Yalan haqqında bimədiyimiz həqiqətlər

5 Noyabr 2012 19:45
"Yalan ayaq tutar, lakin yeriməz" deyimi artıq bu gün əksinə, həyatımızı büsbütün bürüyərək sosial, siyasi, iqtisadi sahələrdən tutmuş şəxsi həyatımıza qədər yol alıb. Məşhur yazıçı Mark Tven yalanı bir cümlə ilə çox gözəl təsvir etmişdir: "Həqiqət ayaqqabılarını geyinməmiş yalan dünyanı artıq üç dəfə gəzir..."

Bəs nə üçün biz yalan danışırıq, bunu etməyə bizi nə vadar edir? Bu gün yalan danışmağın adi bir hal almasına səbəb nədir? Maraqlıdır, görəsən, gün ərzində orta hesabla nə qədər yalan danışırıq? Bir dəfəmi, yaxud beş dəfəmi..? Cavab, əlbəttə ki, "xeyr" olacaq. Statistik hesablamalara görə, bu, gün ərzində 50 dəfə baş verir. Təbii ki, biz bu yalanların bəzilərini fərqinə varmadan belə söyləyirik. Buna sadə bir misal gətirək. Səhər evdən çıxıb işə gedirik. Və bir tanışımız, yaxud həmkarımız bizdən soruşur: "Necəsən, hər şey yaxşıdırmı?" Biz də düşünmədən, qeyri-iradi olaraq " Çox sağ ol, hər şey yaxşıdır", - deyə cavab veririk. Hətta həmin an kefimiz yaxşı olmasa da... Bəs bizim səmimi, dürüst olmağımıza nə mane olur? Gəlin problemə müxtəlif prizmalardan (elmi və praktik) yanaşaq.

Əvvəla, hər şey uşaq yaşlarımızda söylədiyimiz yalanlardan başlayır. Hardasa 3-4 yaşında olan uşaqların öz daxili dünyaları olur və onlara elə gəlir ki, heç kim onların fikirlərini oxuya bilməz. Və həmin dövrlərdə o, ilk yalanı danışmağa cəhd edir. Adətən, bu yalanlar çox qəribə və gülməli səslənirlər. Lakin sonra - 5-6 yaşlarında söylənilən yalanlar artıq dərk olunmuş və ən əsası mühakimə olunmaq, cəzalandırılmaq qorxusundan doğan yalanlardır. Buradan uşaq belə nəticəyə gəlir ki, o, yaxşı uşaq deyil. Ona görə yox ki, yalan danışdığı üçün özünü təqsirkar hesab edir, əksinə, yalanının üstü açıldığına, onu gizlədə bilmədiyinə görə. Və ən vacibi də odur ki, uşaqlar hər zaman böyüklərin etdiklərini təkrarlamağa çalışırlar. Əgər uşaq hər gün evdə ata-anasının daim bir-birinə, yaxud ətrafdakılara yalan danışdığını görürsə, o, bu hərəkətin normal bir hal olduğunu düşünəcək və özü də başqalarına qarşı eyni hərəkəti təkrarlayacaqdır.

Elmi cəhətdən araşdırdıqda yalan - insana doğuluşdan xas olan psixoloji özünümüdafiə vasitəsidir. İnsan bir qayda olaraq, şüurlu şəkildə nəticəsi yalan üzərində qurulan qərarlar qəbul edir. Əxlaqi baxımdan yanaşdıqda isə yalan- mənfi, qeyri-etik bir hal kimi qiymətləndirilir. Lakin bunun ictimai qınaq kimi qarşılanmasına baxmayaraq, biz həyatımızda hər gün yalandan dəfələrlə istifadə edirik.

Ümumiyyətlə, insanlar yalandan müxtəlif məqsədlər üçün "bəhrələnirlər". Bəziləri öz şəxsi ambisiyalarını, maraqlarını güddüyü üçün, bəziləri tənqid obyekti olmaqdan qorxduğu üçün, bəziləri özünə qarşı lazımi diqqəti görmədikdə, bəziləri də qeyd-şərtsiz, özlərindən asılı olmayaraq yalanlar uydururlar. Əksər insanlar isə başqalarının gözündə daha yaxşı, daha hörmətli görünmək üçün yalan danışır. Bununla bağlı ekspertlər hesab edir ki, bu yolla, yəni yalan danışarkən, biz nəinki başqalarının nəzərində, eyni zamanda öz nəzərimizdə də yaxşı bir insan kimi görünməyə çalışırıq. ABŞ-ın Massaçusets ştatı Universitetinin psixoloqu Robert Feldman vəziyyəti belə izah edir: "Biz güman edirik ki, insanlar özünüqiymətləndirmə dərəcələrinin təhlükə altına düşdüyünü hiss edəndə ən eybəcər, çirkin yalanlardan istifadə etməyə başlayırlar".

