Sezen Aksunun oğlu anası haqda ilginc faktları aşkarladı
1 Noyabr 2012 20:29
Çox adamda maraq doğuran, amma çox da tanınmayan bir insan. Və ya düzgün tanınmayan bir insan. Söhbət Sezen Aksunun oğlu Mithat Can Özərdən gedir. Bu günə qədər heç kimə müsahibə verməyən Özər özündən və anasından bəhs edilməsini sevmir. Çünki o, Sezen Aksunu sənətçi kimi yox, ana kimi qəbul edir. Mithat Can hazırda Londonda yaşayır. Publika.az Türkiyə mətbuatına istinadən Özərdən müsahibə yayımlayıb.
- Hazırda həyatınızın hansı dövründəsiniz?
- Hər şeyin dəyişdiyi dövrdəyəm. İnsanlığa keçid dövrü...
- Nəyin arxasınca qaçırsınız?
- Bilmirəm, yəqin, özümü tapmağa çalışıram.
- Neçə yaşınız var?
- 29 olacaq.
- 30 yaşa yaxınlaşmaq qorxulu gəlmir ki sizə?
- Yox, mən yaşlanmağa inanmıram. Özümü çox yaxşı hiss edirəm. Hələ görmək istədiyim çox iş var. Sanki küləyi arxasınca aparan yelkənə bənzəyirəm.
- Niyə Londonda yaşayırsınız?
- Türkiyədə məşhur adamın oğlu olmaq çox çətindir. Hamı tərəfindən tanınırsan, amma əslində sizin əsl kimliyinizi heç kim tanımır. Burada isə mənə daha rahatdır. Onsuz da mən Türkiyədə də yaşayanda sosial həyatım yox idi. Adətən şəhərdən uzaqda itlərimlə vaxtımı keçirirdim. Burada da "heç kim" olmağın ləzzətini hiss edirəm.
- Oradakı eviniz necədir? Evinizə gələnlər sizlə bağlı ilk nəyin fərqinə varırlar?
- Mənim evim daha çox sənətci evinə oxşayır. Yataq otağım yoxdur. Asma tavanım var. Hər şeyim ortalıqdadır. Evimə gələn qonaqlar həmin andaca mənim musiqi və idmanla maraqlandığımı başa düşürlər. Soyuducumu açanlar isə nə qədər sağlam qidalandığımı bilirlər.
- Qadınlar baxımından hazırda ən sürətli dövrünüzü yaşayırsınız? Sizcə, bir kişi ən çox 20-25 yaş arasında "dəli" olur?
- Bilmirəm. Bu kişidən-kişiyə dəyişə biləcək bir vəziyyətdir. Mənim 19 yaşımdan etibarən çox uzun müddətli şəxsi münasibətlərim olub.
- Nə qədər uzun müddətli?
- İlk sevgim illərcə davam etdi. Tam desək, 10 il. Hər kəs məni "şorgöz" kimi qələmə verir, amma mən zənn edildiyi kimi deyiləm.
- Özünüz olmağa neçə yaşınızda qərar verdiniz?
- Anamla münasibətlərimiz hər zaman çox yaxşı olub. Həmişə mənə özümü əks etdirməyə icazə verib. Anam 16 yaşımda yaxın dostumla tək yaşamağımıza icazə verdi. Əlbəttə, hər zaman anam bizi öz nəzarətində saxlayırdı.
- Sizi hamı çox sevir. Niyə?
- Həqiqətən? Mənsə hamının məndən acığı gəldiyi qənaətindəydim.
- Özünüzü bir neçə kəlmə ilə necə ifadə edərsiniz?
- Edə bilmərəm.
- Asosial?
- Yox, amma çox sosial insan da deyiləm.
- İstiqanlı, yoxsa soyuqqanlı?..
- İstiqanlı.
- Qorxaq, cəsur, təmkinli?
- Bu da çox çətindir. Qorxaq deyiləm, amma cəsarətim də yoxdur...
- Siz həmişə yaşınızdan böyük insan olmusunuz?
- Bəli, elə olmuşam. Dostlarım da məndən böyük olublar.
- Hazırda nə işlə məşğulsunuz?
- "11:11" adlı gecə klubum var və hazırda dostlarımla birlikdə onu işlədirik. İnsanlar Sezen Aksunun oğlunun pula ehtiyacı olmaz deyirlər, amma yanılırlar!
- Siz də bir çoxları kimi gecə yaşayanlardansınız?
