Gecə oxusu: Quşların dili
16 Noyabr 2012 00:30
Quşların dili
Müxtəlif mədəniyyətlərdə tez-tez "quşların dili" adlandırılan sirli dildən danışılır. Şübhəsiz ki, dil bilgisi ilə əlaqəli simvolik olan bu ifadə hərfi yozumda müstəsna qabiliyyətin göstəricisi kimi mənalandırılır. Misal üçün, "Quran"da deyilirir ki (XXVII,15), "Biz Davuda və Süleymana elm insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini (`ullimnā mantiq at-tayr) bilmək və i. a. verdik. Onlar dedilər: "Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!" Bir başqa yerdə, daha dəqiq söyləsək, skandinav əfsanəsindəki qəhrəman, Siqfridin quşların dilini bildiyini və bu qabiliyyətinə görə əjdahaya qalib gəldiyini oxuyuruq.
Sualımızı cavabalandıracaq simvolizmin mahiyyəti buradan asanlıqla zahir ola bilər. Əjdahanın üzərində qələbənin bilavasitə nəticəsi kimi qəhrəman əbədiyyəti fəth etmiş olur. Burada əbədiyyət üzərində qələbənin çətinliyi hansısa bir obyektlə verilir və həmin obyekt - əjdaha onun, yəni ölməzliyin əlçatmaqlığını qadağan edir.
Mahiyyət etibarı ilə, əbədiyyətin fəthi varlığın ali məqamı ilə kommunikasiyanın əsası qoyulan nöqtədə - ən mərkəzdə bəşəri məqamla yenidən qovuşmanı nəzərdə tutur. Bu əlaqə quşların dilini anlamaqla təmsil olunur və faktiki olaraq da quşlar tez-tez ali varlıqlar olan mələkləri simvolizə edir. Əhəmiyyətli dərəcədə maraqlıdır, belə ki, İncilin "Xardal toxumunun dəni" ibrətli hekayəsində "səma quşlarının" səmadan varlığın hər bir vəziyyət (vəziyyət - sözü ilə müəllif mistizimdə başa düşülən məqam, hal sözlərini nəzərdə tutmuşdur - tər. E.V.) mərkəzindən keçib bütün vəziyyətləri bir-biri ilə birləşdirən oxu (2) təmsil edən ağacın (1) budaqlarında yuva qurmağa gəldiklərindən danışılır.
Quran mətnində verilmiş əs-səffət termini hərfi mənada quşları bildirsə də, simvolik anlamda mələklərə aid edilir və beləliklə, ilk növbədə ilahi və mənəvi iyerarxiyaların konstitusiyasını, quruluşunu göstərir (3). İkinci növbədə isə mələklərin iblislərlə mübarizəsini işarələyir. Bu ali və aşağı məqamlar arasında ilahi qüvvələrin daxili birisinə qarşı dualistik ziddiyyətinin göstəricisidir (4).
Hind tradisiyasında bu, Devaların Asurasa qarşı savaşından ibarətdir. Həmçinin bizim mövzunun simvolizminə yaxın olan Qarudanın Naqaya qarşı mübarizəsi də bu qəbildəndir, lakin burada yuxarıdakı kimi ilana və ya əjdahaya rast gəlinmir. Qaruda ruhani məqamı qaraleylək, hacıleylək, vağ (Hernon) (5) və s. kimi quşlar və yırtıcı sürünənlər, bir sözlə, düşmənlər tərəfindən zəbt edilmiş qartaldır. Nəhayyət, üçüncü anlamda əs-səffət mələklərin ifadəli və təmtəraqla oxuduqları Quranın deklamasiyası olan zikr mənasındadır.
Ümumiyyətlə, Quranın bəşəri dillə ifadə edildiyini söyləmək lüzumsuzdur, ona görə ki, onun əbədi prototipi Universal Varlığın bütün dərəcələrini başdanbaşa özündə ehtiva edib cənnətdən yerə qədər uzanan Yakovun Pilləkəni (6) kimi əl-Löhv əl-Məhfuzda yazılmışdır. Hind mədəniyyətində buna oxşar şəkildə deyilir ki, Devalar Asurasa qarşı mübarizələrində özlərini ritm mənası verən çandaları - Veda himnlərini təmtəraqlı şəkildə oxuyaraq qoruyurdular (akandayan). İslam ezoterizmində eyni ideya zikr sözündə saxlanılır və bu söz hind dualarına tamamilə uyğun gələn ritmik formula anlamında istifadə edilir.
