Bakı Metropoliteni və "Akkord-Bouygues" Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanıb
8 Noyabr 2012 19:25
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na müvafiq olaraq 07 noyabr 2012-ci ildə Bakı Metropoliteni və "Akkord-Bouygues" Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində "28 May" stansiyasının yenidən qurulması və yeni "yaşıl xəttinin" Xətai-Həzi Aslanov-2 hissəsinin (7 km tunel və 3 yeni stansiya) tikintisi üzrə Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumu Bakı Metropoliteni adından metropoliten rəisi cənab Tağı Əhmədov tərəfindən, "Akkord-Bouygues" Birgə Müəssisəsi adından "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, Baş direktoru cənab Xaqani Quluzadə və Fransanın "Bouygues Travaux Publics" Şirkəti adından İcraçı direktoru cənab Jan-Denis Arnal tərəfindən imzalanmışdır.
Qeyd edək ki, hələ 29 iyun 2011-ci ildə "Akkord" Korporasiyası ilə "Bouygues Travaux Publics" Şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda infrasktruktur layihələrində və həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikinitisində birgə iştirak məqsədlərini və iş birliyinin ilkin şərtlərini ehtiva edir.
"Bouygues Travaus Publics" Şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan "Bouygues Qrup"a daxildir. "Bouygues Qrup" 1952-ci ildə təsis edilmişdir və hal-hazırda fəaliyyəti diversifikasiya edilməklə dünyanın ən iri sənaye qruplarından birisi kimi fəaliyyət göstərir. Fransanın ən nəhəng şirkətlərindəndir.
"Bouygues Qrup" Şərqi və Qərbi Avropada, Yaxın Şərq və Afrikada, Asiya-Sakit okean hövzəsi regionunda uğurla fəaliyyət göstərməklə yanaşı, Şimali Amerika - ABŞ və Kanadada da yeni bazarlara çıxış əldə edib.
"Bouygeus Qrup"una daxildir (əsas şirkətlər):
• "Bouygues Construction" - tikinti və inşaat işləri, metro və energitika obyektlərinin tikintisi və s.);
• "Bouygues Immobilier" - yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi;
• "Colas" - yolların tikintisi;
• "Bouygues Telecom" - rabitə xidmətləri;
• "TF1" - televiziya kanalı.
"Bouygues Qrup"un 2011-cu ildə 32.7 milyard Avro məbləğində illik dövriyyəsi olmuşdur.
Metro tikintisi və infrakstruktur layihələr, əsasən, "Boygues Construction"un törəməsi olan "Bouygues Travaux Publics" tərəfindən həyata keçirilir.
Bəzi Layihələr haqqında:
• Qahirə metro xətti (Misir) - 13 km uzunluğunda tunel, 10 yeraltı metro stansiyası - ümumi dəyəri 807 mln. Avro;
• Lamanş boğazı altından çəkilmiş tunel;
• Sidney metro xətti (Avstraliya) - 9 km uzunluğu - ümumi dəyəri - 534 mln. Avro;
• Şanxay metro xətləri (Çin);
• Mayami (Kaliforniya) metro xətti (ABŞ);
• Amsterdam-Rotterdam-Antverpen (Hollandiya) yüksək sürətli dəmir yolu xətti - 8 km. tunel - ümumi dəyəri - 425 mln. Avro;
• Sheung Shui Tunnel Xətti (Honq Konq, Çin) - 5 km - ümumi dəyəri - 350 mln. Avro;
• Atom stansiyası - Flamanvill (Fransa) - ümumi dəyəri 533 mln. Avro;
• Qaz sıxma stansiyası - Damiette (Misir) - ümumi dəyəri 82 mln. Avro;
Dünyada həyata keçirdiyi layihələrdə 350 km artıq tunel xətləri çəkib.