Heydər Əliyev Fondunun türk dilində nəşr etdirdiyi Mir Cəlal Paşayevin kitabları Bursa Uludağ Universitetinin kitabxanasına hədiyyə edilib
10 Noyabr 2012 13:24
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun nəfis tərtibatla türk dilində nəşr etdirdiyi görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin "Dirilən adam", "Açıq kitab" romanları, "Göylər adamı", "İdxal xəstəlik", "Möhür və eşq" hekayələr kitabları Bursa Uludağ Universitetinin kitabxanasına hədiyyə edilmişdir.
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyindən bildirmişlər ki, Uludağ Universitetində başa çatmış beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan stendi ilə tanışlıqdan sonra Mir Cəlal Paşayevin kitablarının 100 nüsxəsi universitet kitabxanasının müdirinə təqdim edilmişdir.
Universitet tələbələrinin böyük marağına səbəb olan 5 kitabda toplanmış roman və hekayələri türk dilinə Əli Əkbər Əliyev və Azad Ağayev tərcümə etmişlər.
Milli.Az