Bu formulanın anbaan avazla təkrarı (zikr) varlığın müxtəlif elementlərini harmoniyalaşdırmaq və vibrasiyanın köməkliyi ilə məqamların və ya vəziyyətlərin bütün iyerarxiyası boyu onların ali məqamlarla əlaqə imkanlarını yaratmaq niyyəti daşıyır. Ümumiyyətlə desək, bu bütün ənənələrin esensial və ən qədim məqsədidir.
Esensial və qədim məqsəd bizi birbaşa geriyə, başlanğıncda haqqında söhbət açdığımız həmçinin "mələklərin dili" adlandırıla bilən "quşların dili"nə qaytarır. Demək, belə çıxır ki, "quşların dili" insan dünyasında ritmik dillə simvollaşdırılır. Ritm elminə əsasən harmoniya və ritmin müxtəlif tətbiq və istifadə yolları vardır. Lakin faktiki olaraq burada əsas məqsəd bütün mənaların təməlini varlığın ali məqamları ilə əlaqəyə qoşub hərəkətə gətirməkdir. İslam tradisiyasında Adəmin dünyəvi cənnətdə olarkən şeirlə, yəni ritmik dillə danışması təsadüfi deyilmir.
Müqəddəs Kitabların ritmik dillə yazılmasının səbəbi məhz buna görədir. Nəzərdən qaçırılmamalıdır ki, Müqəddəs Kitabların özünəməxsus ritmik dili özündə poeziya idi və bugünkü "tənqidçilər"in antitradisiyon, zərəli rəylərinin əksinə olaraq dünyəvi hisslərlə yazılmış "şeirlər"dən bütövlükdə mahiyyətcə fərqlənir. "Tənqidçilər" yaddan çıxarmamalıdırlar ki, indi insan nəslinin mənəviyyatca aşağı səviyyəsinə şahidlik edən və onun ayrılmaz bir parçası olan içiboş ədəbiyyat və ya sənət mənəvi degeneratlığın və ya təhrifin nəticəsində meydana çıxmışdır (7).
Bunun əksinə isə Səmavi Kitablar əsl müqəddəs, dəyişməz, ali və toxunulmaz xarakterə malikdirlər. Oxşar nümunələri uzaq keçmişin klassik-antik qərb poeziyasında da tapmaq olar. Belə ki, qərbin antik poeziyası "Tanrıların dili" adlanır. Bu ifadədə keçən "Tanrılar" sözü bizim yuxarıda mələkləri və ya ali varlıqları təmsil etmək anlamında işlətdiyimiz Devalara (8) uyğun gəlir.
Latın dilində şeirlər karmina adlanır və bu ad ritualların yerinə yetirilməsi ilə əlaqədar işlədilir. Latıncadakı karmina sözü sanskritcədəki "ritual əməlləri yerinə yetirmək"(9) xüsusunda işlədilən karma sözü ilə tamamilə eyni mənanı daşıyır. Vaxtilə bu tradisiyalarda şairin özü "müqəddəs dilin" tərcüməçisi, İlahi Sözün üzərindən məna ötrüyü ustalıqla, başa düşülən şəkildə çəkən hesab olunurdu. İlahi Söz və ya Kəlam peğəmbərlərə məxsus ilhamın müəyyən dərəcəsini ifadə edirdi.
Lakin sonralar təhrif üzündən kəlamlar adi "ilahi"lərdən(10) o tərəfə gedə bilmədi; karminlər isə "ovsun"a çevrilib ən adi magiya səviyyəsinə endirildi. Biz magiya ilə bağlı faktın daha başqa bir illüstrasiyasına diqqəti çəkə bilərik. Hətta deyərdik ki, tradisiyalar yox olarkən onların geriyə yadigar kimi qoyduqları axırıncı şey cadugərlik olur.
Sonda göstərdiyimiz bir neçə əlamətlər bu gün "quşların dili"ndən danışan hekayətləri yararsız hesab etməklə ələ saldığını göstərməyə kifayət edir. Nəyisə başa düşməyənlər üçün həmin şeyin adını "mövhumatlar" qoymaq olduqca sadə və asandır. Lakin unudulmamalıdır ki, qədim dövrün sakinləri simvolik dildən istifadə edərkən nəyi nəzərdə tutduqlarını çox yaxşı bilirdilər. Əsl mövhumatın ciddi etimoloji mənasını onun nəyi özündə yaşatmasında axtarmaq lazımdır.
