Konstitusiya Məhkəməsi öz fəaliyyətini daim şəffaflıq prinsipləri üzərində qurub, kütləvi informasiya vasitələri üçün açıq olub", - məlumatda deyilir.

Məlumatda bildirilir ki, Konstitusiya Məhkəməsi mötəbər mənbə adı altında faktların təhrif edilməsini, demokratik dəyərlərə ziyan vuran, ali konstitusiya ədalət mühakiməsi orqanının cəmiyyətdəki yerinə və mövqeyinə uyğun olmayan böhtan xarakterli yazıların mətbuat səhifələrində yer almasını son dərəcə təəssüflə qarşılayır.

/Trend/