Növbəti bir sual da bizləri düşündürə bilər. Görəsən, daha çox kişilər, yoxsa qadınlar yalana meyillidirlər?! Təbii ki, kişi yalanları ilə qadın yalanları müəyyən məqamlarda bir-birindən fərqlənir. Kişilər demək olar ki, heç də qadınlardan az yalan danışmırlar. Əksər kişilər bir qayda olaraq, özlərini daha yaxşı təqdim etmək, əlverişli məqamlardan müəyyən qədər yararlanmaq üçün, qadınların əksəriyyəti isə başqalarının özlərini yaxşı hiss etmələri üçün yalan danışırlar. Əlbəttə, insanların fərdi keyfiyyətlərindən, şəxsiyyət kimi formalaşmasından da çox şey asılıdır. Bütün bu deyilənlərlə bərabər, eyni zamanda elə yalanlar da vardır ki, onları heç də təhlükəli hesab etmək olmaz. Bir çox tədqiqatçılar hesab edir ki, bəzən yalan insanın özünü, şəxsi həyatını hər hansı bir təhlükədən qorumaq üçün ən yaxşı variantdır. Belə ki, nəzakət xətrinə deyilən, kiminsə həyatına problem yaratmamaq üçün deyilən və s. yalanları bunlara misal göstərmək olar. Lakin "ağ yalan" ən zərərli yalanlardan hesab olunur. Bu cür yalanlar insanların bir-birinə olan inamını azalda, eyni zamanda yaxın münasibətlərin üstündən ömürlük xətt çəkə bilər.

Əks cinslər arasında yalan necə baş verir?

İnsanların sevgi münasibətlərində bir-birlərinə nə üçün yalan söylədiyini anlamaq, yəqin, çox çətindir. Belə güman etmək olar ki, bunun başlıca səbəblərindən biri tərk edilmək qorxusudur. Yəni insanlar yalnış anlaşılmaqdan, qarşı tərəfin onu qəbul etməməsindən qorxduğu üçün, həmçinin əsl həqiqəti ört-basdır etməklə, yaxud yalnız şəxsi neqativ aspektləri gizlətməklə yalan danışırlar. Bu, ona görə baş verir ki, həmin insanların özünə qarşı kompleksləri mövcüddür və o, qarşı tərəfin bunu bilməsini istəmir. Ən qəribəsi də odur ki, insanlar həyatlarının hansısa məqamında yalanının üstünün açılacağını bildiyi halda yenə bunu edirlər. Buradan da belə nəticəyə gəlmək olar ki, yalan insanlarda haradasa müvəqqəti rahatlıq, "toxluq", özünümüdafiə hissi yaradır.

İnsanlar işdə nə üçün yalan danışırlar?

İnsanların işdə yalan danışmaqlarının bir neçə səbəbi var. İxtisarlar və tapşırıqların yerinə yetirilməsi zamanı şiddətlənən rəqabət və insanların daha yüksək postlar tutmağa can atması çox vaxt onları yalan danışmağa sövq edir. Yalan həm də bəzi insanlar tərəfindən həmkarına - rəqibinə zərbə vurmaq, onu ötüb keçmək məqsədilə, qara yaxmaqla da müşahidə olunur. İnsanlar, həmçinin öz mənfi imiclərini müsbətə doğru dəyişdirmək yönündə də yalana gedirlər.

Mütəxəssislər işdə yalanın baş vermə səbəbini insanın özünəhörmət və hissiyyatına olan təhlükə və hədələrdə görürlər. "İşdə öz həmkarlarımıza yalan danışan zaman özünəhörmət və hissiyyatımıza olan təhlükələr, hədələr bizim üzərimizdə hakim olur", - deyə Albert Univeristetinin əməkdaşı Cennifer Arqo söyləyir. Onun həmmüəllif olduğu son tədqiqatlar belə deməyə əsas verir ki, insanlar işdə - öz həmkarlarına qarşı yalan danışmağa daha meyillidirlər, nəinki digərlərinə qarşı. "Biz başqa insanların əhatə dairəsində olanda (xüsusən də bu və ya digər səbəbdən bizim biganə qalmadığımız insanların əhatəsində olanda) özümüz haqda həm də yaxşı təəssürat oyatmaq istəyirik, eyni zamanda özümüzə qiyməti və hörməti də saxlamağa çalışırıq", - deyə Arqo bildirir.

Sonda isə, gəlin yalan danışıb imicimizi, şəxsiyyətimizi təhlükə altına atmayaq. Əgər hansısa səbəbdən məcbur olub birinə yalan söyləyəriksə, bunu şəxsi bir qeyd kitabçamıza qeyd edək. Çünki haçansa həmin mövzü açılanda, eyni yalanı söyləyə bilək. Deməli, yalanlar müxtəlif çeşidli ola bildiyi halda, həqiqət yalnız bir ola bilər. Və ona görə də, biz öz üzərimizdə çalışmalıyıq ki, bu pis vərdişdən uzaq olaq... Feldman söyləyir ki, insanlar hər bir şəxsin yalana olan meyillilik dərəcəsindən daha artıq xəbərdar olmalıdırlar. Və yalnız düzgünlük, əsl səmimi münasibətlərin və etibarın yaranmasına vasitəçilik edir. Düzgünlük cəmiyyətimizdə normaya çevrilə bilsə, biz ən yaxşılardan olacağıq. Məşhur bir məsəldəki kimi, düzgünlük - ən yaxşı siyasətdir.

xeberle.com