O, əlbəttə, "köhnəlmiş və ya ölu qanun"dur. Köhnəliyinə, yaxud da lüzumzuzluğuna rəğmən, belə qanunlar ölümsüz və özü-özlərini mühafizə edəndir. Günümüzdə onlar az diqqətçəkici olsalar da, heç də ciddi şəkildə əhəmiyyətsiz görünmürlər. Əbədi Ruh naminə yalnız onların özü təhrif edilmiş simvollara və ənənələrə hər zaman təzə həyatın nəfəsini verə və özlərinin itirilmiş mənalarını bərpa etməklə əsl ləyaqət dolğunluqlarını qaytara bilərlər.
1. Bax: Vedantaya görə İnsan və Onun Yaranması, s. 41, qeyd 1.
2. Orta əsrlərin cənnət simvolikası, birisi ağacın budaqlarında quşları, onun ayağında isə əjdahanı görür (bax: Xristian Simvolizmi, fəsil. IX). "Cənnət quşları" simvolikasının tədqiqatında Charbonneau-Lassay yalnız başı və qanadları göstərilən quş heykəli əsərinin illüstrasiyasını reproduksiya etmişdir. O həmin quşu mələk obrazında təsvir etmişdir.
3. "Sıra", "dərəcə" mənası verən əs-səff sözü əksər hallarda sufi və təsəvvüf (sufizm) sözlərinin mənşəyi kimi də təklif edilir. Linqvistik nöqteyi-nəzərdən bu söz kökü qəbul olunan olamasa da, bir çox başqa söz köklərinin oxşarı kimi əsl kökün etimoloji izahında yalana bənzəmir. Ümumiyyətlə, bu söz özündə iki məhfumu birləşdirən bir ideyanı daşıyır: "mənəvi iyerarxiyalar" ilə varlığın dərəcələri əsasən eynidir.
4. Belə dualistik ziddiyyət varlığın bütün formalarında var. Onlardan biri ali, digəri isə aşağı dərəcələri təmsil edir. Hind mədəniyyətində ali dərəcə satva, aşağı dərəcə tamez adlanır. Məzdəkçilikdə işıq və qaranlığın timsalında simvollaşdırılan belə antoqonizm Hörmüzd ilə Əhrimən obrazlarında təqdim edilir.
5. Bu xüsusda bax: Charbonneau-Lassayın xristianlıqda heyvan simvollarından bəhs edən təqdirəlayiq əsərinə (Le Bestiaire du Christ). Quş ilə ilan arasındakı simvolik ziddiyyətin mənasını ilanın zərərli, quşun isə zərərsiz olmasında axtarmaq lazımdır. Bəzi hallarda ilanın faydalı aspektinin quşla birləşdirildiyinə qədim amerikan mədəniyyətində - Ketzalkohatl fiqurunda rast gəlinir. Meksika miflərində qartal ilə ilanın döyüşündən danışılır. Bu xüsusda İncil mətnində də qeyd var: "Buna görə siz ilan kimi ağıllı, göyərçinlər kimi zərərsiz olun" (St. Matthew (M. Matvey), X, 16).
6. Mətndə verilmiş simvolizmə gəlincə, o birbaşa Xristian Simvolizmi kitabı ilə əlaqədardır. fəs. XIV.
7. Elm və incəsənətin dünyəviləşməsi onu ənənəvi xarakterindən və ali mənalarından məhrum etmişdir. Bu mövzu ətraflı L'Esotérisme de Dante, fəs. II, The Crisis of the Modern World (Müasir Dünyanın Böhranları), fəs. IV və The Reign of Quantity and the Signs of the Times (Kəmiyyətin Hakimiyyəti və Dövrün Əlamətləri), fəs. VIII. əsərlərində müzakirə edilmişdir.
8. Sanskritcədəki "Deva" ilə latıncadakı "Deus" eyni mənalı sözlərdir.
9. "Poeziya" sözü yunan sözu olan poiein sözündəndir və bu sözün sanskrit kökü kri-ilə eyni kökdəndir, hansıkı karma sözü də bu kökdəndir. Latın dilində kriare (creare) sözü də buradan gəlir.
10. "Diviner" (ilahiyyatçı və s.) sözünün mənşəyi müxtəlif mənalara yozulur. Etimoloji baxımdan divinus "Tanrıların dilmancı" mənasını verir. Burada "quşların dili" hərfi mənada "Tanrıların dili" kimi başa düşülməlidir. Quşlar Tanrılar ilə insanlar arasında əslində elçi rolunu oynayır və mələklərin analoqlarıdır.
Source: Studies in Comparative Religion, Vol. 3, No. 2. (Spring, 1969)
Qaynaq: Müqayisəli Dini Tədqiqatlar, Cild 3, № 2. (Yaz, 1969)
Çevirdi: Elmar Vüqarlı
Milli.Az