Ev pulu: onu verməli, yoxsa verməməli? - VİDEO

20 Noyabr 2012 19:35
Son vaxtlar sakinləri bir məsələ daha çox narahat edir - ev pulu verməliyəm, ya verməməliyəm?

Ümumiyyətlə, bu yığılan ev pulu qanunidir, ya yox? Qanunidirsə, bəs niyə mənzildə kommunal problemlər baş qaldıranda, MİS-lər şəxsi mənzil məsələsini qabardır?

Anspress xəbər verir ki, bu gün bir çox vətəndaşlar kommunal xərclər sırasında ev pulu da ödəyirlər. Paytaxt sakinlərinin yaşadıqları mənzilə görə ayda nə qədər pul ödədikləri və bunun əvəzində hansı xidmətlərlə təmin olunduqları ilə maraqlandıq.

Nazirlər Kabinetinin 10 mart 2000-ci ildə qəbul etdiyi 40 saylı qərara əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kv.m yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib. Ekspert Samir Əliyev isə qeyd edir ki, bu məbləğ hansısa bir işin icrası üçün kifayət edəcək məbləğ deyil. Əgər bu məbləğ kommunal xidmətlər göstərməyə kifayət etmirsə, onda bəs nə üçün yığılır? Bundan əlavə, ekspert bu gün JEK kimi tanıdığımız Mənzil İstismar Sahələrinin hüquqi fəaliyyətinin sual altında olduğunu bildirir.

Millət vəkili Fazil Mustafa isə Nazirlər Kabinetinin muvafiq qərarında göstərilən mənzil haqlarının Milli Məclisin 2009-cu il Mənzil Məcəlləsi haqqında qanunun qəbul edilməsi ilə qüvvədən düşdüyünü deyir: "Ümumiyyətlə, ev pullarının yığılmasının heç bir qanuni əsası yoxdur. O baxımdan ki, Mənzil İstismar Kontorları 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə ləğv olunub. Onlara büdcədən də vəsait ayrılır. Amma bu vəsaitin də ayrılması qeyri-qanunidir, çünki bu qurumların yerinə daha çox vətəndaşların özlərinin müəyyən elədiyi idarəetmə qurumları olmalıdır, ictimai və həm də başqa əsaslarla da ola bilər. Bu qurumlar fəaliyyət göstərməlidir və onlar da vətəndaşın mənzillə bağlı hər hansı ödədiyi vəsaitin hesabına orada müəyyən xidmətlərin göstərilməsini təmin etməlidir".

Bəs, görəsən, ev pulu yığmaq üçün qapımızı döyən JEK nümayəndələrindən müqavilə sənədi tələb edə bilərikmi? Mövcud məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəis köməkçisi Sabit Əzizovun mövqeyini öyrənməyə çalışsaq da, o münasibət bildirməkdən imtina etdi və Nazirlər Kabinetinin 10 mart 2000-ci ildə qəbul etdiyi 40 saylı qərara əsasən, fəaliyyət göstərdiklərini bildirdi.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.