- Həftə içində axşam saat 10-11-də adətən yatıram. Ancaq səhər saat 5-də mütləq oyanıram. Sübh vaxtının səssizliyində vaxt keçirmək mənim üçün əvəzolunmazdır. Daha sonra idman edirəm. Adətən mənim gündəlik ritmim belədir. Ancaq həftə sonunda sərbəst rejimə keçirəm.
- İdmanla aranız necədir?
- İdmanın həyatımda çox önəmli yeri var.
- Nə vaxtdan idmanla məşğul olursunuz?
- Uşaqlıqdan. Mənim enerjim həddindən çoxdur. Bir saatdan artıq heç bir yerdə dayana bilmirəm. Həftənin hər günü əgər idmanla məşğul olmasam, yaşaya bilmərəm.
- Sizdə, deyəsən, bu hal bir az bağlılıq yaradıb...
- İdman mənim həyatımın bir hissəsinə çevrilib.
- Gözəl bədən qadın üçün özünəinam vasitəsidir. Bəs kişilər üçün də bu belədirmi?
- Məncə, elədir.
- Belə çıxır ki, yayda gözəl bədəninizlə ətrafda qürurla gəzirsiniz?
- Ən azından bədənimdəki artıq çəkidən əziyyət çəkmirəm.
- Sizcə, çox idmanla məşğul olanlar daha yaxşı sevişir?
- (Gülür) Həddən artıq idmanla məşğul olan adamın buna heç halı da olmaya bilər. Gərək bu ehtimalı da nəzərə alasınız. Ancaq idmanla məşğul olan insanların digərlərindən fərqli olduğu da bir həqiqətdir.
- Bir gün yuxudan oyandığınızda 100 kq olduğunuzu görsəniz, neyləyərsiniz?
- Mənə görə dəhşət olar.
- Kök qadınla şəxsi münasibət qura bilərsiniz?
- Mən həyatımı keçirəcəyim qadının möhtəşəm bədəni olmağını yox, sağlam və təbii qadın olmağını arzulayıram.
- Sizcə, nə qədər sağlam qidalanırsınız?
- Həddindən artıq qidalanmağıma fikir verirəm. Məsələn, son 10 il ərzində sadəcə, 5 pizza yemişəm.
- Yəqin, zarafat edirsiniz?
- Yox. Heç ürəyim də istəmir.
- Bəs kabab, şirniyyat və çörək də yemirsiniz?
- Yox, qətiyyən yemirəm. Çörək kimi isə yalnız kəpəkli çörək yeyirəm.
- Yemək bişirə bilirsiniz?
- London həddindən artıq bahaçılıqdır. Ona görə öz yeməyinizi gərək, mütləq özünüz bişirəsiniz.
- Sevgililinizlə idman etmək, sizcə, romantikdir?
- Yox. Mən tək idman etməyi sevirəm.
- Nə vaxt Sezen Aksunun oğlu olduğunuzu hiss edirsiniz?
- Mən elə düşünmürəm. Heç bu vəziyyəti də başa düşə bilmirəm. Çünki mənə görə, Sezen Aksu ayrı bir insan deyil. O, mənim anamdır və özü də möhtəşəm anadır. Mənim anam çox gözəl mahnılar bəstələyir, gözəl səsi var və s. Necə atam gəmiçidir və mən bunu adi hal kimi qəbul edirəm. Eləcə də anamın Sezen Aksu olmağını çox normal qəbul edirəm.
- Bütün Türkiyə Sezen Aksuya aşiqdir...
- Hər zaman elə idi. Ancaq mən uşaqlığımdan bu yana heç vaxt hər hansı bir qapını açmaq üçün anamın adından istifadə etməmişəm. 15 yaşımda getdiyim gecə klubuna girməyə məni qoymadılar. Mən də "yaxşı" deyib evə qayıtdım.
- Sezen Aksunun oğlu olmaq çox çətindir?
- Əslində o qədər gözəl tərəfləri var ki, halımdan şikayət etsəm, nankorluq etmiş olaram. Ancaq gərək hər zaman təmkinli olasan. Məsələn, hər hansı bir qızla bir kafedə oturub çay içə bilməzsən.
- Ananızla olan sevginiz hansı səviyyədədir? Ana-oğul münasibətləri, məncə, çox fərqli olmalıdır...
- Bir-birimizə olan sevgimiz çox güclüdür. Mənə qarşı həddindən artıq həssasdır.
- Təyyarədən endikdə "Ana mən endim" deyə xəbər verməsəniz, Sezen Aksu küsər?
- Təyyarə ilə arası yaxşı deyil. Ona görə də "Mindim-endim" demirəm. Elə birbaşa "Mən gəldim" deyirəm.
Milli.Az