Azərbaycanda qızıl və gümüş medalların verilməsi qaydası bəlli oldu

29 İyun 2010 17:37
Medalların verilməsi qaydaları və eskizlər yaxın günlərdə təsdiqlənəcək. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qızıl və gümüş medallar verilərkən məzunun yalnız X və XI siniflərdəki bütün fənlər üzrə illik qiymətləri nəzərə alınacaq. Qızıl medal almaq istəyən məzunun X və XI siniflərdə bütün fənlər üzrə illik qiymətləri "5" olmalıdır. Eyni zamanda, onlar respublika, beynəlxalq əhəmiyyətli fənn olimpiadalarının, yarışlarının iştirakçısı və qalibi olmalıdırlar.

Gümüş medal alacaq məzunlar isə ana dili və riyaziyyat fənləri istisna olmaqla, iki fəndən "4" qiymət ala bilərlər. Belə məzunların qalan qiymətlərinin hamısı "5" olmalıdır.

Milli.Az