Uşağı necə tərbiyə etməli?
23 Noyabr 2012 16:38
"Çətin uşaq" ifadəsinə tez-tez rast gəlinir. Müəllimlər çox vaxt bəzi uşaqların çətinliyindən şikayətlənirlər. Mütəxəssislərin fikrincə, uşaqların belə formalaşması pedaqoji baxımsızlıqdan irəli gəlir. Adətən çətin uşaqların xüsusiyyətləri yeniyetməlik dövründə özünü gostərir. Bu dövr uşaqlarda çətinliyin yaranmasına təkan verir.
Psixoloq Aynurə Əlibəylinin sözlərinə görə, çətin uşaqlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir. Dediyinə görə, uşağın xasiyyəti çətindirsə, valideynlər bununla bacara bilmirsə, mütləq onu psixoloqa aparmaqları məsləhətdir: "Uşağı döymək, vurmaq, əsəbi davranış göstərməklə onu tərbiyə etmək olmaz. Əksinə bu, uşağın psixologiyasına öz zərbəsini vura bilər. Məsələn, uşağı qorxutduqdan sonra onun sağlamlığı ilə yanaşı, davranışlarında, üz cizgilərində də dəyişikliklər əmələ gələ bilər. Bu dəyişikliklərdən biri tikdir. Tik, istəməyərək və ani olaraq özünü göstərən və müəyyən xüsusiyyətləri ilə təyin olunan, hər hansı bir məqsədə xidmət etməyən əzələ sıxılmasıdır. Hərəkət çox vaxt refleks halında adamın fərqində olmadan təkrarlanır".
Psixoloq bildirir ki, uşaqlarda tiklər üz əzələlərində, alt göz qapağında, göz qırpmalarının artması formasında özünü büruzə verir. Belə hallar çox zaman böyüklərdə də müşahidə edilir. Bu da çətin uşağın tərbiyəsində valideyinin düzgün davranmamasının nəticəsidir. "Yəqin gözlərini tez-tez qırpan, özündən asılı olmayan müxtəlif hərəkətləri ard-arda edən insanlarla qarşılaşmısınız. Bütün gördükləriniz tikdir. Bunlar uşaq yaşlarından yaranan bir haldır. Tiklər bədənin müxtəlif bölgələrində özünü göstərə bilər. Boyun əzələlərində, əsəb nəticəsində yaranan öskürmələr şəklində, lazım olmadığı halda tez-tez burun çəkmə və üst dodaqla edilən tiklər, udqunma və udurmuş kimi hərəkət etmə, boğaz təmizləyir kimi hıçqırmaq, boğaz təmizləməyə məcbur etmə tikləri, çiyin çəkmək, barmaq çatlatmaq, dizini və ayaqlarını yelləmək, tez-tez gözlərini alışmamış şəkildə ayırmaq, qollarını və ayaqlarını yelləmək, qulaqları oynatmaq, qaşları tez-tez qaldırıb-endirmə halları cəmiyyət içində ən çox rastlaşdığımız tiklərdir".
Psixoloqun fikrincə, tiklərin əsas yaranma səbəbi uşağın duyğusal vəziyyəti ilə əlaqəlidir. Sonradan vərdiş halına çevrilən tiklərin ortaya çıxması ümumiyyətlə, həddindən artıq bir həyəcan, qorxu və ürkmə yaradan bir hadisədir. Tik yaranan uşaqlar narahat, qayğılı və gərgin uşaqlardır. Belə uşaqların valideynləri çox zaman qaydaçı və əsəbi olurlar. Belə ailələrdə uşağa möhkəm nəzarət olduğu üçün göstərilən hər bir sərt davranış tik yaranmasına səbəb ola bilər: "Qorxulu bir hadisəyə şahidlik, ananın övlad qarşısında döyülməsi, uşağa vurulan sərt bir sillə tikin yaranmasına səbəb ola bilər. Tikin digər yaranma səbəbi isə təqliddir. Yəni uşaq valideynlərinə baxıb onların hər hansı bir hərəkətini təqlid edir və sonradan bu vərdişə çevrilir. Məsələn, evdə dava-problem olanda uşaqda əl-qol tiki meydana gələ bilər".
Müsahibim hesab edir ki, tiklərin aradan qaldırılması çətin və üzücü prosesdir. Onun dediyinə görə, çətin uşağa qarşı olan davranışlar, təhqir, danlama və bu uşaqlara əl qaldırılması tiklərin daha da artmasına və bununla yanaşı ardıcıl davranış pozuntularının ortaya çıxmasına gətirib çıxara bilər: "Ata-ananın uşağının bu halından utanması və övladını utandırması uşağa daha çox zərbə vurur. Valideyn unutmamalıdır ki, uşaqda yaranan hər hansı bir davranış, dəyişiklik onun düzgün olmayan hərəkətinin nəticəsidir. Valideynlər uşağı öz arzu və istəklərinə uyğunlaşdırmağa çalışmamalıdır".
A.Əlibəyli deyir ki, uşaqda yaranan tiklərin qarşısı yarandığı zaman alınmasa, bu, ömürboyu davam edə bilər. Bu səbəbdən gərginlikləri və narahatlıqları azaltmaq məqsədilə sakitləşdirici dərmanlardan istifadə etmək daha uyğundur. Dərmanlar həkim tövsiyəsi ilə seçilməli və uşağa qarşı ailədə olan davranış dəyişdirilməlidir.
"Ekspress" qəzeti