Nazirlik: Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
22 İyun 2010 12:13
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyunun II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Həmin dövrdə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 61 m3/san azalaraq 432 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 499 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4,07-5,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Milli.Az