Silvio Berluskoniyə 4 il həbs! - YENİLƏNİB - FOTO
26 Oktyabr 2012 22:06
22:06
Milli.Az RAİ-yə istinadən bildirir ki, İtaliyanın sabiq baş naziri və "Milan" klubunun prezidenti Silvio Berluskoni ilə bağlı məhkəmə qərarı ona məxsus "Mediaset" holdinqinin ABŞ filmlərinin İtaliyada nümayiş hüquqlarının satın alınması əməliyyatı ilə bağlıdır.
Milan Şəhər Məhkəməsinin hakimi Edoardo D'Avossa bildirib ki, hüquqların alışı zamanı iri miqyaslı maliyyə fırıldaqları və vergilərdən yayınmalar olub.
Berluskoni ilə bahəm, 9 nəfərə də ittiham oxunub. Cinayət işində Hollivud prodüseri Frank Agramanın da adı çəkilir.
Onlar 34 milyon dolları qanunsuz olaraq mənimsəməkdə ittiham ediliblər.
"Mediaset"in prezidenti Fedele Kanfolonyeri məhkəmənin qərarı ilə bəraət alıb.
76 yaşlı sabiq baş nazir və mediamaqnata bundan sonra 3 il ərzində dövlət vəzifələrində çalışmaq da yasaqlanıb.
Məhkəmə qərarına görə, Berluskoni və onun 9 əlaltısı vergilər xidmətinə 10 milyon avro cərimə ödəməlidir.
Hökm oxunanda Berluskoni məhkəmə zalında idi.
Hakim onu da bəyan edib ki, 2006-cı ildə qəbul edilmiş "Əvf haqqında" qanuna görə, Berluskoninin 4 illik həbs cəzası 2 ilədək azaldılıb. Sabiq baş naziir 1 il həbsxanada qalmalıdır.
"Hələlik heç bir açıqlama vermək istəmirəm. Hökmün bütün detallarını öyrənmək fikrindəyəm", - Berluskoninin vəkili Nikkolo Qedini deyib.
Hökm Milan məhkəməsində verildiyindən apellyasiya mümkündür.
"Forbes" bildirir ki, Silvio Berluskoninin 5,9 milyarl dollarlıq sərvəti var.
Son 20 ildə Berluskoniyə qarşı 20 cinayət işi qaldırılmış, məhkəm prosesləri aparılmışdı. Həmin işlərlə proseslər ya "dəlil çatışmazlığı"na görə bağlanmış, ya da vaxtı keçdiyinə görə arxivə verilmişdi.
Hökmdə vurğulanır ki, Berluskoni və onun əlaltıları "Mediaset" vasitəsilə 2002-ci ilin iyulundan 2005-ci ilin noyabr ayına qədər maliyyə fırıldaqları ilə məşğul olublar. Digər qanun pozuntuları isə 2009-cu ilin payızına qədər davam edib.
İtalyanların "İl Cavaliere" ("Cəngavər") adlandırdıqları Berluskoninin ilk nikahdan 2, indiki nikahdan 3 övladı var.
---------
21:20
Milli.Az RAİ-yə istinadən bildirir ki, məhkəmə onu xüsusilə böyük miqdarda gəlirləri vergilərdən yayındırmaqda suçlayıb.
6 il əvvəl Berluskoninin "Medaiset TV" holdinqinə qarşı açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi bu gün başa çatıb.
Berluskoninin vəkili bildirib ki, məhkəmənin qərarı ilə bağlı apellyasia şikayəti verəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








FotolarI AAP, PA, Getty İmages, AGF