Gəncə cüdoçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak ediblər
30 Oktyabr 2012 17:31
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ənənəvi olaraq təşkil olunan birincilikdə Gürcüstanın 21 komandası ilə yanaşı, Ukrayna və Ermənistandan 2, Rusiya və Azərbaycandan 1 komanda qatılıb. Gəncə cüdoçuları turnirə 1 saylı UGİM-dən məşqçi Araz Muxtarovun rəhbərliyi altında yollanıblar. Gənc məşqçi tatamidə 15 idmançıya güləşmək imkanı yaradıb. Yarışlar 1996-98, 1999-2001 və 2001-2003-cü il təvəllüdlü cüdoçular arasında baş tutub. 1998-99-cu il təvəllüdlü idmançıların birinciliyində Ruhin Əkbərli 55 kq-da qarşısına çıxan bütün rəqiblərini yenərək qızıl medal qazanıb. 46-da Məhəmməd Tağıyev gümüş, 55 kq-da çıxış edən daha bir təmsilçimiz İlham Əliyev və 73 kq-da Elturan Əliyev bürünclə kifayətləniblər.
1999-2001-ci il təvəllüdlü cüdoçuların yarışında 46 kq da Sənan Müslümov gümüş, 55 kq-da Qəmbərov Elnur bürünc medal əldə edib. Nəhayət 2001-2003-cü illərin yarışında 34 kq-da Nihat İsmayılov 2-ci, bu çəkidə mübarizə aparan daha bir təmsilçimiz Abbasov Akif 3-cü yerə layiq görülüblər. Bu yaş qrupunda sonuncu medalçımız isə Elçin İbrahimovdur. 29 kq-da güləşən İbrahimovun da qazancı bürünc olub.
Yetirmələrinin çıxışından razı qalan Araz Muxtarov bundan sonra da iştirak edəcəkləri yarışlardan vətənə medallarla qayıdacaqlarına söz verib.
Qeyd edək ki, 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan Gəncə komandası ümumi hesablamada 3-cü yerə layiq görülüb. Araz Muxtarovun yetirmələrinin növbəti sınağı isə noyabrn 17-18-də Ankarada keçiriləcək beynəlxalq turnir olacaq.
Milli.Az