"Məni həbs edirlər. Xəbər verin..."
28 Oktyabr 2012 15:18
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Yunanıstan polisi bu ölkənin tanınmış jurnalisti Kostas Vaksevanisi həbs edib. Şənbə günü Vaksevanis Hot Doc jurnalında HSBC bankının İsveçrə şöbəsində milyonlarla ölçülən hesabları olan 2 min yunanın familiyasını dərc etmişdi.
"Onlar prokurorla birlikdə indicə evimə daxil olurlar. Məni həbs edirlər. Xəbər verin", - jurnalist Twitter-dəki akkauntunda yazıb.
Jurnalisti Afinanın şimal hissəsindəki evində həbs ediblər. Polis həbs faktını təsdiqləyib, amma jurnalistin nədə günahlandırılması barədə açıqlama verməyib.
Vaksevanisin buraxdığı jurnal 2007-ci ilədək HSBC bankının İsveçrə şöbəsində hesabları olan yunanların familiyasını dərc etmişdi. Siyahının dəqiqliyi rəsmi olaraq təsdiqlənməmişdi. Yunanıstanda bu sənədi "Laqard" siyahısı adlandırırlar.
BVF-in icraçı direktoru Kristin Laqard hələ Fransanın maliyyə naziri olarkən, 2010-cu ildə, siyahını yunan hökumətinə vermişdi.
Ötən həftə bu iş üzrə Yunanıstanın iki keçmiş maliyyə naziri dindirilib. Bu ölkədə hesab edirlər ki, həmin siyahıdakı adamlar vergilərdən yayınıblar. Orada Yunanıstan parlamentinin spikerinin, bir çox siyasətçilərin, biznesmenlərin, ölkənin maliyyə nazirliyinin əməkdaşlarının, aktyor, jurnalist, memar və həkimlərin də soyadı var.
Jurnalda hər kəsin hesabında nə qədər pul olduğu göstərilməsə də, bəzilərinin 500 milyon avroyadək əmanətə sahib olduğu bildirilib.
Yunan hökuməti Fransaya müraciət edərək, siyahını yenidən göndərməyini xahiş edib, çünki əvvəlki siyahını əslini tapa bilmir.
Milli.Az