Bakıda hansı sərnişin avtobusları ləğv olunacaq?
23 Noyabr 2012 17:37
Bəs, görəsən, bu proses nə vaxta qədər davam edəcək və başqa hansı avtobuslar xətdən çıxarılacaq?
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı Publika.Az-ın suallarını cavablandırıb:
"Artıq 58, 19, 34, 72, 114, 117, 178, 174, 27, 41, 63 marşrutları ləğv olunub və yaxın günlərdə 4 nömrəli marşrut da xətdən çıxarılacaq. İlin sonuna qədər davam edəcək islahatlar 23, 104, 106, 192, 78, 89, 155, 38, 194, 66, 176, 138, 174, 56, 168 marşrutları da əhatə edəcək. İslahatların məqsədi istismar müddəti bitmiş sərnişin avtobusları xətdən çıxarmaq, paytaxtdakı sıxlığı azaltmaqdır. Buna görə də, bəzi marşrut xətləri bağlanır, istismar müddəti başa çatan kiçik tutumlu avtomobillər xətdən çıxarılır. Hətta bəzi orta tutumlu avtobuslar da var ki, onların da istismar müddəti başa çatıb və xətdən çıxarılacaqlar".
N.Həsənov yığışdırılan avtobusların əvəzinə "İsuzu" markalı orta tutumlu avtomobillərin istifadəyə buraxılacağını deyib. Onun sözlərinə görə, artıq 150-dən artıq orta tutumlu avtobuslar istifadəyə verilib, yaxın vaxtlarda isə 50 avtobus istifadəyə veriləcək.
N.Həsənov yeni avtobusların hansı xətlərdə istifadə olunmasından da danışıb:
"3 marşrut xətti biri ilə əvəzlənməlidir. İstismar müddətini keçən nəqliyyat vasitəsinin 3 marşrut xəttində nəqliyyat vasitəsi yenilənir, 55 ədəd kiçik tutumlu nəqliyyat vasitəsi var ki, onlar yeni orta tutumlu nəqliyyat vasitəsi ilə ayın sonuna əvəz olunacaq. Amma, ümumiyyətlə, marşrut xətlərinin sayı 184-ə, daşıyıcların sayı isə 68-ə endirilib. Optimallaşdırma prosesi başlayanda isə daşıyıcıların sayı 210, marşrutların sayı isə 310 idi".
N.Həsənov xətdən çıxarılan və bərpa olunmayan avtobusların digər alternativ nəqliyyat vasitələrində yaratdığı sıxlıq probleminə də toxunub:
"Hansı xətlərdə ehtiyac olarsa, həmin marşrutlar üzrə avtobusların sayı artırılacaq. Ancaq bu sistemi elə qurmalıyıq ki, nəqliyyatın intellektual idarəetmə sistemində problemlər yaşanmasın".
Milli.Az