Bakıda evlənmək neçəyə başa gəlir? - REPORTAJ - QİYMƏTLƏR - FOTOSESSİYA
14 Noyabr 2012 02:00
"3 ildir ki, nişanlıyam. Toy etmək istəsəm də, alınmır. Bakıda toy etmək üçün, ən azı 6000-7000 manat pulun olmalıdır. Bu səbəbdən də neçə ildir ki, evlənə bilmirəm", - 27 yaşlı həmsöhbətim Ayşə Qədirova deyir.
Milli.Az-ın verdiyi məlumata görə, bu gün Bakıda toy etmək istəyən şəxsin ən azı 6000 manat pulu olmalıdır. Buna isə bir çoxlarının imkanı çatmır. Araşdırma zamanı məlum oldu ki, toya xərclənən pullar bəzən qonaqlar tərəfindən qarşılanmır. Yəni toy edən şəxs ziyandan başqa heç nə əldə etmir...
200 nəfər qonağa - 5000 manatdan 35 min manata qədər pul xərclənir
Bakıda toy etmək istəyən şəxs üçün şadlıq sarayı tapmaq heç də çətin deyil. Çünki hal-hazırda şadlıq saraylarının sayı şəhərdə olduqca çoxdur. Bu səbəbdən də, şadlıq saraylarının təklif etdikləri qiymətlər də fərqlidir.
Bəzi şadlıq sarayları masa hesabı, bəziləri isə qonaq hesabı qiymətlər təklif edir. Misal üçün, Bakının demək olar ki, ən çox toy edilən şadlıq evlərinin birində, bir masanın qiyməti 25 manat - 150 manat arasında dəyişir. Bu isə sizə təqdim edilən menyudan asılır. Əgər siz 25 manata masa sifariş edərək, şadlıq sarayını toy etmək üçün bağlatdırsanız, o zaman sizin 5000-6000 manat xərciniz çıxacaq.
Kim isə öz şad gününün hər kəsdən yaxşı keçməsini istəyərək, bir masaya 150 manat xərcləyirsə, bu zaman o şəxs nə az nə çox 35 min manat pul xərcləməli olacaqdır. Xatırladaq ki, bu yalnız 200 nəfər qonaq üçün aparılan hesabatdır. Əgər qonaq sayı çoxdursa, bu zaman xərclər də artar.
Qeyd edək ki, şadlıq sarayının rəhbərinin verdiyi məlumata görə, bu xərclərə menyu, zalın icarəyə verilməsi, videoçəkiliş, musiqiçilər də daxildir.
Gəlinlik, yoxsa bəy geyimi?
Toy hər bir insanın arzusudur. Bu gün insanların həyatlarında çox vacib rola sahibdir. Adətən deyirlər ki, "Mən bir dəfə toy edirəmsə, həmin gün hər kəsdən gözəl görünmək istəyirəm". Bu ifadədən, xüsusilə də gəlinlərimiz istifadə edirlər.
Gəlinlik libası geyinmək hər bir gənc qızın arzusudur. Qeyd edək ki, gəlinlik paltarları satışda olduğu kimi, kirayəyə də verilir. Bu gün gənclərin əksəriyyəti gəlinlik paltarlarını kirayə almağa üstünlük verirlər. Bakıda gəlinin və bəyin geyimlərinə pul xərcləmək heç də asan iş deyil. Gəlinlik paltarının kirayəsi 120 manatdan başlayaraq, 4000 manata qədər dəyişir.
Bəylər üçün nəzərdə tutulmuş geyimlər isə 100 manatdan başlayaraq, 500 manat arasında dəyişir. Bəzi mağazalara nəzər salanda isə bu qiymətlərin 1500 manata qədər dəyişdiyini də müşahidə edə bilərik.
Hal-hazırda Bakı mağazalarında ən dəbdə olan gəlinlik paltarları dekolte formalı geyimlərdir.
Gözəllik salonunda bəzənmək, gəlinlik geyimlərinin qiymətinə bərabərdir
"Toya hazırlanan gəlin qızlar nə az, nə çox, ən azı 150 manat pul xərcləməlidirlər. Bu bəzənməyə, dırnaqlar, saç düzümü, makiyaj və s. daxildir. Bir çoxu sadə makiyaj seçməklə, pulun az xərclənəcəyini düşünürlər. Lakin bəzən ən sadə şəkildə bəzənən gəlinlər 500 manatadək pul xərcləyirlər", - deyə Bakıda gözəllik salonunda çalışan Zülfiyə Qədirova deyir.
Onu da qeyd edək ki, hər bir gəlinin Bakıda gözəllik salonunda bəzənməsinə 120 manatdan başlayaraq, 700 manata qədər pul tələb olunur.
Gəlinliyin ayrılmaz bir hissəsi də toy buketidir. Bu cür buketlərin hazırlanmasına da orta hesabla 30-50 manat tələb olunur.
Gəlinlər kimi, bəylərimiz də bəzənirlər
Gəlinlərin bəzəndiyi kimi, bəylərimiz də, bəzənirlər. Lakin gəlinlərdən fərqli olaraq, bəylərimizə həmin gün üçün hazırlaşmaq bir qədər ucuz başa gəlir.
Bakıda bəylərin saç düzəldilməsi 15-50 manat arasında dəyişilir. Orta hesabla bir bəyin toy mərasimi üçün hazırlanmasına 350 manat tələb olunur.
Toy üçün avtomobil
Toy gününə hazırlanan cütlüklər avtomobili də düşünməlidirlər. Çünki bu gün şəxsi avtomobilin nə qədər yaxşı olsa da, dəbdə olan kirayə olunmuş avtomobillərdir. Qeyd edək ki, toy üçün kirayə olunan avtomobillər heç də az xərc tələb etmir. Bir avtomobilin bir günlük kirayəsi Bakıda 50 manat - 3000 manat arasında dəyişir.
Bu avtomobillərin qiyməti isə avtomobilin markasından və onun bəzədilməsindən asılıdır.
"Evlənmək istəyirəm, pulum yoxdur..."
Qeyd edək ki, toy etmək istəyən, lakin pulu olmayan şəxslər üçün müxtəlif banklar kredit verirlər. Bu kredit yalnız evlənmək istəyən şəxslərə verilir. Toy edən cütlük, bankdan kreditə müəyyən məbləğ götürərək, arzuladığı toyu edə bilir.
Araşdırma zamanı məlum oldu ki, bankların qoyduğu kredit faizi də bir o qədər çox olmur.
"Toy etmək istəsəm də, pulum yox idi. Bankdan kredit alıb, toy etdim. Daha sonra isə bu məbləği asanlıqla ödədim", - deyə 29 yaşlı Vüqar Cahangirov deyir.
Toy etmək asan olmasa da, həmin gün evlənən cütlüklərin ən xoşbəxt günüdür. Bu səbəbdən də, bu günün qədrini bilin.
Türkan Nadirqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







